"Ermənistanın müharibədə düçar olduğu acı məğlubiyyət, onlar üçün yaranan faciəvi nəticələr ən yüksək səviyyədə etiraf olunur. Cənab Prezident İlham Əliyev çıxışlarında bildirib ki, Ermənistanda rasional düşüncəli insanlar, siyasətçilər var və onlar Ermənistanın bugünkü vəziyyətinin olduqca acınacaqlı olması haqqında özləri artıq Ermənistan ictimaiyyətinə öz fikirlərini çatdırırlar. Görünür, hələ də belə insanlar mövcuddur. Artıq ağır vəziyyət o dərəcədə pik səviyyədədir ki, aydın mənzərəni görən və bunu adekvat dəyərləndirməyi bacaran Ermənistanın rəhbər vəzifəli şəxsləri mövcud durumu etiraf etməyə məcbur qalıblar. Belə ki, 44 günlük müharibə və ağır məğlubiyyət Ermənistanda köklü sosial, iqtisadi böhrana səbəb oldu, insanlarda gərgin mənəvi-psixoloji durum yarandı ki, bütün bunlar da nəticə etibarilə ölkədə daxili qarşıdurmanın pik həddə çatmasına səbəb oldu". Bunu SİA-ya açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.Ekspertin sözlərinə görə, yaranmış mövcud durum Ermənistan prezidenti Armen Sarkisyanı artıq Ermənistanın müxtəlif istiqamətlərdə tənəzzül etdiyini açıq şəkildə dilə gətirməyə vadar edib: "Sarkisyan nəhayət, etiraf edib ki, Ermənistan güclü ordusu olduğunu iddia etməsinə baxmayaraq reallıqda isə belə bir ordu mövcud deyil. 26 il ərzində Azərbaycanda ordu quruculuğu istiqamətində real addımlar ataraq, müasir texnologiyaları tətbiq edildiyi halda Ermənistanda isə vəziyyət deyildiyi kimi deyil. Deməli, Ermənistanda dövlətçiliyinin dağıdılması prosesi uzun illər ərzində gedib. Bu gün isə təkcə Ermənistan dövlətçiliyinin deyil, erməni insanının imicinə də böyük zərbə vurulub. Bütün bunları etiraf edən Sarkisyan yaranmış vəziyyətdən çıxış yolunu hökumətin istefasında görür. Bütün dünyada Azərbaycanın əleyhinə çalışan erməni diasporu və hakimiyyəti arasında bu gün möhkəm divarlar hörüldüyünü də Sarkisyan etiraf edib. O diaspora ki, erməni xalqının güzəranı və aqibəti barədə düşünmür, Ermənistan hakimiyyətinə qərb dairələrinin diqtəsi ilə siyasət yürütməsinə təsir göstərməyə fokuslanmışdı. Əldə olunan nəticə isə göz önündədir".Politoloq bildirib ki, Ermənistanın dərin böhran içində olmasının bir göstəricisi də insanların emosional-psixoloji baxımdan çökmüş vəziyyətidir: "Minlərlə gəncin ölümü həm cəmiyyət, həm onların ailələri üçün faciədir. Koronavirusun da gətirmiş olduğu çətinliklər, həm də müharibədə itkilər səhiyyə sahəsində olan boşluqları daha da üzə çıxardıb. Demoqrafiya məsələlərində də Ermənistan uduzdu. Azərbaycan təkcə döyüş meydanında və diplomatik masada qalib deyil, eyni zamanda informasiya və media müstəvisində qalibdir və hələ də aktiv mübarizə aparır. Ermənistanda isə qüvvələr bir-birini ittiham edir, hakimiyyət üstündə dava gedir".Ş.Həsənova vurğulayıb ki, Ermənistanın illərlə öz cəmiyyətini aldatması, real durumu onlardan gizlətməsi, dünyada məğlubedilməz orduları haqqında mif yaratmaları, bütövlükdə müharibədə uğradıqları məğlubiyyətin ağır yükünü təkcə Ermənistanın bugünkü nəsli deyil, gələcək nəsli də daşıyacaq: "Bu baxımdan da nə qədər ki, gec deyil, Ermənistan artıq aqressiv siyasət yürütməkdən əl çəkməli, region dövlətləri ilə ədavətə son qoymalı, Azərbaycan və Türkiyə ilə ortaq nöqtələr tapmalıdır. Ancaq belə olan halda Ermənistan düçar olduğu iqtisadi və siyasi çətinliklərin məngənəsindən yaxa qurtara bilər. Ermənistanın bu duruma düşməsinin əsas səbəbi isə onun rəhbərlərinin apardığı işğalçılıq siyasəti, Azərbaycanın məqsədyönlü siyasi kursu və möhtəşəm qələbəsidir".
sia.az