Siyasət

  • 6 247

Sevda Abdullayeva: Qarabağ Dirçəliş Fondunun yaradılması mühüm hadisədir

image

“Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsi nəticəsində bizi 30 ilə yaxın həsrətlə gözlədiyimiz Qarabağ torpaqlarına qovuşdurdu. Hazırda işğaldan azad edilmiş torpaqların yenidən qurulması qarşımızda duran ən mühüm məsələlərdən biridir. Sevindirici haldır ki, dövlətimiz tərəfindən Qarabağda yenidənqurma işlərinə başlanılıb. Suqovuşana yol çəkilib, Füzuli-Şuşa yolu müasir standartlara uyğun inşa edilir. Cənab Prezident Şuşaya səfər edərkən Füzulidə beynəlxalq hava limanının təməlini atdı. Amma bununla yanaşı, ölkə vətəndaşları, eləcə də xaricdə yaşayan soydaşlarımız, iş adamları Qarabağın quruculuğu prosesində iştirak etmək istədiklərini hər fürsətdə ifadə edirlər. Bu gün hər kəsin ən böyük arzusu Qarabağın dirçəlməsi prosesinə töhfə verməkdir. Bu baxımdan, Prezident İlham Əliyevin təşəbbüsü ilə Qarabağ Dirçəliş Fondunun yaradılması xalqımız və dövlətimiz üçün mühüm hadisədir”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı Qadınlar Şurasının sədri Sevda Abdullayeva deyib.Sevda Abdullayeva bildirib ki, təcavüzkar Ermənistan 30 ilə yaxın müddət ərzində işğal altında saxladığı torpaqlarımızda əsl vandalizm aktı törədib, bütün şəhər və kəndlərimizin tamamilə dağıdıb. Düşmən tarixi abidələrimizi, məscidlərimizi məhv edib, bölgənin ekologiyasına çox ciddi ziyan vurub. Bu səbəbdən bizi qarşıda çox vacib bərpa-yenidənqurma işləri gözləyir. Hazırda işğaldan azad edilmiş bir çox şəhərlərimiz yerlə-yeksan olunduğu üçün, sözün əsl mənasında, müasir dövrün tələblərinə uyğun yenidən qurulmalıdır. Bu istiqamətdə artıq şəhərlərin yeni baş planları hazırlanır.“Qarabağ Dirçəliş Fondu işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, habelə güclü iqtisadiyyat və yüksək rifaha malik bölgəyə çevrilməsi istiqamətində həyata keçirilən layihələrə maliyyə dəstəyi göstərəcək, eyni zamanda, dövlət-özəl sektor tərəfdaşlığının inkişafını təmin edəcək, yerli və xarici sərmayələrin cəlb olunması üçün zəruri təşviqat işləri aparılacaq. İnanıram ki, bu fondun fəaliyyəti, həmçinin həmrəyliyimizin rəmzinə çevriləcək. Necə ki, müharibə dövründə xalqımız bir yumruq kimi birləşərək böyük Zəfər qazandı, eləcə də Qarabağın dirçəlməsi istiqamətində işlərin sürətləndirilməsinə təkan verəcək”,-deyə S.Abdullayeva qeyd edib.

yap.org.az

Digər xəbərlər