PDF Oxu

Siyasət

  • 3 320

Koçaryanın Moskva səfəri Paşinyanın istefası deməkdir? - ANALİTİK

Koçaryanın Moskva səfəri Paşinyanın istefası deməkdir? - ANALİTİK

Realist prizmadan yanaşıb tək bir sözlə ifadə etsək Paşinyanın istefası qeyri-realdır. Paşinyan istefaya getməyəcək, ən azından belə tez müddətdə ya da yaxın perspektivdə və üstəlik də elə yenə realist nöqteyi nəzərdən yanaşsaq rəsmi Moskvanın özü belə onun istefasında maraqlı deyil. Nəyə görə? Buna aydınlıq gətirməyə çalışacam.Əvvəla, Paşinyanın özü belə xalqa video-müraciətində bunu açıqca bildirdi ki, istefaya getməyəcək. Eyni zamanda onu da dedi ki, müharibə ilə bağlı istintaq komissiyası yaratmağa, hətta xalq məhkəməsi qarşısına çıxmağa hazırdır, amma istefa yox. Əksinə o bildirdi ki, təmas nöqtələri tapmağa çalışaraq Türkiyə və Azərbaycanla münasibətləri yaxşılaşdırmaq lazımdır. Hər nə qədər Paşinyana müxalif düşərgədə dayanan şəxslər yaranmış vəziyyətdən istifadə edərək onun hakimiyyətdən getməsinə çalışsalar, Paşinyanın bu sözləri onların etirazlarının daha da gərginləşməsinə yol açsa da onun sözlərindən də başa düşüldüyü kimi o hələ ki, hökumət başçısı kimi qalmaqda iddialıdır, istefa yox, gələcəkdə nə edəcəyi, hansı addımları atacağı istiqamətində düşünür.İndi o məqama gəlirəm ki, nəyə görə rəsmi Moskva belə onun istefaya getməsində maraqlı deyil? Vurğuladığım kimi ən azından yaxın zamanda. Ona görə ki, rəsmi Moskva, Putin artıq hal-hazırki məqamı, mövcud situasiyanı post-münaqişə dövrü kimi xarakterizə edir və burada mütəmadi olaraq Türkiyə Prezidenti sayın Ərdoğanla danışır, indiki və bundan sonrakı vəziyyəti və periodu müzakirə edirsə və Paşinyan da əvvəlki dövrlərdən fərqlənməyərək xaricdən gələn, ya da belə deyək, aldığı direktivlərlə hərəkət edirsə, deməli, onun özü belə artıq dərk edir ki, Türkiyənin regiondakı və xüsusilə Dağlıq Qarabağ məsələsində gündən-günə möhkəmlənən mövqeyini nəzərə alaraq ən uyğun variant, Türkiyənın reallığını dərk etməkdir. Eyni zamanda da şübhəsiz ki, bölgədəki Rusiya reallığını daha aydın dərk etməkdir. Yəni bundan əvvəlki illərdə Paşinyanın "bu yolu necə azdığını" bilirik, bunun detalları artıq hamıya məlumdur. Təbii ki, Paşinyan üçün hər nə qədər ağrılı və acılı da olsa artıq Azərbaycanın qalibiyyətini də dərk edir.Putinin Ərdoğanla olan hal-hazırki müsbət münasibətlərini, təmaslarını da əsas götürərək Paşinyan istefaya deyil, bundan sonrakı təmas nöqtələri tapmaq cəhdlərinə fokuslanmaqdadır. Koçaryanın Moskvaya səfəri nə kimi dəyişikliklərə səbəb olacaq məsələsinə gəldikdə isə əvvəla o amil göz önündə tutulmalıdır ki, böyük siyasət aktorlar üzərindən dəyərləndirmədən daha çox, maraqlar prizmasından əsas götürülür. Bu xüsusilə Rusiya kimi bir dövlət üçün xarakterikdir.Bu gün bəzi dairələr Rusiyanın kimi dəstəklədiyi ya da dəstəkləyəcəyi sualını tez-tez gündəmə gətirirlər. Sözsüz ki, burada Koçaryan, Paşinyan, ya başqa birisi deyil, Rusiyanın öz maraqları daha prioritet məsələdir. Köçəryanın da bu səfəri Moskvanın mövqeyində elə əsaslı dəyişiklikliyə səbəb olmayacaq.Əvvəla, bunu qeyd edim ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri ləğv edildi. Paşinyan hər nə qədər ciddi cəhdlə səy göstərsə də Rusiya rəhbərliyində yüksək səviyyəli görüşə nail ola bilmədi. Bununla əlaqədar olaraq baş nazirin protokol xidmətinin rəhbəri Moskvadan geri çağırıldı. Düşünürəm ki, Rusiya Paşinyana qarşı bu cür münasibət göstərməklə ona vaxtilə azmış olduğu "düz yolu" göstərməyə çalışır. İkincisi isə az öncə maraqlar məsələsinə toxundum. Bu maraqların əsas götürülməli olduğunu nəzərə alsaq təbii ki, istər Paşinyanın ciddi cəhdlə Moskvaya səfərə can atması, istərsə də Koçaryanın, hər ikisinin də şəxslər qismində öz marağı var. Bu da Rusiya üçün aydındır. Rusiya tərəfdən əsas məsələ Koçaryanı rəsmi Moskaya sadiq bir siyasətçi kimi yaxın tutmaq, Rusiya reallığını vaxtilə dərk etməyən Paşinyana tərs şillə vurmaq, bəlkə də daha yumşaq anlamda ifadə etsəm, Ermənistanın daxilində olan vəziyyəti, qüvvələr nisbətini balanslaşdırmaq. Koçaryan üçün də əsas məqam Paşinyana qarşı olan bütün bu etiraz dalğası fonunda ona qarşı əks kampaniyanı genişləndirmək, özünə xal qazandırmaqdan ibarətdir.Koçaryan Paşinyanın qatı əleyhdarıdır, bilavasitə Paşinyan tərəfindən həbs edilmiş şəxsdir. Təbii ki,yaranmış vəziyyətdən və fürsətdən istifadə edərək bütün imkanları ilə Paşinyanı devirməyə çalışır. Amma Rusiya faktoru və onun ilkin maraqlarını yenə vurğulayıram. Bu baxımdan da qeyd etdiyim ki, nə Paşinyanın, nə Koçaryanın səfərləri, uğursuz cəhdləri rəsmi Moskvanın mövqeyində əsaslı dəyişikliyə səbəb olmayacaq. Bütün bu reallıqlar fonunda da, Rusiya Prezidenti Putinin Türkiyə Prezidenti ilə olan təmasları və onun illik mətubat konfrasındakı çıxışında bir daha Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir deyə bildirməsi bir daha göstərir ki, rəsmi Moskva Ermənistanın daxili problemlərindən daha çox, çoxdan post-münaqişə dövrü məsələlərini nizama salmağa fokuslanıb.

Şəbnəm Həsənova, politoloq

sia.az

Digər xəbərlər