"Rusiyada baş verənlər Qərblə Rusiya arasında yaşanan konfrontasiyanın nəticəsidir. Proseslər Aleksey Navalnının ətrafında gedir. Əsas məqsəd isə Putinə qarşı təzyiqlər etmək və Putinin Rusiyanın fövqəldövlət, çoxqütblü dünya qurmaq planının qarşısını almaqdır. Həmçinin Amerikanın istəyi xüsusilə Çinlə iqtisadi rəqabətində Rusiya-Çin əməkdaşlığına zərbə vurmaqdır. Hesab edirəm ki, Rusiyada baş verən etirazlara Qərb müəyyən dərəcədə siyasi və informasiya dəstəyi verir. Lakin burada kütləvi etirazların formalaşmasında, onların maliyyələşməsində əhəmiyyətli rolu yoxdur". Bunu SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.Ekspertin sözlərinə görə, Navalnının zəhərlənməsinə və həbsinə gəldikdə isə, deyə bilərəm ki, Rusiya rəhbərliyi, xüsusilə, Putin son 15 il ərzində özünə qarşı bütün rəqibləri sıradan çıxarıb: "Rusiyada küçə etirazları və xalqın səsi mühüm rol oynamır. Rusiya İmperiya dövlətidir və burada hər hansı demokratikləşmə Rusiyanın parçalanmasına gətirib çıxara bilər. Ona görə də, hərbi elita və generalitet sistemində müəyyən oleqarxlar Qərblə də əməkdaşlıq edirlər. Bunlar pərdə arxasında müəyyən dərəcədə Navalnıya da dəstək verirlər və bu kütləvi etirazların formalaşmasında rolları var. Onlar bu yolla Putinə təziq etmək istəyirlər, çünki Putini hakimiyyətə onlar gətirib. Putin isə, öz növbəsində, son illərdə bir sıra generalı istefaya göndərib. Ona görə də Putinlə generallar arasında çox ciddi fikir ayrılıqları var. Putin 2024-cü ildə öz varisini elan etmək istəyir. Məhz ona görə də bu etirazlar həm də Kreml daxilindədir və bundan Amerika da istifadə edir. Fikrimcə, Navalnı məsələsində etirazların formalaşmasında bu hərbi elitanın təşkil etdiyi bir prosesdir".M.Əsədullazadə vurğulayıb ki, əlbəttə, Putin bu etirazlar sonunda hakimiyyətdən getməyəcək: "O, yaxşı bilir ki, bu formalaşmış və idarəedilən bir faktordur. Bu məsələlərdən əhalinin xəbəri yoxdur və ona görə onlar Navalnının korrupsiyaya qarşı etirazlarına dəstək verirlər. Putinin bir qədər narahtçılığı keçiriləcək Duma seçkilərinə görə ola bilər, amma bu etirazlar onu heç də qorxutmur. Putin yalnız saray daxilində çevriliş ola biləcəyindən qorxur. Çünki bu, həqiqətən də mümkündür. Hazırda o, 2024-cü ildə açıqlayacağı varislə əlaqədar hərbi-siyasi elita ilə ortaq məxrəcə gəlmək istəyir. Putin Narişkin, Medvediyev və ya Şoyqunu özünə varis kimi təyin etməyə çalışır. Hərbi-siyasi elita isə nə Narişkin, nə də Şoyqunu qəbul etmək istəmir. Çünki onlar hər ikisi qeyri-rus millətidir. Kreml daxilindəki əsas narazılıqlar bu məsələ fonunda baş verir. Bütün bunlara baxmayaraq Putin hazırda hakimiyyətdən getməyəcək, Lakin 2024-cü ildə də namizəd olmayacaq. Tərəflər müəyyən namizəd ətrafında ortaq məxrəcə gələ bilərlər və bunların fonunda Amerikanın sanksiyaları isə Rusiyaya bir o qədər ciddi təsir etməyəcək".
sia.az