"Azərbaycanın işğaldan azad edilmiş rayonları ilə bağlı marağını nümayiş etdirən xarici dövlətlərin niyyəti hələlik daha çox o istiqamətdədir ki, investisiya yatırsınlar, yəni pul qoyub pul götürsünlər. Burada söhbət bizə qardaş Türkiyədən getmir. İnvestisiyaların əleyhinə olmadığımızı dövlət başçısı özü də dilə gətirib və Azərbaycana dost və dost olmaq istəyən ölkələrə "qapı ilk növbədə sizlərin üzünə açıqdı" mesajını verib". SİA xəbər verir ki, bunu açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.Ekspertin sözlərinə görə, təəssüf ki, Ermanistan ordusunun viran qoyduğu ərazilərimizin bərpasında və öz yurduna dönmək ərafəsində olan köçkünlərimizə əməli bir dəstək verilməsində təmənnasız iştirak etmək istəyən bir ölkə görmədik: "İnvestisiya yatırmaq sadəcə bazar davranışıdı və onun humanizmlə, qlobal rifahlara təmənnasız dəstək fəaliyyətləri ilə əlaqəsi yoxdu. Bu jestləri ilk növbədə Avroittifaq ölkələri etməli idilər. Təəssüf...".A.Quliyev vurğulayıb ki, Avropa dövlətləri və ABŞ-ın 1-ci və 2-ci dünya müharibələrində imperialist və faşist Almaniyanın viran qoyduğu Avropanın bərpasında hansı təşəbbüsləri göstərdiklərini bilirik: "1-ci müharibədən sonrakı Daues planı, Yunq planı, 2-cidən sonrakı məşhur Marşal planından xəbərimiz var. Ancaq ölkəmizlə bağlı belə PLANLARA hələ rast gəlmirik. Azərbaycanın dağılmış torpaqlarının bərpasına xaricdən laqeydliyin səbəbləri çox ola bilər: Alman faşizmi ilə erməni faşizminin oxşar təbiətə malik olduğunu görməmək, ya görmək istəməmək, ikili standartlar, Azərbaycan hakimiyyətinə bədxah münasibət, bir də maraqların dəyərləri üstələməsi. Azərbaycanın öz ərazilərini təkbaşına bərpa etməyə gücü yetəcək. Ancaq əlimizə o dövlətlər üçün "pul qoyub pul götürməkdən" başqa hərəkət motivi olmadığına bir daha əmin olmaq şansı düşür".
sia.az