“Rusiyadan alınmış S-400 zenit-raket kompleksləri ilə bağlı ABŞ-ın Türkiyəyə qarşı sanksiya tətbiq edilməsi haqqında qərarı beynəlxalq hüquqa qarşı təkəbbürlü münasibətin təzahürüdür.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri, Azərbaycan Milli QHT Forumunun vitse-prezidenti Nüşabə Məmmədova deyib.Alyansının sədri vurğulayıb ki, bu, ədalətsiz, qərəzli qərardır, ikili standartların açıq nümunəsidir.
“Qısa zaman ərzində bu sanksiyaların aradan qaldırılacağını düşünürəm. Türkiyə, 30 üzvü olan Hərbi İttifaq NATO-da ikinci böyük orduya sahib dövlətdir. ABŞ-ın əsas müttəfiqlərindən biridir və strateji əhəmiyyətə malikdir.ABŞ yaxşı bilir ki, Türkiyəyə qarşı atılan addımlar nəticə etibarı ilə hər zaman Türkiyənin daha da güclənməsinə səbəb olub. ABŞ-ın yeni F-35 qırıcılarını Türkiyəyə satmaqdan imtina etməsi Türkiyə tərəfindən özünün yeni qırıcı təyyarılərini istehsal etməsinə təkan verdi. ABŞ-dan müasir dronlar ala bilməyən Türkiyə dünyanı heyrətə gətirən “Bayraktar” dronlarını hazırladı və istehsala başladı.Aydindir ki, müəyyən qüvvələr Türkiyənin dünyada gündən-günə artmaqda olan nüfuzu və rolundan ciddi narahatlıq keçirirlər.Azərbaycan Prezidenti İlham Əliyev S-400 hava hücumundan müdafiə sistemlərinin alınmasına görə ABŞ tərəfindən Türkiyəyə qarşı tətbiq olunan birtərəfli sanksiyaları qəbuledilməz hesab etmiş, bunu ədalətsizlik, ikili standartların təzahürü və qanunsuzluq kimi dəyərləndirmişdir. Azərbaycan Türkiyəni, Türkiyə isə Azərbaycanı dəstəkləyir və ölkələrimiz daim bir-birinin yanında olacaqlar”, deyə Nüşabə Məmmədova bildirib.
sia.az