Siyasət

  • 4 973

Azərbaycanın növbəti diplomatik uğuru – antimilli şuranın iflası

image

"Yanvar ayının 11-də Rusiya, Azərbaycan prezidentlərinin və Ermənistanın baş nazirinin iştirakı ilə keçirilmiş Moskva görüşü Azərbaycanın tarixi qələbəsinin daha da möhkəmlənməsində növbəti diplomatik mərhələ oldu. Görüşün məqsədi 2020-ci il noyabrın 10-da Dağlıq Qarabağa dair imzalanmış üçtərəfli bəyanatın reallaşdırılmasının gedişini, mövcud problemlərin aradan qaldırılmasına və regionda dinc həyatın qaydaya salınmasına dair sonrakı addımları birlikdə müzakirə etmək idi. Görüşdə Azərbaycan Prezidenti qalib Ordunun və dövlətin Ali Baş Komandanı kimi iştirak etdi və bir daha ölkəmizin regional inkişaf, təhlükəsizlik baxımdan əhəmiyyətini nümayiş etdirmiş oldu". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov deyib.N.Əhmədov bildirib ki, görüşün yekunu olaraq bölgədəki vəziyyətin inkişafına dair birgə bəyanat imzalandı və tərəflər 10 noyabr bəyanatının regiondakı bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılmasını nəzərdə tutan 9-cu bəndinin həyata keçirilməsinə dair üçtərəfli işçi qrupun yaradılması barədə razılıq əldə etdilər: "Belə ki, Azərbaycan, Ermənistan və Rusiyanın baş nazir müavinlərinin rəhbərlik edəcəyi işçi qrup yanvarın 30-dək ilk iclasını keçirəcək, fəaliyyət istiqamətləri üzrə ekspert alt qrupları yaradacaqlar. Dövlət orqanlarının səlahiyyətli nümayəndələrindən təyin olunacaq ekspert alt qrupları bir ay ərzində layihələri, eləcə də onların icrası üçün lazımi resurs və tədbirlərin siyahılarını təqdim edəcəklər.Bu, faktiki olaraq “Mehri dəhlizi” - Naxçıvana, daha sonra Türkiyəyə dəmir yolunun açılması üzrə işlərin başlaması deməkdir. Açılacaq kommunikasiya xətləri “Şərq-Qərb” nəqliyyat dəhlizinin tərkib hissəsi olacaq. Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası ilə, həmçinin Tükiyə ilə əlaqələri güclənəcək, ölkəmizin geoiqtisadi əhəmiyyəti artacaq. Ortaq bəyanatın mətni – humanitar və kommunikasiya məsələləri ilə bağlı üçtərəfli işçi qrupunun yaradılması Azərbaycan tərəfinin qapalı görüşdə istədiyinə nail olduğunu təsdiqləyir: Bakının şərtləri qəbul edilməsəydi, üçtərəfli əməkdaşlıq formatı da olmayacaqdı.İmzalanan bəyanatdan da görünür ki, görüş Azərbaycanın maraqları çərçivəsindən kənara çıxmayıb və Azərbaycan hərb meydanında olduğu kimi diplomatik arenada da, müzakirələrdə də üstün mövqedədir, qalibiyyəti güzəştə getmək niyyəti yoxdur".YAP Xəzər rayon təşkilatının sədri xüsusi olaraq qeyd edib ki, Ermənistan müxalifəti və Rusiyadakı erməni lobbisi görüşün pozulmasına çalışır, Paşinyanı görüşə gəlməməyə çağırırdı: "Paşinyan hökuməti də erməni cəmiyyətinin itmiş nüfuzunu bərpa etmək üçün Moskva danışıqlarında maksimum nəticə əldə etmək, bu, mümkün olmadıqda danışıqları pozmaq istəyirdi. Lakin bu cəhdlər heç bir səmərə vermədi, Azərbaycan diplomatik danışıqlarda da bir daha üstünlük qazandı, danışıqların məcrasını öz istədiyi istiqamətə yönəltdi.Beləliklə də, Moskva görüşü Azərbaycanın növbəti diplomatik qələbəsi kimi yadda qaldısa, Ermənistan üçün yeni fiasko etapı oldu. Paşinyan Ermənistanın daxili auditoriyasına hesablanmış iki məsələnin qaldırılmasına nail olmağa çalışsa da, cəhdləri iflasa uğradı. Bunlardan birincisi, status məsələsi, ikincisi əsir götürülmüş erməni terrorçularının geri qaytarılması idi. O, hətta mətbuata açıqlamasında erməni diversantlarını-terrorçularını azad etmək mümkün olmadığından görüşün nəticələrindən məyus olduğunu gizlətməyib.Bugün Azərbaycan hərb meydanında qazandığı zəfəri diplomatik masada, danışıqlar prosesində davam etdirir. Moskva görüşünün nəticələri fonunda Azərbaycanın qələbəsinə kölgə salmağa, ləkə yaxmağa çalışan anti-Azərbaycan dairələrinin və ölkəmizdəki “beşinci kolon”un təmsilçiləri olan AXCP, antimilli şura və başqalarının da fiaskosu müşahidə edildi. Radikal müxalifət iddia edirdi ki, Azərbaycana yeni güzəştlər qəbul etdiriləcək, Rusiya hərbi mövcudluğunu gücləndirəcək. Lakin görüşün yekunları bir qrup antimilli elementin qazanılmış qələbənin əhəmiyyətini kiçiltmək cəhdlərinin puçluğunu bir daha ortaya qoydu.Bütövlükdə, Moskva görüşü Azərbaycanın növbəti diplomatik qələbəsi, Ermənistanın isə siyasi-hərbi cəhdlərinin fiaskosu ilə yadda qaldı".

sia.az

Digər xəbərlər