Vətən müharibəsi zəfərini həzm edə bilməyənlər indi də Araik Arutunyanı təbliğ edirlər
AXCP sədri Əli Kərimlinin nəzarətində olan “Milli Şura” xainlərinin Vətən müharibəsində əldə etdiyimiz zəfərlərimiz ətrafında erməni dəyirmanına su tökmək xidmətləri davam etməkdədir. Bir müddət əvvəl Tofiq Yaqublunun sərsəm və birbaşa düşmənin marağına xidmət edən xəyanətkar fikirləri ifşa olundu və onun bu cəmiyyətə, millətə, xalqa yararsız biri olması faktı sübuta yetirildi. Qalib xalqı, qalib əsgəri, qalib dövləti öz bazar və çayxana düşüncələri ilə ört-basdır etməklə birbaşa olmasa da, dolayı yollarla erməni aşnalarına çatdıran, bəlkə də buna görə sümük-yal payı alacaq Yaqubludan sonra artıq AXCP təmsilçiləri də həmin paya göz dikiblər.
Yalanları Azərbaycan dövlətinin adına yazıb, dövlətçiliyimiz əleyhinə işləmələrinə başqa cür ad da vermək olmur
Məsələ ondadır ki, özlərini “müxalifətçi” hesab edən, lakin bu ad altında illərdir ki, anti-Azərbaycan dairələrinə nökərçilik göstərən, erməni lobbistlərinin pişvazlarında dayanan Əli Kərimli, Emil Səlim, Nicat Abdullazadə, İlham Hüseyn, eləcə də Fuad Qəhrəmanlı kimi xainlər yığnağı bu dəfə mövcudluğunu itirmiş, separatçı “dqr” rejiminin baş qulduru Araik Arutunyanın təbliğatına girişiblər. Çünki separatçı, terrorçu quldurbaşının guya Xankəndidə tədbir keçirdiyini, üstəlik, müharibə zamanı hərbçilərimizə qarşı döyüşənləri mükafatlandırması adı altında şəkillərini paylaşıb, üstəlik, bunu Azərbaycan dövlətinin adına yazıb, dövlətçiliyimiz əleyhinə işləmələrinə başqa cür ad da vermək olmur. Söz yox ki, bu xainlər yığnağı həmin vasitələrlə ictimai rəyi çaşdırmağa hesablanmış planları icra edir, xalq arasında hakimiyyət əleyhinə fikir formalaşdırmağa cəhd göstəriblər. Düzdür, bu dəfə də aldıqları sifarişlərini icra edə bilmədilər və ifşa olundular. Amma söz yox ki, onların bu oyunbazlıqları dərhal ermənilərin sosial şəbəkə seqmentlərində tirajlandı. Necə ki, daha əvvəllər də Əli Kərimlinin dövlət, hakimiyyət əleyhinə nümayiş etdirdiyi oyunbazlıqları erməni KİV-lərinin manşetlərini “bəzəyirdi”...
Arutunyanın fotolarını paylaşan AXCP sədri və tör-töküntüsü həmin şəkilləri haradan tapıb və düzüb-qoşub?
Bəs onlar necə ifşa olundular? Bunu üzə çıxarmaq asandır. Belə ki, nə qədər maraqlı görünsə də, Əli Kərimlinin və ətrafındakı tör-töküntülərinin ifşasını elə qardaş saydığı erməni mediası ifşa edib. Məlum olub ki, quldurbaşı-terrorçu Arutunyanın artıq 2 aydan çoxdur ki, Qarabağda deyil. O, özünün “əmr” və “tapşırıqlarını” İrəvandakı daimi nümayəndəlikdən verməkdədir. Çünki onun barəsində axtarış elan edilib və ayağı Qarabağa dəyər-dəyməz ya həbs olunması ehtimalı artır, ya da Azərbaycan xalqına və dövlətinə qarşı törətdiyi qanlı əməllərinə görə fiziki məhvi gerçəkləşə bilər. Bu, birmənalıdır!Onda növbəti belə bir sual yaranır ki, Arutunyanın fotolarını paylaşan AXCP sədri və tör-töküntüsü həmin şəkilləri haradan tapıb və düzüb-qoşub? Bu da çox ilginc məsələdir. Demək, Arutunyanın keçirdiyi tədbir Armavirdə, Canfida kəndində keçirilib.Bundan sonra isə söz yenə də xalqındır. Əsgərimizə, dövlətimizə şər atan bu şəratanlar yığımı olan AXCP-yə yalanlarına görə xalq sözünü deməli, onlara yerini göstərməlidir. Və əlbəttə ki, bir də hüquq-mühafizə orqanları da belə məsələlərə biganə qalmamalıdır. Vətən, dövlət, xalq xainləri, düşmənə işləyən bu satqınlar yığnağı hüquqi çərçivədə də cavablarını almalıdırlar. Çünki ortada xalqımızın və dövlətimizin maraqları var və bu maraqlara qarşı çıxmaq Vətənə xəyanətdən başqa heç nə deyil!
sia.az