Siyasət

  • 4 408

Xalqımızın azadlıq mübarizəsinin şanlı səhifəsi - 20 Yanvar

image

20 Yanvar faciəsi Azərbaycan xalqının tarixində və bütovlükdə XX əsrdə baş vermiş faciələr içərisində xüsusi amansızlığı ilə seçilən faciələrdən biridir. Azərbaycan xalqı bu faciəni unutmur. Faciədən 31 il keçməsinə baxmayaraq, hər il xalqımız bu günü anır, şəhidlərin xatirəsini əziz tutur.20 Yanvar 1990-cı ildə Bakıda gecəyarı fövqəladə vəziyyət tətbiq edilmiş, əhali xəbərdar edilməmişdir. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də Neftçala, yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir.Ümumilikdə, 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir.Biz 20 Yanvar hadisəsini yalnız faciə kimi xatırlamamalıyıq. Çünki bu hadisə xalqımızın azadlıq mübarizəsinin şanlı və parlaq səhifələrindən biridir. Sovet imperiyasının rəhbərliyi dinc insanları qətlə yetirsə də, bu, imperiyanın süqutunu bir az da tezləşdirmiş oldu.20 yanvar facisənin törədilməsindən bir gün sonra Moskvada Ulu Öndərimiz Heydər Əliyev bəyanat verərək bu qətliamı kəskin şəkildə pisləyib, keçmiş SSRİ hakimiyyətini ittiham edib. Ulu Öndərimizin bu bəyanatı nəticəsində dünya ölkələri Azərbaycan xalqının başına gətirilən bu faciədən xəbərdar oldular. Daha sonra Ulu Öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra Onun təşəbbüsü ilə Milli Məclis tərəfindən 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verildi.Azərbaycan dövləti tərəfindən 20 Yanvar şəhidlərinin adının əbədiləşdirilməsi, onların ailələrinə qayğı göstərilməsi istiqamətində lazımi işlər görülüb və Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə tədbirlər davam etdirilir.Yaxın tariximizin öyrənilməsi və araşdırılması vacib vəzifədir. 1990-cı ilin 20 Yanvar faciəsi də öyrənilməli və gələcək nəsillərə olduğu kimi çatdırılmalıdır. Qan yaddaşımıza əbədi həkk olunmuş 1990-cı ilin 20 Yanvar hadisələri tariximizin özündə faciə və qəhrəmanlığı ehtiva edən unikal səhifəsi, Azərbaycanın sonrakı taleyinə əhəmiyyətli təsiri olan dönüş anıdır.20 Yanvar hadisələrinin Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həm rəmzi mənası, həm də fenomenal rolu oldu. 20 Yanvar faciəsinin yaratdığı ictimai-siyasi reallıq süqutu yaxınlaşan SSRİ-də və soyuq müharibənin bitməsi ərəfəsində beynəlxalq arenada formalaşan geosiyasi situasiya fonunda əvvəlcə Azərbaycan SSR-də, sonra müstəqil Azərbaycanda zəncirvarı tarixi proseslərə təkan verdi.20 Yanvar hadisəsi keçmiş SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi ağır cinayətdir. Bu cinayətə hələ də beynəlxalq müstəvidə hüquqi qiyməti verilməyib, cinayəti törədənlər öz cəzalarını almayıblar. Buna görə də biz fəaliyyətimizi bu istiqamətdə gücləndirməli, beynəlxalq aləmin 20 Yanvar faciəsinə düzgün, obyektiv qiymət verməsinə nail olmalıyıq.

Namiq Əhmədov,
YAP Xəzər rayon təşkilatının sədri

sia.az

Digər xəbərlər