PDF Oxu

Siyasət

  • 4 360

Azərbaycanın qələbəsi bütün türkdilli dövlətlərin taleyini dəyişəcək - AÇIQLAMA

Azərbaycanın qələbəsi bütün türkdilli dövlətlərin taleyini dəyişəcək - AÇIQLAMA

"Azərbaycanın torpaqların azad edilməsi uğrunda apardığı mübarizədə əldə etdiyi qələbə MDB-nin Cənubi Qafqazdakı maraqlarının gözlənilməsi və mövqelərinin möhkəmlənməsi baxımından ciddi əhəmiyyət kəsb etməlidir. Bu proses MDB-nin Cənubi Qafqaz dövlətləri ilə siyasi, iqtisadi, ticarət münasibətlərinin genişlənməsinə müəyyən mənada şərait yaradacaq. Perspektivdə nəzərə alsaq ki, Naxçıvan tərəfdən məlum dəhlizin işə düşməsilə Türkiyə Azərbaycan vasitəsilə Mərkəzi Asiya dövlətlərinə birbaşa çıxış əldə edəcək, həmin addım bu ölkələrlə Ankaranın inteqrasiya prosesinin güclənməsinə və qardaş ölkənin həmin regionda mövqeyinin güclənməsinə təsir edəcək". SİA xəbər verir ki, bunu açıqlamasında politoloq Elşən Manafov deyib.Ekspertin sözlərinə görə, MDB dövlətlərinin Türkiyə dəhlizi vasitəsilə Avropa ölkələri ilə əlaqələrində ciddi dəyişiklik olacaq "Perspektivdə MDB-nin türkdilli dövlətlərinin Türkiyə vasitəsilə Avropa ilə qura biləcəyi yeni tip münasibətlər və inteqrasiya münasibətlərinin güclənməsi ehtimalı var. Hələlik MDB məkanında Rusiyanın türkdilli dövlətlərin iqtisadi-siyasi həyatına nüfuz etdiyinin şahidi oluruq. MDB dövlətləri, xüsusən də enerji resurslarına malik Qazaxıstan, Türkmənistan, Özbəkistan hələlik yalnız Rusiya vasitəsilə Avropa bazarına çıxırlar. Özlərinin enerji resurslarını “Qazprom” vasitəsilə reallaşdırmalı olurlar. Bu da aydın məsələdir. Rusiya MDB-nin həmin dövlətlərinin enerji resurslarını Avropaya nəql etməklə ilk növbədə tranzit ölkə olaraq münasibətlərdən xeyli vəsait əldə edir. Digər tərəfdən, həmin ölkələrin resurslarının Avropa məkanına ucuz çıxarılması məsələsində də öz marağını qoruyur. ABŞ-da Rusiyanı Avropanın enerji bazarından sıxışdırıb çıxarmağa, qitəni rus enerjisindən asılılıqdan azad etməyə çalışır. Bu mənada Azərbaycanın əldə etdiyi möhtəşəm qələbə MDB-nin türkdilli dövlətlərinin perspektivdə Rusiya asılılığından qurtulmasına və Türkiyə vasitəsilə onların Avropa ilə münasibətlərinin inteqrasiyasının güclənməsinə gətirib çıxara bilər. Belə olan halda türk faktoru slavyan faktorunu üstələyəcək".Politoloq bildirib ki, bu kimi tendensiyaların qarşısını almaq üçün Moskva MDB dövlətləri arasında özünün təsir imkanlarını saxlamaq barədə düşünəcək: "Ona görə də şübhəsiz ki, Kreml MDB-nin türkdilli dövlətlərilə münasibətə xüsusi önəm verəcək. Bütövlükdə son prosesdən sonra MDB-nin Cənubi Qafqazla bağlı siyasətində ciddi dönüş baş verəcək. MDB dövlətlərindən Belarusun Azərbaycanla qarşılıqlı maraqlar üzərindən ciddi əlaqələri var. Bakı bir neçə dəfə Minskə kredit verib. Azərbaycan isə Belarusdan kənd təsərrüfatı maşınları, maşınqayırma texnikası alır. Üstəlik, Ermənistanın işğalçılıq siyasətinə qarşı mübarizədə Azərbaycan Belarus silahından da yararlanıb. Ona görə də Rusiya indiki geosiyasi reallıqlar şəraitində Mərkəzi Asiyanın türkdilli ölkələrinə münasibətdə daha qayğı və həssaslıqla yanaşmalıdır".E.Manafov vurğulayıb ki, Azərbaycanın qələbəsi Türkiyənin sözügedən bölgədə mövqeyinin hərtərəfli möhkəmlənməsinə böyük imkanlar yaradıb: "Bu mənada MDB-nin türkdilli dövlətləri yeni reallıqdan istifadə edib, Rusiyanın təsir dairəsindən qurtula biləcəklərsə, həmin hal perspektivdə qurumun çökməsinə də gətirib çıxarar. MDB dövlətləri sırf sovetlər birliyindən çıxıb. Onlar arasında sıx iqtisadi əlaqələr olub. Sovetlər birliyinin çökməsindən sonra MDB dövlətlərinin iqtisadi təsərrüfat həyatında yaşanan durğunluq da məhz həmin iqtisadi əlaqələrin məhdudlaşmasının nəticəsidir. Onu da unutmayaq ki, Rusiya MDB ölkələri əhalisinin işlə təminatında mühüm rola malikdir. Bu mənada yaxın gələcəkdə də Rusiya digər MDB ölkələri əhalisi üçün iş əldə etmək baxımından geniş perspektivə malik ölkə olaraq qalacaq. Yəni ölkəmizin əldə etdiyi qələbə nəinki tək Azərbaycanın, perspektivdə Orta Asiyanın türkdilli dövlətlərinin də dəhliz vasitəsilə Türkiyəyə çıxmalarına və burada öz enerji resurslarını Avropaya nəql etməyə müsbət şərait yaradacaq".

sia.az

Digər xəbərlər