Əli Hüseynli: 11 yanvar bəyanatı Azərbaycan, Türkiyə və Rusiya liderlərinin baxışlarının davamıdır

Azərbaycanın Vətən müharibəsində böyük qələbəsinin və Ermənistanın kapitulyasıyasının rəsmi təsdiqi kimi Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri tərəfindən 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın imzalanmasından keçən dövr ərzində bölgədə baş verən hadisələr ölkəmiz üçün məqbul sayılan məcrada inkişaf etməkdədir. Bu mənada bu ölkələrin liderlərinin yanvarın 11-də Moskvada keçirilmiş görüşü və 4 saatlıq müzakirələrdən sonra hər 3 ölkənin hökumətləri səviyyəsində müştərək işçi qrupunun təşkil olunmasını nəzərdə tutan birgə bəyanat Qarabağ məsələsinin nizamlanmasında mühüm əhəmiyyətə malik əvvəlki bəyanatın dönməzliyinin təmin edilməsinə və onun çevik şəkildə reallaşdırılmasına yönəlmiş mühüm siyasi addımdır.

Baxmayaraq ki, həmin bəyanatların imzalanmasında Türkiyənin birbaşa iştirakı olmayıb, bu nəticəyə aparan yolu diqqətlə təhlil etdikdə onu Azərbaycan, Türkiyə və Rusiya liderlərinin baxışlarının davamı kimi qiymətləndirmək olar. Belə ki, cənab İlham Əliyev hələ ötən il dekabrın 18-də MDB Dövlət Başçıları Şurasının iclasında Prezident İlham Əliyev Qarabağın inkişaf perspektivlərindən söz açarkən söyləmişdi: “Bərpa işləri və bununla paralel olaraq infrastruktur layihələri üzrə proseslər praktiki olaraq artıq başlanıb. Dost ölkələri Azərbaycana cəlb edirik və cəlb edəcəyik. Birinci kontrakt Türkiyə şirkəti ilə bağlanıb, ikinci kontraktı İtaliyadan olan bir şirkətlə bağlamaq planlaşdırılır. Azərbaycanın dostluq münasibətləri saxladığı dövlətlərin, ölkələrin başçılarına müraciət etmək istərdim ki, onların şirkətləri də bu layihələrdə podratçılar kimi fəal iştirak etsinlər.” O, 11 yanvar bəyanatın siyasi əhəmiyyətinə də yüksək qiymət verərək onun bölgədə sülhün bərqərar olmasına böyük təsir göstərəcəyi barədə inamını ifadə etmişdir: “Bütün bunlar belə əminlik yaradır ki, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcəkdə regional sabitliyi və təhlükəsizliyi möhkəmləndirmək haqqında düşünməliyik”.
Vətən müharibəsindən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bölgənin inkişafında öz ölkəsinin rolunu dəyərləndirərkən belə demişdi: “Mən də buna böyük önəm verirəm, - lazım gələrsə altılı bir platforma da yarada bilərik. Bunu cənab Putin də qəbul etdi. O altılı platforma nədir: Rusiya, Türkiyə, Azərbaycan, İran, Gürcüstan və əgər qəbul edib əməl edərsə, Ermənistan da bu platformada yer ala bilər. Təbii ki, bu regional sülhün bu bölgədəki ölkələrə gətirdiyi vəzifələr var. Bu vəzifələrə infrastruktur, siyasi, diplomatik bir çox məsələlər daxildir”. Qarşılıqlı münasibətlərimizə yüksək dəyər verən qardaş ölkənin başçısı: “Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır”, - deyə söyləmişdir.
Dəfələrlə öz çıxışlarında “Dağlıq Qarabağ özü də beynəlxalq hüquq baxımından Azərbaycandır”, söyləyən Rusiya Prezidenti Vladimir Putin də Qarabağ məsələsində Türkiyənin iştirakına xüsusi önəm verərək bu ölkənin mövqeyinin Azərbaycanın haqq işini müdafiə etməsinə əsaslandığını deyib. Ötən ilin 17 noyabrında "Rusiya 24" telekanalına verdiyi müsahibədə isə regionun müharibədən sonrakı inkişafına onun baxışları belə ifadə olunmuşdur: “Bu üçtərəfli bəyanat bunun üçün bütün əsasları və bütün imkanları verir, çünki barışığa gəldikdən sonra növbəti mərhələdə iqtisadi, infrastruktur potensialının açılmasına, o cümlədən avtomobil, dəmir yolu və və s., bu, Naxçıvana da aiddir, yeni perspektivlər yaradır”.
Rusiyanın bir çox KİV-ləri Moskva görüşündəki danışıqlar masası arxasında Azərbaycan tərəfinin öz milli maraqlarını sonadək müdafiə etdiyi, 10 noyabr razılşamasının ruhuna zidd heç bir şərti qəbul etmədiyi barədə birmənalı şəkildə rəylərini bildirmişlər. Bu faktlar Azərbaycanın Rusiyanın təzyiqi ilə üzləşəcəyi və güzəştlərə gedəcəyi ilə bağlı radikal müxalifətin iddialarını alt-üst etmək üçün kifayətdir. Bu baxımdan görüşün yekunları bir qrup antimilli elementin Vətən müharibəsində qazanılmış qələbənin əhəmiyyətini və Türkiyənin rolunu kiçiltmək cəhdlərini puça çıxarır.
Hərbi əsirlərin dəyişdirilməsi ilə əlaqədar Prezident İlham Əliyev Azərbaycan tərəfinin bütün öhdəliklərə beynəlxalq hüquq müstəvisində və qarşılıqlı anlaşmalara uyğun olaraq ardıcıl riayət etdiyini bildirmişdir. Lakin müharibə bitdikdən sonra ötən il noyabrın 26-da Ermənistanın Şirak rayonu ərazisindən silahlı təxribatçıların Azərbaycanın işğaldan azad etdiyi Ağdərə rayonuna keçməsi Ermənistanın bu öhdəliklərə xilaf çıxdığını göstərir. Ona görə də həmin dəstəsinin üzvləri hərbi əsir sayıla bilməz və onlar terrorçu kimi Azərbaycan qanunları ilə mühakimə olunmalıdırlar.
11 yanvar bəyanatının mahiyyətini araşdırarkən nəzərə çarpan əsas məqamlardan biri ondan ibarətdir ki, aparılan danışıqlar nəticəsində Azərbaycan diplomatiyası növbəti dəfə uğur qazanmışdır. 10 noyabr bəyanatından irəli gələn digər məsələlərlə yanaşı Prezident İlham Əliyevin, xüsusilə Türkiyənin layihələrə yaxından cəlb olunması ilə regionun inkişafına böyük dinamizm gətirə bilən nəqliyyat kommunikasiyalarının, iqtisadi, ticari əlaqələrin bərpasının sürətləndirilməsi ilə bağlı irəli sürdüyü təklif bütün tərəflərin, həmçinin regionun digər ölkələrinin maraqlarına uyğundur. Bu, o deməkdir ki, Mehri dəhlizinin açılması ilə bağlı mövcud olan skeptik yanaşmaların heç bir əsası yoxdur.
Digər vacib məqam Ermənistanın Baş naziri Nikol Paşınyanın bəyanatındakı narazılıq notlarına baxmayaraq, Qarabağ münaqişəsinin artıq tarixdə qalması ilə bağlı Azərbaycan və Rusiya prezidentlərinin fikirlərinin üst-üstə düşməsidir. Prezident Vladimir Putinin isə “Dağlıq Qarabağın statusu” ifadəsini ümumiyyətlə dilə gətirməməsi bu danışıqlarda, şübhəsiz, Azərbaycanla bərabər həm də Türkiyə diplomatiyasının üstün durumunun göstəricisidir.
Bütün bu xüsusatların məcmusu onu deməyə əsas verir ki, 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatların ərsəyə gəlməsində Azərbaycan və Rusiya ilə yanaşı bu siyasi proseslərin əsas oyunçularından və ilhamverici qüvvələrindən biri kimi Cənubi Qafqaz bölgəsində mütərəqqi təsir dairəsini genişləndirən Türkiyənin də müstəsna rolu vardır. Bu baxımdan görünən odur ki, etibarlı münasibət və qarşılıqlı fayda əsasında bölgədə əmin-amanlığın və tərəqqinin təşəkkülü bu ölkələrin birgə səylərindən çox asılıdır.

Əli Hüseynli,
Milli Məclisin deputatı

yap.org.az