PDF Oxu

Siyasət

  • 4 499

İstiqamət düzgün, yol aydındır ÖZƏL-MÜNASİBƏT

İstiqamət düzgün, yol aydındır ÖZƏL-MÜNASİBƏT

“Tarix, zaman 2020-ci ildə Azərbaycan xalqını ciddi imtahana çəkdi, sınadı və reallıqlara alışdırdı.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.Komitə sədri vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevin polad iradəsi, uzaqgörənliyi sayəsində xalqımız vətən müharibəsi imtahanından qalib çıxdı, əla qiymət aldı.

“Azərbaycan ordusu 30 illik torpaq, yurd həsrətinə son qoydu. Erməni təcavüzkarları diz çökdürüldü, düşmən ordusu darmadağın edildi. Haqq-ədalət zəfər çaldı, torpaqlarımız işqaldan azad oldu.İkinci düşmənə-koronavirusa qarşı mübarizə də uğurla davam edir. Azərbaycan pandemiyaya qarşı dünyada ən ciddi qabaqlayıcı tədbirlər görən dövlətlərdən biridir və bu gündə xəstəliyin qarşısının alınması üçün ciddi tədbirlər görülür. Dünya, bəşəriyyət xəstəliyə qarşı mübarizədə də Prezidentimizin humanist mövqeyini, bəşəri ideyalara sadiq olduğunu bir daha gördü və dəstəklədi. Tibb işçilərimiz bu gün döyüşçülərimizin şücaətlərini xəstəxanalarda təkrarlayırlar. Cəbhədə və xəstəxanalarda fədakarlıq göstərən qardaşlarımız, bacılarımız ən böyük hörmətə layiqdirlər.Bu il itkilərimiz, xərclərimiz olsa da uğurlarımız daha böyükdür, unudulmazdır, tarixidir. Taleyimizə yazılan bu çətinliklər və qələbələr Prezidentimizin qeyd etdiyi kimi yeni reallıqlar yaradır və hər birimiz bu reallıqları qəbul edib onunla ayaqlaşmalıyıq”, deyə Komitə sədri fikirlərini bölüşüb.Millət vəkili qeyd edib ki, 2021-ci ilin dövlət büdcəsi çətin bir şəraitdə reallığa əsasən hazırlanmışdır və məqbul hesab edilməlidir.“Məlumdur ki, müharibənin və pandemiyanın doğurduğu problemləri aradan qaldırmaq üçün küllü miqdarda büdcə vəsaiti sərf olunmuşdur. İstehsal sahələrinin, emal müəssəsələrin, ticarət, ictimai-iaşə obyektlərinin aylarla normal işləməməsi, sahibkarların, aqrar sektorda çalışanların fəaliyyətində fasilələrə yol verilməsi, nəqliyyat sistemindəki boşdayanmalar mövcud vəziyyəti əks etdirir və iqtisadi göstəricilərdə, büdcə xərclərində özünü göstərir. İqtisadiyatımızın möhkəm və davamlı olması bir çox çətinliklərin aradan qaldırılmasına imkan yaratdı və bu qürurvericidir.2020–ci ilə ordumuz, xalqımız həm cəbhədə, həm istehsal sahələrində əsl fədakarlıq göstərmişdir. Kənd təsərrüfatı işçiləri top, raket atəşi altında əkib-becərdikləri məhsulu yığmağa nail olmuş, demək olar ki, əsas sahələrdə lazımi nəticələr əldə edilmişdir. Pambıqçılarımız 330 min tondan çox, hər hektardan 33.1 sentner məhsul toplamışlar. Bu indiki şəraitdə yüksək göstəricidir və əhalinin pul gəlirlərinin artması, həyat şəraitinin yaxşılaşması, həm də büdcəmiz üçün çox önəmlidir. Gələn ilin büdcəsində aqrar sahəyə əvvəlki ildəkindən 5.1 faiz artıq vəsait ayrilması indiki şəraitdə məqbuldur”, deyə millət vəkili bir sıra məqamlara toxunub.Milli Məclisin Aqrar Siyasət Komitəsi sədrinin sözlərinə görə, 2021–ci ilin büdcəsini zəfər büdcəsi adlandırmaq olar.“İndiki şəraitdə büdcədən vəsaitin daha çox əhalinin sağlamlığına, sosial müdafiəsinin gücləndirilməsinə, xüsusilə şəhid ailələrinin, müharibə veteranlarının, əlillərin, aztəminatlı insanların həyatının yaxşılaşdırılmasına, ölkənin müdafiəsinə və işqaldan azad olunmuş ərazilərin bərpasına yönəldilməsi vacibdir.
Azərbaycan Prezidenti Cənab İlham Əliyev çətin günlərdə belə ölkə vətəndaşlarına, xüsusilə aztəminatlı ailələrə, imkansızlara, əlillərə, şəhid ailələrinə, müharibə veteranlarına, qaçqın və köçkünlərə sosial qayğını bir an azaltmadı. Bu qəbildən olan çoxsaylı insanlara evlər, maşınlar verildi, küllü miqdarda pul vəsaiti ayrıldı. Əhalinin sağlamlığı və sosial müdafiəsi 2021-ci ilin büdcəsində də lazımınca dəyərləndirilmişdir və bu sosialyönümlü olması ilə fərqlənir ki, bu da müsbət haldır.Müdafiə xərclərinin 31.1 faiz artırılması isə çox önəmlidir və hər bir vətəndaşın istəyidir. Çünki təcavüzkar, faşist qonşuya heç vaxt etibar etmək olmaz. İşqaldan azad olunmuş ərazilərin bərpasına 2.2 milyard manat vəsaitin ayrılması elə bilirəm, ilkin rəqəmdir və gələcəkdə bu artırıla da bilər. Dövlət büdcəsi Azərbaycan iqtisadiyyatının davamlı və inkişafda olduğunun göstəricisidir”, deyə Tahir Rzayev bildirib.

sia.az

Digər xəbərlər