Siyasət

  • 5 028

"Paşinyan insan hüquqlarını pozarkən niyə sərt reaksiya vermədilər?" MİLLƏT VƏKİLİ

image

““Amnesty International” təşkilatının növbəti yaydığı hesabatda Azərbaycanla Ermənistan arasında eyni paralelin aparılması tamamilə yanlışdır. Onu da qeyd edək ki, bu qurumun, eləcə də digər bir neçə beynəlxalq qurumun Azərbaycana qarşı qərəzli münasibət bəsləməsi, ikili standartlarla yanaşması yeni deyil. Biz bunu bir çox əvvəlki hesabatlarda da açıq müşahidə etmişik. Azərbaycan dəfələrlə bu hesabatlarla bağlı rəyini bildirib. Bu qurumları hesabatları obyektiv hazırlamağa çağırıb”. Bunu SİA-ya açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.Deputatın sözlərinə görə, son bir neçə ildə Ermənistanda insan hüquqları kobud şəkildə pozulub, sabiq prezidentlərə qarşı məhkəmə iddiaları qaldırılıb: “Robert Köçəryan bir müddət həbsdə saxlanıldı. Paşinyan hakimiyyətinin ilk illərində müxalifəti susdurmaq üçün təzyiqdən və həbsdən geniş istifadə edirdi. Bu yolla ona müxalif olanları susdurmağa çalışırdı. Bu qurumlar Paşinyan insan hüquqlarını pozarkən niyə buna sərt reaksiya vermədilər? Azərbaycanda davamlı olaraq qüsur axtaran, kiçik bir hadisəni böyük hüquq pozuntusu kimi təqdim edən sözügedən qurum bu gün Ermənistanla Azərbaycanı eyniləşdirir. İnsan hüquqlarını qorumaq öhdəliyi götürən təşkilat özü hər şeydən öncə obyektiv və qərəzsiz olmalıdır. Biz bunu görürükmü? Bu, ikili standartların və qərəzli yanaşmanın növbəti təzahürüdür. Beynəlxalq hüquq müdafisəsi təşkilatları Ermənistan bir milyondan artıq Azərbaycan vətəndaşının hüququnu pozanda, onları qətlə yetirəndə, doğma dədə-baba yurdundan didərgin salanda, infrastrukturu, məktəb, baxça, xəstəxana və məscidlərimizi dağıdanda niyə kəskin reaksiya vermədi? Belə çıxır ermənilərə bunu etmək olar? Təəssüf ki, həmin qurumların həqiqi mahiyyəti budur”.C.Məmmədov əlavə edib ki, son illər Azərbaycanda insan hüquqlarının qorunması istiqamətində ciddi işlər görülüb, böyük inkişafa nail olunub. Yeni qanunlar qəbul edilib, yeni qurumlar yaradılıb. Prezident Administrasiyasında müvafiq şöbə yaradılıb. Siyasi partiyalar arasında yüksək səviyyədə dialoq və əməkdaşlıq qurulub. Bu təşkilatlar bu irəliləyişləri və inkişafı niyə görməməzlikdən gəlir və Azərbaycanı Ermənistanla eyniləşdirirlər? Ermənistanda isə siyasi partiyalar arasında ciddi anlaşılmazlıq və qarşıdurma müşahidə olunur. Ancaq bir-birini satqınçılıqda ittiham etməklə məşğuldurlar. Hakimiyyətlə müxalifət arasında hansısa dialoqdan söhbət belə gedə bilməz. Belə olduğu təqdirdə Azərbaycanla Ermənistanı necə eyniləşdirmək olar? Bunun adı qərəzli münasibət və ikili standartlarla məsələlərə yanaşmadır”.

sia.az

Digər xəbərlər