Siyasət

  • 3 466

"Azərbaycanın mədəni irsinin inkişafı və təbliği prioritet məsələdir"

image

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yanvarın 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar qəbul etdiyi zaman söylədiyi nitqində Azərbaycan mədəniyyətinin və incəsənətinin bugünkü vəziyyəti və onun inkişafı ilə bağlı geniş və ətraflı söhbət açaraq bu istiqamətdə öz dəyərli tövsiyyələrini vermişdir.O, Azərbaycanın zəngin və təkrarolunmaz mədəniyyətini xalqımızın qürur mənbəyi kimi dəyərləndirmiş və 50 milyondan çox insanın ünsiyyət vasitəsi olduğu Azərbaycan dilinin bizi əsrlər boyu xalq kimi, millət kimi formalaşdıran əsas amillərdən biri olduğunu xatırladaraq ilk növbədə onun saflığının qorunub saxlanmasının vacibliyinə xüsusi diqqət yönəltmişdir.2021-ci ili “Nizami ili” elan etməsi, bu çərçivədə Nizami Gəncəvinin 880 illik yubileyinin təntənəli şəkildə Azərbaycanda və beynəlxalq miqyasda qeyd olunacağı ilə bağlı verdiyi açıqlama “Bizim zəngin ədəbiyyatımız dünyada tanınır və biz haqlı olaraq öz dahi şairlərimizlə fəxr edə bilərik” söyləyən ölkə başçısının Azərbaycan mədəniyyətinin inkişafı və təbliği ilə bağlı ortaya qoyduğu siyasi iradənin reallaşması deməkdir. Artıq uzun illərdir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi çox geniş və çoxşaxəli fəaliyyəti ilə dünyanın ədəbi ictimaiyyətinin diqqət mərkəzindədir. 2019-cu il isə digər dahi Azərbaycan şairi Nəsimi ili olmuşdur. Artıq ənənəyə çevrilmiş Qlobal Bakı Forumu dünya miqyasında öz layiqli yerini tutmuşdur.Azərbaycanın zəngin musiqi sənətinin nümunəsi və milli sərvətimiz olan muğam UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Ölkənin müxtəlif bölgələrində - Bakı şəhərində, Ağdam və Füzuli rayonlarında, digər rayonlarda muğam mərkəzi yaradılmışdır. Bu təşəbbüs artıq işğaldan azad edilmiş torpaqlarda da reallaşacaqdır. Xüsusən, Heydər Əliyev Fondunun xətti ilə muğam sənətinin dünyada təbliği istiqamətində çox böyük işlər görülüb. Ölkəmizdə müntəzəm olaraq muğam müsabiqələri, beynəlxalq muğam festivalları keçirilir.İstedadlı xalqımızın yaratdığı qədim və təkrarolunmaz folklorunun dəyərli tərkib hissəsi olan aşıq sənəti haqlı olaraq sırf Azərbaycan mədəniyyətinin nümunəsi kimi qəbul olunur. Dünyada xalçaçılıq sənəti ilə məşğul olan ölkələrin arasında Azərbaycanın xüsusi yeri vardır, xalça məktəblərinin müxtəlifliyi bizim mədəni zənginliyimizin göstəricisidir.Qız qalası, İçərişəhər, Şirvanşahlar sarayı, digər bölgələrimizdə yerləşən memarlıq abidələri dünya səviyyəsində məşhurdur və təsadüfi deyil ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına salınmışdır. Eyni zamanda son illər ərzində çoxlu sayda müasir memarlıq əsərləri yaradılmışdır. Bakı şəhərinin Avropanın və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsində xüsusi yeri olan, digər tərəfdən isə ölkəmizin sürətli inkişafını əks etdirən Heydər Əliyev Mərkəzi, Alov qüllələri, Heydər məscidi və digər layihələr bir çox reytinqlərdə, bir çox hesabatlarda ən yüksək səviyyəli müasir memarlıq nümunələri kimi qeyd olunur.Azərbaycanda multikultural cəmiyyətin nümunəsi bir çox ölkələr üçün örnəkdir. Kimə məxsus olmasından asılı olmayaraq ölkə ərazisindəki bütün dini abidələr - rus-pravoslav, katolik, gürcü, erməni kilsələri, sinaqoqlar, dövlət tərəfindən etibarlı şəkildə qorunur. Bu, Azərbaycan xalqının və dövlətinin dinlərə, xalqlara, millətlərə və mədəniyyətlərə münasibətdə tolerant baxışlarının göstəricisidir. UNESCO-da Azərbaycanın dünya mədəni irsinə verdiyi töhfələr haqqında kifayət qədər geniş məlumat var. İslam Əməkdaşlıq Təşkilatının rəhbərlərinin, Bakıda səfərdə olan Roma Papası Fransiskin, digər dini liderlərin bu məsələ ilə bağlı bəyanatları söylənilənlərin bariz sübutudur.Ölkəmizin ərazisində 743-cü ildə inşa edilmiş və dünyanın ən qədim məscidlərindən biri olan Şamaxı Cümə məscidi ilə yanaşı həm də xristian dininə mənsub olan abidələr, alban kilsələri, Kiş kilsəsi yerləşir. Artıq işğaldan azad olunmuş Xudavəng kilsəsi öz sahiblərinə, Azərbaycanda yaşayan udilərin ixtiyarına verilmişdir. Baxmayaraq ki, ermənilər həm adını, həm də orada aparılan saxtakarlıq işləri nəticəsində görünüşünü dəyişməklə bu dini abidəni erməniləşdirməyə çalışmışlar, lakin buna nail ola bilməmişlər. Bizim udi qardaşlarımız artıq Xudavəng kilsəsində öz ibadətlərini etmiş, digər dini ayinlərini keçirmişlər. Heydər Əliyev Fondu tərəfindən təmir olunmuş Qafqaz Albaniyasına aid olan Nic kilsəsinin müharibə zamanı açılması isə düşmənə bizə qarşı əsassız ittihamlar irəli sürən və işğal dövründə 60-dan çox məscidi dağıdaraq ümumilikdə islam dünyasına həqarət nümayiş etdirən düşmənə ən gözəl cavabdır.Tanınmış tarixçi alim, professor Fəridə Məmmədova “Qafqaz Albaniyası” adlı əsərində Alban dövlətinin e.ə. IV- b.e. VII əsrlərinə aid sərhədlərini müəyyən etmiş, Albaniyada xristianlığın yayılması və alban kilsəsinin yaranması tarixini tədqiq etmiş, elmi və tarixi dəlillərlə bu abidələrin ermənilərlə heç bir əlaqəsinin olmadığını, Qafqaz Albaniyasının Azərbaycanın tarixi-mədəni irsi və onun ayrılmaz tərkib hissəsi olduğunu sübuta yetirmişdir. Azərbaycan tarixinin qədim və erkən orta əsrlər dövrünə aid olan Qafqaz Albaniyasının maddi-mədəni irsi, tarixi, coğrafiyası, əhalisi ilə bağlı yerli və xarici ölkə alimlərinin araşdırmaları diqqət mərkəzində saxlanılır. Ona görə də bütün tarixi dönəmlərdə başqalarının əlifbasını, dini irsini, mədəniyyətini, mətbəxini, musiqisini oğurlayan, ona sığınacaq vermiş xalqların torpaqlarına göz dikərək onlara qarşı ərazi iddiaları ilə mövcudluqlarını gündəmdə saxlamağa çalışan və millətçilik mərəzinə tutulmuş saxtakar erməni alimlərinin və tarixçilərinin arzuları puç olmaqda davam edir.Yeri gəlmişkən onu da qeyd etmək vacibdir ki, Azərbaycan hökumətinin dəvəti əsasında yaxın günlərdə İCESCO-nun missiyası və müvafiq ekspert qrupu Qarabağ bölgəsində müsəlman abidələrinin ermənilər tərəfindən dağıdılması ilə bağlı missiya həyata keçirərək, bu vandalism aktları barədə dünya ictimaiyyətini məlumatlandıracaqlar.Cənab İlham Əliyev dağıdılmış ərazilərdə mədəni obyektlərin, mədəniyyət ocaqlarının, autentik simasının bərpasını başlıca vəzifələrdən biri kimi önə çəkmiş, Azərbaycanın mədəniyyət incisi və qürur yerimiz sayılan Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan etməklə onun əvvəlki şan-şöhrətinin özünə qaytarılması barədə niyyətini ifadə etmişdir. Şübhə yoxdur ki, bizimlə bərabər xarici qonaqlar da tezliklə Şuşada ənənəvi Vaqif poeziya günlərinin, “Xarı bülbül” festivalının keçirilməsinə şahidlik edəcəklər, dahi Üzeyir Hacıbəylinin musiqisini onun öz dogma vətənində - Qarabağ diyarında dinləyəcəklər. Yeni Şuşa yolunun tikintisi və Füzuli ərazisində beynəlxalq aeroportun inşası barədə ən yüksək səviyyədə qəbul olunmuş qərar məhz bu məqsədlərə xidmət edir.Beləliklə, ölkə başçısı cənab İlham Əliyevin bu çıxışının məzmununa və ruhuna istinadən əminliklə söyləmək olar ki, mədəni irsimizin qorunması, saxlanması, Azərbaycan mədəniyyətinin dünyada təbliği, gənc nəslin milli ruhda tərbiyəsi Qarabağ Zəfərinin məntiqi davamı kimi dövlətimizin əsas vəzifələri sırasına daxil olaraq prioritet fəaliyyət istiqamətlərindən biri olacaqdır.

Əli Hüseynli,
Milli Məclisin deputatı

sia.az

Digər xəbərlər