Siyasət

  • 3 817

30 yaşlı “Səs” qəzeti bu gün də tarixi missiyasını şərəflə yerinə yetirir

image

Çoxsaylı mətbu orqanlar arasında özünəməxsus yeri olan “Səs” qəzetinin nəşrə başlamasından 30 il ötür. 1991-ci il yanvarın 11-də ilk sayı işıq üzü görən "Səs" daim dövlətçilik mövqeyindən və milli maraqlardan çıxış etmiş, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin ideyalarının, məqsədyönlü və gələcəyə hesablanmış siyasətinin, onun yaradıcısı olduğu, bu gün artıq nəinki ölkənin, hətta regionun aparıcı siyasi təşkilatına çevrilən Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yolun fəal təbliğatçısı kimi çıxış edib və bu gün də etməkdədir.30 il zaman baxımından qısa bir dövr olsa da keçilən yolun zənginliyi fonunda artıq "Səs"in dünəni, bu günü və gələcəyi ilə tam qürur duymağa haqqı olduğunu böyük fəxr hissi ilə qeyd edə bilərik. "Səs" qəzeti çətin və şərəfli bir yol keçib. Ölkədə xaosun və anarxiyanın hökm sürdüyü çətin bir zamanda həyata vəsiqə alan bu qəzet bir mətbu orqan kimi zaman-zaman təzyiqlərə məruz qalsa da xalqın maraqlarına xidmət edən mövqeyindən, əqidəsindən geri çəkilmədi, əksinə, azad, müstəqil fikirli, vətənpərvər insanların tribunasına çevrilərək, ölkə reallıqlarını fəaliyyətə başladığı gündən indiyə qədər Ulu Öndərin "Qoy ədalət zəfər çalsın!" tezisini fəaliyyətinin əsas prinsipi kimi öndə saxlamaqla ölkə ictimaiyyətinə çatdırdı. Ona görə də tərəddüd etmədən qətiyyətlə demək olar ki, “Səs” qəzeti bütün mənalarda xalqın səsini, istəyini əks etdirən tribunadır.Bu gün qəzet Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin Azərbaycanı daha güclü, qüdrətli, zəngin dövlətə çevirmək istiqamətində həyata keçirdiyi siyasətə hərtərəfli dəstək verir, bu siyasətin uğurlarını təbliğ edir, ölkə ictimaiyyətinin informasiya tələbatının ödənilməsinə dəstək olur.Keçilən yolun danılmaz uğurları fonunda inamla demək olar ki, "Səs" 30 illik təcrübəsinə söykənərək fəaliyyətini müasir dövrün tələblərinə uyğun təkmilləşdirir. Artıq çoxşaxəli media qrupuna çevrilən qəzetin internet saytı, "Səs" İnformasiya Agentliyi, "Səs"TV internet televiziyası fəaliyyətlərini gündən-günə genişləndirməklə özlərinin oxucu və izləyici auditoriyalarını genişləndirmək imkanları qazanırlar. Heç şübhəsiz ki, "Səs" qəzeti hələ bundan sonra da uzun illər Azərbaycan xalqına, dövlətinə şərəflə xidmət edəcək.Şərəfli yol keçmiş "Səs"in baş redaktoru Bəhruz Quliyev başda olmaqla qəzetin bütün kollektivini bu tarixi gün münasibətilə "İki sahil" qəzetinin əməkdaşları adından ürəkdən təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayıram. Bu bir reallıqdır ki, hazırda çoxsaylı mətbu orqanlar sırasında özünəməxsusluğu qorumaq böyük uğur, eyni zamanda, başqalarına örnəkdir. Cəmiyyətin güzgüsü kimi dəyərləndirilən mətbuatın əsas prinsiplərinə - obyektivlik, qərəzsizlik, milli şüur və vətənpərvərlik kimi ali dəyərlərə verilən önəm sözsüz ki, mətbu orqanlar arasında bu özünəməxsusluğu əldə etməyə yol açan amillərdir. Şəxsən mən 11 yanvar tarixini təkcə “Səs” qəzeti deyil, bütövlükdə Azərbaycan mətbuatı üçün əlamətdar gün hesab edirəm.

Əziz "Səs"çilər, daim qələminiz iti, sözünüz kəsərli olsun!

Hörmətlə,
Vüqar Rəhimzadə,
"İki sahil" qəzetinin baş redaktoru, Əməkdar jurnalist

sia.az

Digər xəbərlər