Məlahət İbrahimqızı: Azərbaycanla Türkmənistan arasında razılaşma türk birliyinin daha da güclənməsinə xidmət edəcək

"Azərbaycan zəngin karbohidrogen ehtiyatlarına malik olan ölkədir. Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliklə müəyyənləşdirdiyi neft strategiyası ölkəmizə böyük faydalar gətirir. Prezidentimiz cənab İlham Əliyev neft strategiyasını uğurla davam etdirərək ölkəmizin dinamik inkişafını təmin edib. Eyni zamanda, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır". Bu fikirləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Məlahət İbrahimqızı bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən illər ərzində ölkəmizdə uğurlu neft strategiyasının davamı olaraq bir sıra neft və qaz müqavilələri imzalanıb. İmzalanan bu müqavilələr ölkəmizin iqtisadi qüdrətinin artmasına, eləcə də əhalinin rifah halının yüksəlməsinə xidmət edir. Onun sözlərinə görə, yanvarın 21-də Aşqabad şəhərində "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu" imzalanması da bu baxımdan böyük əhəmiyyətə malikdir.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan hər zaman Xəzər dənizində dialoq, qarşılıqlı anlaşma, əməkdaşlıq və sabitlik mühitinin formalaşdırılması üzrə səylər göstərib və Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi üçün ilk təşəbbüs göstərən ölkələrdən biri kimi çıxış edib. Bu səylər Xəzər dənizində bölgü məsələləri üzrə bütün sahilyanı ölkələrin mövqelərinin yaxınlaşdırılmasına və ümumi razılığın əldə edilməsinə xidmət edib. Uzun illər aparılan danışıqlar, Xəzəryanı dövlətlər arasında qarşılıqlı kompromis və mövqelərin yaxınlaşması nəticəsində 2018-ci ildə "Xəzər dənizinin hüquqi statusu haqqında" Konvensiya imzalanıb.
Deputat qeyd edib ki, Azərbaycanla Türkmənistan arasında imzalanmış bu sənəd də Xəzərin bir dostluq və əməkdaşlıq dənizi olduğunu bir daha təsdiqləyir: "Yatağın "Dostluq" adlandırılması iki ölkə arasında dostluğun, qardaşlığın, qarşılıqlı əlaqələrin həm də tarixi etnik-dini ənənələrə söykənməsinin bariz nümunəsidir. Memorandumun imzalanması tarixi hadisədir və düşünürəm ki, bu hadisə Azərbaycanın neft-qaz strategiyasının inkişafında mühüm rol oynayacaq. Bu layihənin reallaşması neft və qaz ixracatçısı olan Azərbaycanın həm də tranzit ölkə kimi əhəmiyyətini artıracaq. Sənədin imzalanması Azərbaycanla Türkmənistan arasında energetika və nəqliyyat-kommunikasiya sahələrində əməkdaşlığın yeni mərhələyə qaldırılmasında çox önəmli addımdır. Bütövlükdə, bu hadisə Azərbaycanla Türkmənistan arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini göstərir. Eyni zamanda, bu fakt türk birliyinin, türkdilli ölkələr arasında münasibətlərin güclənməsini də özündə ifadə edir. Düşünürəm ki, düşünülmüş və uzaqgörən siyasət nəticəsində türk dövlətləri və xalqları arasında əlaqələr daha da möhkəmlənəcək və regional güc amilinə çevriləcək. Bu yolda uğurlu addımlar atılmaqdadır".

yap.org.az