Siyasət

  • 5 472

Qazandığımız tarixi Qələbədə gənc nəslin sağlam tərbiyəsinin rolu böyük oldu

image

Gənclər cəmiyyətimizin aparıcı qüvvələridir. Bu gün bütün dünyanın gözü qarşısında cənab Ali Baş Komandan İlham Əliyevin lider olaraq xalqa güvənməsi və xalqın da dəstəyi bizlərə tarixi qələbəni yaşatdı. Təbii ki, haqlı mübarizəmizdə qalib olmağımız artıq bizlərin hər birinin, xüsusilə də gənclərin qarşısında dövlətin, dövlətçiliyin inkişafı üçün yeni məqsədlər və məsuliyyətlər qoyur. Qürurunu yaşadığımız tarixi qələbənin memarları qarşısında daşıdığımız bu məqsəd və məsuliyyətlər bizləri ruhlandırır.

Fikrimcə, təhsil ordusu olaraq da ən əsas məqsədimiz Azərbaycanın gələcəyi üçün nitqi, savadı, biliyi, təcrübəsi, sosial və ictimai fəallığı, milli mənəvi dəyərləri yüksək olan, ümumilikdə dəyişən dünyanın informasiya bolluğunda dövlətini, xalqını, özünü tanıyaraq təqdim etməyi bacaran şəxsiyyətlərin yetişdirilməsidir. Bunun üçün bizlərin əlində imkanlar yetəri qədərdir. “Gənclərimiz gələcəyimizdir!”. Bunu unutmadan yola çıxan hər bir təhsil işçisi, istər müəllim, istər psixoloq, istər digər təhsil sahəsində vəzifə tutan şəxslər gələcəyimizin layiqli, vətənpərvər, yaradıcı, dövlətə və dövlətçiliyə bağlı şəxsiyyətlərin əlində olmasına vəsilə olmuş olacaqlar.
Gənclərin qabiliyyətləri, istedadları, yaradıcılıqları çoxtərəflidir. Məsələn, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının rəhbərliyi tərəfindən gənclərin də ölkədə baş verən proseslərə - cənab Ali Baş Komandan İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasətə, 44 günlük haqlı Vətən mübarizəmizdə xalq-iqtidar biriyinin əhəmiyyətinə, dövlətimizin gənclər siyasətinə və bu kimi digər məsələlərə də obyektiv münasibət ifadə etmələri bilidirildikdə, tələbə və məzunlarımız sırasında bu münasibətin təzahür forması çoxşaxəli oldu. Belə ki, bir qisim gənc bunu çəkdikləri rəsmlərdə, bəziləri hazırladıqları video-çarxlarda, bəziləri yazdıqları şeirlərdə, hekayələrdə, bəziləri onlayn tədbirlərdə söylədikləri nitqlərində qürurlarını ifadə etdilər. Qısa bir zaman kəsiyində gənclər sırasında nə qədər istedadlı, yaradıcı tələbələrimizin olduğunun şahidi olduq.
Bu gün dövlətimiz yaradıcı və istedadlı gənclərin üzə çıxarılması, onların inkişafı üçün dəstəyini əsirgəmir. Hazırkı dövrdə tədrisdə və universitetin ictimai həyatında fərqlənən tələbələrə təhsil haqlarında güzəştlər tətbiq edilir. Azərbaycanda gənclərin inkişafı ilə bağlı bir çox Dövlət proqramları da həyata keçirilib və bu gün də həyata keçirilir. Bu proqramlar Azərbaycan gəncliyinin inkişafına böyük töhfələr verir. Eləcə də, gənclər daim irəli çəkilir, mühüm dövlət postlarına təyin olunurlar. Yəni dövlət idarəçiliyində, eləcə də seçkili orqanlarda gənclərin təmsilçiliyi artır. Həmçinin, müxtəlif sahələrdə uğurlar qazanan, Azərbaycanın adını yüksəldən gənclərimiz dövlət rəhbərliyi tərəfindən layiqincə dəyərləndirilirlər.
Hazırda çalışdığım ADPU-nun Quba filialında da rəhbərlik tərəfindən bu sahədə ciddi işlər həyata keçirilir: klublar (“Üzüzə” Psixologiya klubu, “ART” İncəsənət klubu, İOK-İntellektual Oyunlar Klubu) yaradılıb, akademik Azad Nəbiyev adına “Bilgə ocağı” fəaliyyətə başlayıb. Tədrisdə və ictimai fəaliyyətdə fərqlənən tələbələr üçün Adlı təqaüdlər təsis edilib, Fəxri Fərman və diplomlar verilir, olimpiada və yarışmalar keçirilir, tədris-təlim-tərbiyə prosesi sistemli idarə olunur, istedadlı gənclərlə işin daha effektiv qurulması üzərində iş aparılır.
Bizlər, bəs fərd olaraq nə edirik, əlimizdəki imkanlardan səmərəli istifadə etməyi bacarırıqmı? Ən azından ətrafımızdakı gənclərin, gəncliyin bitib tükənməyən enerjisini, yaradıcı ruhunu, məntiqi və tənqidi təfəkkürünü, özünəməxsusluğunu, gücünü doğru istiqamətə yönləndirməyə diqqət göstəririkmi? Nə etməliyik və nələr edə bilərik? Əslində bu suallar qarşısında düşünməyə və məqsədyönlü fəaliyyət göstərməyə borcluyuq. Bizlər unutmamalıyıq ki, hazırda Prezident İlham Əliyevin uğurlu siyasi kursu nəticəsində inkişafın Azərbaycan modeli formalaşıb ki, bu da dünya ölkələri üçün nümunədir. Biz təkcə inkişaf modeli deyil, həmçinin Zəfərlə sona yetən 44 günlük müharibə ilə də dünyada yeni, sürətli müharibə modeli formalaşdırmışıq.
Son illərdə nüfuzlu beynəlxalq təşkilatların hesabatlarına görə Azərbaycan iqtisadiyyatı üç dəfədən çox artıb. Bu gün Azərbaycan Cənubi Qafqazın lider dövlətidir, belə ki ölkəmiz regionda əsas söz sahibidir. Bundan əlavə, Azərbaycanın beynəlxalq müstəvidə də nüfuzu və rolu artmışdır. Bütün bu dəyərlərə sahib ölkənin vətəndaşı olaraq həm daha məsuliyyətli olmalı, həm də gələcəyimizin bu dəyərləri qoruması üçün sağlam təməllər qurmalıyıq, istedadlı, yaradıcı, savadlı, təfəkkürlü gənclərlə işi gücləndirməliyik. Bu günümüzü bizlər üçün tarixi qələbə ilə qürurlandıranlara, onların davamçılarına gələcəyimizi daha sağlam şəkildə hədiyyə etməliyik!
Biz istedadları üzə çıxarmalı, tarixi qələbəmizin səsini gələcəyə onların qələmi ilə ötürməliyik. Gənclərin sözünün, qələminin, təqdimatının gücü olduqca böyükdür.

Aysel Şeydayeva
YAP Quba rayon təşkliatı Qadınlar Şurasının sədri

yap.org.az

Digər xəbərlər