"Rusiya sülhməramlılarının keçmiş münaqişə zonasında bəzi hallarda aşırı fəaliyyəti, bəzi hallarda isə fəaliyyətsizliyi getdikcə daha çox narahatlıqlar doğurmağa başlayır. Sülhməramlıların 10 noyabr razılaşmasında nəzərdə tutulmuş mandatından kənara çıxmaları barədə cəmiyyətimizdə rəylər güclənir. Hələ də torpaqlarımızda qalan və fürsət düşdükcə hətta əskərlərimizi terror edən silahlı bandaların mövcudluğuna sülhməramlıların dözümlü yanaşması heç cür başa düşülmür. Məntiqlə onlar Azərbaycan DTX və ordumuzun həmin ərazilərdə antiterror fəaliyyətinə dəstək verməli idilər. Lakin təəssüflər...". SİA xəbər verir ki, bunu "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev açıqlamasında deyib.Ekspertin sözlərinə görə, ciddi şübhələr var ki, missiyaya zidd olaraq ərazilərimizdə ermənilərin kütləvi məskunlaşdırılması prosesi gedir. Heç vaxt bu torpaqlarda yaşamamış əhali erməni (?) adı ilə məskunlaşdırılır. Putinin rəsmi sərəncamı ilə keçmiş münaqişə zonasında yaradılmış Rəsmi Qurumlararası Humanitar reaksiya Mərkəzinin heç də sonadək şəffaf olmayan fəaliyyəti suallar doğurmağa başlayıb".A.Quliyev vurğulayıb ki, ümumən 10 noyabr razılaşmasında nəzərdə tutulmadığı halda bu Humanitar Mərkəzin nə üçün yaradıldığı da maraqlıdır: "10 noyabr razılaşmasında qaçqın və köçkünlərin yerləşdirilməsi ilə BMT-nin müvafiq Komissarlığının məşğul olmalı olduğu aydın yazıldığı halda məskunlaşmanın sülhməramlıların səlahiyyətinə keçməsi missiyaya uyğun deyil. Razılaşmada aydın yazılıb ki, sülhməramlıların işi hərbi əməliyyatların dayandırılması və atəşkəsə əməl olunması üzərində nəzarət etməkdir. Reallıqda isə sülhməramlıların fəaliyyəti bu çərçivədən çıxır. Bir yandan da xəritələrin özbaşına dəyişdirilməsi var".
sia.az