20 Yanvar – xalqımızın şərəf və qəhrəmanlıq zirvəsi

1990-cı ilin 20 Yanvarı... O müdhiş gündən bizi düz 31 il ayırır. O vaxtdan bu günümüzə qədər hər il insanlar 20 Yanvarda Şəhidlər Xiyabanına axışır, şəhidlərimizin məzarlarını ziyarət edir, ruhlarına dualar oxuyurlar. 1990-cı il yanvarın 20-də Azərbaycanın ərazi bütövlüyünü pozmaq cəhdlərinə, keçmiş SSRİ rəhbərliyinin Azərbaycanla bağlı apardığı qərəzli siyasətə, yerli rəhbərliyin xalqımızın mənafeyinə zidd mövqedə durmasına qarşı etiraz əlaməti olaraq küçələrə çıxmış dinc əhaliyə divan tutmaq məqsədilə Bakıya və respublikanın digər rayonlarına sovet hərbi hissələri yeridildi. Dinc əhalinin kütləvi etiraz aksiyalarının ağır hərbi texnikanın köməyi ilə vəhşicəsinə dağıdılması təkcə süquta uğramaqda olan sovet siyasi sisteminin qorunması cəhdi kimi deyil, həm də azərbaycanlıların tarixi torpaqlarından sıxışdırılıb çıxarılması ilə bağlı Çar Rusiyasının əsrlərlə apardığı mənfur siyasətin yeni şəraitdə davamı idi.20 Yanvar faciəsi törədilən zaman Azərbaycan xalqı ağır iflic vəziyyətinə və informasiya blokadasına salınmışdı, radio, televiziya susdurulmuşdu, onun enerji bloku silahlı hərbçilər tərəfindən vəhşicəsinə partladılmış, mətbuat vasitələrinin nəşrinə qadağa qoyulmuşdu. Elə yanvarın 19-da axşam Azərbaycan Televiziyasının enerji bloku partladıldı. 20 Yanvar faciəsini araşdıran dövlət komissiyası tərəfindən sübut edilib ki, həmin partlayış DTK tərəfindən törədilərək həyata keçirilib. Hakimiyyətin mənbəyi sayılan və öz hüquqları uğrunda düşüncəsi, fikri, sözü, həmrəyliyi ilə mübarizəyə qalxmış bir xalq 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə öz zəhmli ordusunun tankları, işıq saçan zəhərli güllələri, xüsusi təyinatlı hərbi dəstələri, pozuculuq-təxribat işlərini təşkil edən çevik qrupları ilə üzləşdi. Görünməmiş qəddarlıqla keçirilən cəza tədbirləri nəticəsində heç bir günahı olmayan 131 dinc sakin öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar olub. Bu hadisə sovet rejiminin törətdiyi ən qanlı faciələrdən biri və dinc əhaliyə qarşı yönəlmiş vəhşi bir cinayət hadisəsi idi.

Faciə xalqı yumruq kimi birləşdirdi
1990-cı il 20 Yanvar hadisələri Azərbaycan xalqının milli bütövlüyünü təsdiqləyən ən böyük hadisələrdən biri kimi tarixin yaddaşına əbədi həkk edildi. Bu faciə xalqı yumruq kimi birləşdirdi və bütün dünya azərbaycanlılarının gücünü ifadə etdi. 20 Yanvar faciəsi bütün dünyanı lərzəyə gətirsə də, yerli hakimiyyət orqanları baş verənlərin üzərindən sükutla keçməyə üstünlük verir, xalqın milli faciəsinə laqeyd münasibətlərini ortaya qoyaraq Kremlin qəzəbinə tuş gəlmək istəmirdi.Xalqın bu ağır günlərində, yanvarın 21-də Böyük Lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, təşkil olunmuş yığıncaqda çıxış edərək, xalqla birgə olduğunu bildirdi, 20 Yanvar faciəsinə siyasi qiymət verdi, onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və o zamankı respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv olduğunu göstərdi. O, baş vermiş faciə ilə əlaqədar xalqımıza başsağlığı verdi və mətbuat konfransı keçirib, başda Qorbaçov olmaqla Bakıdakı terror aktına rəvac verən hakimiyyət nümayəndələrini və hərbçiləri cinayətkar, onların dinc əhaliyə tutduqları divanı isə bütöv bir xalqa qarşı edilən tarixi cinayət adlandırdı və bu vəhşiliyə etiraz əlaməti olaraq Kommunist Partiyası sıralarından çıxdığını bəyan etdi. Bu tarixi çıxışın mətni dünyaya, respublikaya geniş yayıldı. Xalqın qəlbində ümid çırağı yandı.
20 Yanvar hadisələrinə ilk dəfə siyasi-hüquqi qiyməti Ulu Öndər Heydər Əliyev verdi
1990-cı ilin iyulunda Moskvadan vətənə qayıdan Heydər Əliyevin təşəbbüsü ilə həmin il noyabr ayının 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən sənəd qəbul edildi. Naxçıvan Ali Məclisində qəbul edilmiş və 20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiymət verən, eyni zamanda Azərbaycan xalqının ümumi rəyini özündə təcəssüm etdirən bu qərar Heydər Əliyev qətiyyətinin təzahürü kimi tarixə düşdü. Sənəddə respublika səviyyəsində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi respublika rəhbərliyindən tələb edilirdi.Prezident İlham Əliyev 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm sənədlər imzalayıb. Dövlət başçısının 19 yanvar 2006-cı il tarixli "20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" Fərmanı da bu məqsədə xidmət edir.Və bu gün Prezident, Ali Baş Komandanımız İlham Əliyev cənabları həmişə xalqına, torpağına sadiq olub. Məhz bu gün 30 il həsrətində olduğumuz, bir milyondan çox soydaşlarımızın yumruq siyasəti ilə – Qarabağ Azərəbaycandır! niskilinə nidasını qoydu.Aqillərin dediyi belə bir fikir var: «Üzük qaşı ilə tanınar». Bəli, böyük hikmət, məna var bu sözdə. Həqiqətən də, xalq, millət, dövlət özünün layiq olduğu rəhbəri ilə, lideri ilə tanınır. Belə bir xoşbəxtliyi Ulu Tanrı Azərbaycan xalqına da bəxş edib. Dünya miqyasında öz xüsusi çəkisi, yeri olan Azərbaycan Prezidenti İlham Əliyev xalqını dünyaya tanıdan, özü də yeni bir tarix yazan liderlərdən, sərkərdələrdəndir!Torpaq – əgər uğrunda ölən varsa, Vətəndir-deyilir. Vətən doğulub böyüdüyümüz, üzərində yaşadığımız, lazım gələndə uğrunda canımızı verəcəyimiz torpaq bütünüdür. Bir torpaq parçası üçün can fəda edilirsə, o torpaq Vətəndir. Unutmamalıyıq ki, biz Vətən uğrunda qanlarıyla dastanlar yazanların, şəhidlər verən bir millətin övladlarıyıq. Və 44 günlük Vətən Müharibəsində şəhid olan hərbçilərimizin şücaəti hesabına qazanmışıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Allah onların yaxınlarına səbir versin! Bütün şəhid ailələri dövlət tərəfindən qayğı ilə əhatə olunub.Şəhid ailələrinə, əlil olmuş hərbçilərə dövlət qayğısından danışan dövlətimizin başçısı demişdir: «Artıq bu ildən başlayaraq göstəriş verildi. Şəhid ailələri üçün müavinət 300 manatdan 500 manata qaldırıldı və daim o ailələr diqqət mərkəzində olacaqlar. Birinci Qarabağ müharibəsində həlak olmuş 9 min şəhidin ailəsinə dövlət artıq mənzillər, evlər vermişdir. Yaralı hərbçilərimiz dövlət tərəfindən qayğı ilə əhatə olunub. Əlil olmuş hərbçilərin reabilitasiyası, onların müasir protezlərlə təmin edilməsi məsələsi öz həllini tapacaq. Müharibədə qəhrəmanlıq göstərmiş minlərlə hərbçi mənim tərəfimdən yüksək orden və medallarla təltif edilib. "Vətən Müharibəsi Ordeni" Azərbaycanın ən ali hərbi ordenidir. "Zəfər" ordeni, "Qarabağ" ordeni. Bütün bu ordenlərin adlarını mən özüm təklif etmişəm. Qəsəbələrimizin, şəhərlərimizin azad edilməsi işində fərqlənmiş hərbçilərə o rayonların adlarını daşıyan medallar verilib".Bəli, bütün bunlar bir daha Prezident İlham Əliyev cənablarının hər bir vətəndaşın Prezidenti olduğunu, xalqına daima böyük qayğı ilə yanaşdığının reallığıdır.Və bu gün haqq yolunda vətən övladları canı, qanı bahasına irəliləyib, hər zaman şəhid olmağa hazır olub və canlarından keçən şəhidlərin hamısı bizim üçün əzizdir. Necə ki, 20 yanvar şəhidlərinin şücaəti, əzmi, vətənpərvərliyi sayəsində Azərbaycan imperiyanın əsarətinə son qoyaraq öz müstəqilliyini qazandı, eləcə də 30 illik işğal altında qalan torpaqlarımızı da şəhidlər verərək geri qaytardıq və ərazi bütövlüyümüzü təmin etdik.20 yanvar şəhidləri, eləcə də bütün şəhidlərimiz hər zaman Azərbaycanın qürur yeri olacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini daima yad edilir, edilməkdədir.Prezident İlham Əliyevin Şəhidlər xiyabanını ziyarət edərkən vurğuladığı kimi: «Azərbaycan xalqı bu günü heç vaxt yaddan çıxarmayacaq. Azadlıq, müstəqillik uğrunda, vətən uğrunda özlərini qurban verən şəhidlərimizin hamısının xatirəsini həmişə qəlbimizdə yaşatmalıyıq. Hesab edirəm ki, bugünkü müstəqil, qüdrətli Azərbaycan xalqımızın ən böyük sərvətidir. Şəhidlərimizin, canlarını qurban vermiş insanların bu işdə böyük xidməti olubdur. Bu da heç vaxt yaddan çıxarılmamalıdır».Bəli, torpaqlarımızın bütövlüyü və müstəqilliyimiz uğrunda mübarizədə qurban getmiş şəhidlər unudulmaz. Onlar xalqın azadlığı yolunda canlarından da keçməyə hazır olduqlarını göstərdilər və bu yolla getdilər. Ölümə gedən yollar onları ölməzliyə – Əbədiyyətə, xalqımızı isə Azadlığa qovuşdurdu. Bu, bir tarixdir. Qanlı, amma Şərəfli bir tarix. Nəsillər dəyişəcək, lakin Vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaqdır.

sia.az