"Həqiqəti tam etiraf etmək niyə bu qədər çətin olub? Axı müxalifətçilik hətta düzü də inkar edən ifratçılıq demək deyil! Bu qələbənin əsas təşkilatçısının İlham Əliyev olduğunu etiraf etmək niyə bu qədər ağır gəlir özünü müxalifət adlandıran bəzi kəslərə? Başqa hansısa sahələrdə İlham Əliyevi təftiş edə bilərsiz. Ancaq bu halda mövqeyiniz o şərtlə səmimi görünəcək ki, İlham Əliyevin bu qələbədəki haqqına şəkk etməyəsiniz. Ədalət qədər insanı hörmətə qaldıran ikinci mənəvi fəaliyyət kateqoriyası ola bilməz". SİA xəbər verir ki, bunu açıqlamasında "Bakı Xəbər" qəzetinin Baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.Ekspertin sözlərinə görə, rus qoşunlarının Qarabağa gətirilməsinə gəlincə: "Rus qoşunları Qarabağdan nə vaxt getmişdilər ki, indi də qaytarılsınlar?! Rus qoşunlarının 1992-ci ildə guya Azərbaycandan çıxarıldığı barədə mirajla özünüzü aldatmayın. Heç bir ciddi əks-tədbirlər görmədən meydan eyforiyası ilə Rus qoşunlarını o formada ölkədən çıxarandan sonra onların missiyasını yeni görkəmdə icra edən qoşunlar Laçın dəhlizindən yenidən Qarabağa doluşdular, üstəlik 7 rayonumuzu da işğal etdilər. Bunu edənləri Ermənistan ordusu sayırsınızsa dərin səhvə yol verirsiniz".A.Quliyev vurğulayıb ki, 1992-ci ildə rus qoşunlarını Azərbaycandan çıxaranlar bu boşluğu nə ilə doldurmaq məsələsini avantüristcəsinə unutdular, nəzərə almadılar: "Mən demirəm ki, rus qoşunları Azərbaycandan çıxarılmamalı idilər. Çıxarılmalı idilər, ancaq avantürist siyasətlə yox, dərin düşünülmüş taktika ilə. Çıxarılandan sonra buna görə düçar ediləcəyimiz problemləri önləyən əks-tədbirlər görmədən və sadəlövhcəsinə bunu etdilər. Bu gün rus qoşunlarının Qarabağda olmasına görə İlham Əliyevi yox, 1993-cü ildə "işin sonrası" üçün gərəkli əks-tədbirlər görmədən rus qoşunlarını Azərbaycandan çıxardanları ittiham edin. Təkrar edirəm, rus qoşunları indiyə qədər onsuz da Qarabağda idilər, sadəcə 10 noyabrda onların hansısa dövr üçün orada olması rəsmiləşdirildi, ancaq biz əbədi olaraq hələlik 7 rayonumuzu və üstünə gəl Şuşanı özümüzə qaytardıq. Hələlik bunları, dalı da gələ bilər".
sia.az