Siyasət

  • 3 597

Sevinc Hüseynova: 2021-ci ilin dövlət büdcəsi əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsini özündə əks etdirir

image

“Azərbaycan 2021-ci ilə tamamilə yeni reallıqlar və mühüm əhəmiyyət daşıyan nailiyyətlərlə daxil olur. Bu baxımdan, cari ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işlərinə xüsusi əhəmiyyət verilməsi təqdirəlayiqdir”. Bu fikirləri Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Sevinc Hüseynova bildirib ki, 2021-ci ilin büdcə zərfi müstəqil Azərbaycanımızın tarixində ilk Qələbə büdcəsi olaraq Avro-Asiya məkanında ən uzunmüddətli münaqişənin və Vətən müharibəsinin zəfərlə başa çatması ilə yaranmış reallıqlardan irəli gələn çağırışlara tam cavab verir. Millət vəkilinin sözlərinə görə, sənəddə xərclərin ən ümdə prioritet istiqaməti kimi işğaldan azad olunan ərazilərimizdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinin görülməsi müəyyən edilib. Bu səbəblə 2.2 milyard manatlıq məqsədli vəsait və ordumuzun maddi-texniki təminatını dəstəkləyən tədbirlərə əvvəlki illə müqayisədə 25 % artım müəyyənləşdirilib, eyni zamanda, sənəddə pandemiyanın ölkəmizdə də yaratdığı çağırışlarvə mübarizə tədbirlərinin davamlı olaraq dəstəklənməsi, peyvəndlərin alınması nəzərdə tutulur.
Deputat qeyd edib ki, büdcə yaranmış ənənəyə sadiq olaraq həm də sosial yönümlüdür. Belə ki, sosial müdafiə və sosial təminat xərcləri də 14.1% artıb. 2021-ci il üçün dövlət büdcəsinin sosialyönümlü xərcləri 11,1 milyard manat məbləğində proqnozlaşdırılır. Bu, 2020-ci illə müqayisədə 563,8 milyon manat çoxdur. Elm xərclərinə 183,3 milyon manat, təhsil xərclərinə 3 milyard 278 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Təhsilə ayrılan xərclər 2020-ci ilə nisbətən 242,9 milyon manat və ya 8 faiz çoxdur. Səhiyyə xərcləri üçün 1 milyard 409 milyon manat vəsait ayrılacaq.
“Əhalinin həssas qrupundan olan şəxslərin maddi təminatının yaxşılaşdırılmasına yönəlmiş tədbirlər, investisiya layihələri və yenilik olaraq təhsil, ekologiya, kənd təsərrüfatı sahəsində pilot layihələrin keçirilməsi nəzərdə tutulur. Bu ilin büdcəsində əhalinin sosial müdafiəsinin gücləndirilməsi, xüsusilə şəhid ailələri, müharibə əlillərinin sosial təminatının yaxşılaşdırılması məqsədilə kifayət qədər tədbirlər həyata keçiriləcək və bu məqsədlə büdcədən vəsait ayrılıb. Bununla da, bir daha Azərbaycan sosial dövlət olduğunu təsdiqləyir. Eyni zamanda, 2021-ci ildə əmək pensiyalarının maliyyələşdirilməsi üçün ayrılan vəsaitin artması nəzərdə tutulur. Cari ildə yaşa görə pensiyanın ümumi məbləği 370 manat, əlilliyə görə isə 337 manat olaraq planlaşdırılır. Ölkəmiz həm minimum, həm də orta aylıq pensiya üzrə MDB ölkələri arasında liderliyini qoruyur”,-deyə S.Hüseynova vurğulayıb.

yap.org.az

Digər xəbərlər