Aslan İsmayılov: “Getdikcə təhlükəli fəaliyyətlərini gücləndirirlər”
Demək olar ki, müharibə başlayan gündən qələbə ruhuna köklənmiş xalq-hakimiyyət birliyinə, pozuculuq toxumları səpməyə cəhd edən anti-milli ünsürlər, xüsusilə radikal müxalifət təmsilçiləri yenidən yağışdan sonra üfunətli bataqlıqlarda bitən səmərəsiz qamışlartək cücərməyə, baş qaldırmağa başlayıblar. Cücərmələri qalsın bir tərəfə, üstəlik əsgər və zabitlərimizin 44 gündə bütün dünyanı heyrətə gətirən şücaətləri, qəhrəmanlıqları, tökülən qanları heçə sayan həmin ünsürlər bütövlükdə əldə edilən qələbəmizə müxtəlif xarici dairələrin sifarişləri əsasında, xəyanətkarcasına kölgə altına salmağa cəhdlər göstərirlər.
Bu xainlər hələ 2016-cı ilin aprel zəfərindən dərhal sonra mitinqlər keçirib, Azərbaycan Ordusuna qarşı qarayaxmalar atırdılar
Müsavat partiyasının başqanı Arif Hacılı olmaqla, AXCP sədri Əli Kərimlinin, eləcə də “Milli Şura” təmsilçilərinin – Gültəkin Hacıbəylinin, Cəmil Həsənlinin, Tofiq Yaqublunun ağıllarına və ağızlarına gələnləri üyüdərək, ictimai rəyə sırımaq cəhdləri isə, ilk növbədə, xalq arasında onlara qarşı yaranmış hiddəti və nifrəti daha çox artırmağa səbəb olmaqdadır.Yeri gəlmişkən, bu həmin adamlardırlar ki, hələ 2016-cı ilin aprel zəfərindən dərhal sonra mitinqlər keçirib, Azərbaycan Ordusuna qarşı qarayaxmalar atırdılar, müasir texnologiyalara əsaslanan hərb sistemimizə, əsgər və zabit heyətimizin təchizatına qarşı yalanlar uydurur, bu vasitə ilə hətta düşmən mətbuatının manşetlərini bəzəyirdilər. Bu baxımdan, indinin özündə də eyni mövqe sərgiləyən bu satqınlar yığnağı açıq-aşkar isbat edirlər ki, onlar bilavasitə xarici anti-Azərbaycan dairələrinin əmrləri ilə oturub-dururlar, həmin dairələrinin ki, müharibə vaxtı Azərbaycan dövlətinin apardığı haqlı mübarizəsinə qarşı hücuma keçmişdilər.
“Bu qüvvələr 10 noyabr bəyanatından dərhal sonra Qələbəyə kölgə salmaq, vətəndaşlarda olan milli ruh yüksəkliyini öldürmək üçün əllərindən gələni etdilər”
Məsələ ilə bağlı hüquqşünas Aslan İsmayılovun mətbuata yönləndirdiyi fikirləri də diqqətimizi cəlb etdi. SİA-nın məlumatına görə, bu kimi digər məsələlərə münasibət bildirən hüquqşünas hesab edir ki, müharibə dövrü hər dəfə sülh sazişi elan olunan kimi aktivləşən, hakimiyyəti satqınlıqda ittiham edən, Ordumuzun uğurlarından sonra isə susan qüvvələr müharibə bitən kimi yenidən fəaliyyətə başladılar və getdikcə təhlükəli fəaliyyətlərini gücləndirirlər. Aslan İsmayılov daha bir maraqlı məqama toxunaraq bildirib ki, bu qüvvələrin İran və Rusiyadakı müəyyən dairələri tərəfindən idarə olunmasına heç bir şübhəsi yoxdur. O, həmçinin bildirib ki, bu oyunda da “Milli Şura”nın hakimiyyət hərisləri olan aktivistlərindən bəziləri bilərəkdən, bəziləri bilməyərəkdən ön cərgədədirlər. “Əmin olmaq üçün həmin şəxslərin müharibə dövrü və müharibədən sonra yazdıqlarını, çıxışlarını diqqətlə təhlil edin. Onların fəaliyyəti bir neçə istiqamətdə davam edir”, deyə Aslan İsmayılov bildirib. Onun sözlərinə görə, bu qüvvələr 10 noyabr bəyanatından dərhal sonra Qələbəyə kölgə salmaq, vətəndaşlarda olan milli ruh yüksəkliyini öldürmək üçün əllərindən gələni etdilər: “İlk günlərdən sazişi satqınlıq adlandırıb Ağdam, Kəlbəcər və Laçın rayonlarının heç vaxt qaytarılmayacağını elan etdilər. Bunun ardınca Kəlbəcərin boşaldılmasına əlavə 10 gün verilməsindən sonra ittihamlarını daha da gücləndirdilər. Sazişdə göstərilən bütün rayonlar azad edildikdən sonra artıq bəzi kəndlərlə olan problemləri az qala bütün müharibədə məğlubiyyət kimi qələmə verdilər. Yenə bu qüvvələr Rusiyanın regionda, xüsusilə Dağlıq Qarabağ probleminin həllindəki rolunu bilərəkdən rus sülhməramlılarının təmas xəttinə yerləşdirilməsini milli maraqların satqınlığı kimi qələmə verdilər. Bilərəkdən Rusiya - Azərbaycan qarşıdurması yaratmaq istədilər. Bundan sonra Türkiyənin bu prosesdə ən fəal iştirakını görməzliyə vurub Azərbaycan hakimiyyətinin sülh barədə qərarı Türkiyə ilə hesablaşmadan verdiyini tirajladılar. Türkiyə sülhməramlılarının Azərbaycana yerləşdirilməsi üçün Rusiya ilə Türkiyə arasında dəfələrlə Prezidentlər, Xarici İşlər, Müdafiə nazirləri səviyyəsində danışıqların, görüşlərin olmasına, bu barədə ictimaiyyətə daim məlumatlar verilməsinə baxmayaraq Azərbaycanın bu yöndə heç bir iş görmədiyini tirajlamaqla vətəndaşlarda hakimiyyətə qarşı inamsızlıq yaratmağa çalışdılar”.
“Azərbaycan Ordusunu rəzil durumda göstərmək, tək əsgər və zabitlərimizə hörmətsizlik deyil, bu, həm də düşmənçilikdir!”
Bütün bunlardan sonra yenə də dinc dayanmayan bu kimi ünsürlər əsgər və zabitlərimizin qəhrəmanlıqlarına qarşı, sözün əsl mənasında, təhqiredici yanaşmalarını davam etdirməklə bu dəfə müharibədəki uğurlarımızı ancaq pilotsuz uçan aparatlarla (PUA) əlaqələndirməyə cəhdlər göstərdilər: “Əminəm ki, məhz bu yanlışlığı aradan qaldırmaq üçün İlham Əliyev dəfələrlə xalqa müraciətlərində müharibədə qələbəni PUA-ların yox, döyüşən əsgər və zabitlərimizin qazandığını elan etdi. Ali Baş Komandan İlham Əliyevin müharibə dövrü davamlı olaraq müharibədə qələbəni əsgər və zabitlərimizin qazandığını deməsinə baxmayaraq bilərəkdən Ali Baş Komandanla əsgər və zabitlərimiz arasında qarşıdurma yaratmaq üçün guya hakimiyyət tərəfindən qələbənin haqsız olaraq ancaq İlham Əliyevin adına yazılmasını şüar edib, əksini tirajlamağa başladılar. Burada məqsəd müharibədə kimin az, kimin çox iştirakını göstərmək yox, məhz Qalib Ordunun Ali Baş Komandanı olmuş İlham Əliyevin məqsədyönlü gözdən salınmasıdır. Buna da səbəb müharibə dövrü İlham Əliyevin qonşu dövlətlərin göstərişləri ilə yox, məhz Azərbaycan Xalqının maraqlarına xidmət edən addımlarıdır”.“Azərbaycan Ordusunu rəzil durumda göstərmək, tək əsgər və zabitlərimizə hörmətsizlik deyil, bu, həm də düşmənçilikdir!”, deyə fikirlərinə davam edən hüquqşünas bildirib ki, hətta ermənilər sosal şəbəkələrdə məğlub orduqları barədə belə bir fikirlərə yer vermirlər.
sia.az