Siyasət

  • 5 582

Ramil Həsən: İnanırıq ki, dost və qardaş ölkələr işğaldan azad olunmuş torpaqlardakı quruculuq işlərində fəal iştirak edəcəklər

image

“30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımızda ermənilərin törətdikləri vəhşiliyin, vandalizm aktlarının miqyası ölçüyəgəlməzdir. Yaşayış binaları, tarixi və dini abidələrimiz dağıdılmış, infrastruktur tamamilə yerlə-yeksan edilmiş, hətta 10 noyabr razılaşmasına uyğun olaraq Kəlbəcər, Laçın, Ağdam rayonları boşaldılan zaman ermənilər evləri, ağacları yandıraraq ekoloji terror aktları törətmişlər”. Bu fikirləri Milli Məclisin deputatı Ramil Həsən deyib.

Ramil Həsən bildirib ki, Dövlətimizin başçısı İlham Əliyev bu günlərdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevi videoformatda qəbul edərkən bir daha diqqəti ermənilərin işğal edilmiş ərazilərimizdə törətdikləri vəhşiliklərə yönəldərək qeyd edib ki, indi bütün dünya işğalçıların törətdiyi dağıntıları görür. Bəşər tarixində dünyada müharibələr və dağıntılar çox olub, lakin XX əsrdə belə barbarlıq, vandalizm və dağıntılar, şəhərlərin və kəndlərin qəsdən məhv edilməsi görünməyib. Bu, mədəni soyqırımıdır və buna heç cür haqq qazandırmaq olmaz.
Onun sözlərinə görə, möhtərəm Prezidentimiz bu mühüm məqamı da qeyd edib ki, azad edilmiş ərazilərin qardaş ölkələrlə birlikdə bərpa olunması dövründə fəal qarşılıqlı əlaqələrimizə ümid edirik. Ümumiyyətlə, yalnız dost ölkələrdən olan şirkətlər bərpa işlərinə cəlb ediləcək. Dünyada belə ölkələr çoxdur, lakin onların arasında müharibə və müharibədən sonrakı dövrdə Azərbaycanı fəal dəstəkləyənlər vardır. Bu mövzu Türk Şurası çərçivəsində müzakirə edilərək gələcək üçün planlar hazırlanacaq.
“Ümumilikdə, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, sadəcə, ölkəmizin deyil, bütün türk dünyasının böyük zəfəridir. İnanırıq ki, dost və qardaş ölkələr quruculuq və bərpa işlərində fəal iştirak edəcəklər. Bu torpaqlar heç vaxt sahibsiz olmayıb, bu torpaqların həqiqi sahibləri var, onlar bu torpaqları özlərinə qaytardılar. Tezliklə bu torpaqlar bərpa ediləcək, onların əvvəlki şöhrəti, zəngin siması özlərinə qayıdacaq. Məlumdur ki, dövlətimizin başçısı İlham Əliyev 19 yanvar 2020-ci il tarixli “İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında” Fərman imzalayıb. Sənədin imzalanmasında əsas məqsəd işğaldan azad edilmiş ərazilərin dirçəlişi istiqamətində quruculuq, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, bu hədəfə nail olunmasında dövlət orqanlarının və digər təşkilatların əlaqələndirilmiş fəaliyyətinin gücləndirilməsi, habelə idarəetmədə çevikliyin və səmərəliliyin artırılmasıdır. Artıq şəhər və rayonlarımız işğaldan azad edildiyi gündən bərpa işlərinə start verilib. İşğaldan azad edilmiş torpaqlarda görülən işlər, müxtəlif dövlət qurumlarının fəaliyyətə başlaması idarəetmənin səmərəliliyinin artırılmasının qayıdış proqramının uğurlu icrasında və nəzərdə tutulan vaxtda başa çatdırılmasında mühüm əhəmiyyət kəsb etdiyini təsdiqləyir. Ölkəmizdə son illərdə həyata keçirilən islahatların əsasında da məhz idarəetmə sisteminin təkmilləşdirilməsi fonunda qısa müddətdə hədəflərin gerçəkləşməsinə nail olmaq dayanır. Inanırıq ki, bu dəfə də belə olacaq”,-deyə Ramil Həsən vurğulayıb.

yap.org.az

Digər xəbərlər