"Azərbaycanda bəzi məmurların tamahkar olduğu heç kimə sirr deyil. Onlar dövlət malını talan etməyə vərdiş ediblər. Bu əməlləri həmişə onlara baha başa gəlib, işdən çıxarılıblar, azadlıqları əllərindən alınıb. Amma təcrübə göstərir ki, çox vaxt öz tamahlarına əsir düşüblər". Bu sözləri SİA-ya açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə deyib.Prezident İlham Əliyevin dünən AzTV-yə verdiyi çıxışı şərh edən Mərkəz sədri bildirib ki, dövlət başçısı bu çıxışı ilə məmurlara öz yerlərini göstərdi: "Acgöz məmurların Şuşanı qamarlamaq cəhdi aşkar sezilir. Görünür, Bakı, Şəki, Qəbələ bunlara bəs etmir. İndi də işğaldan azad olunan bölgələrimizə üz tutublar. Sevindirici haldır ki, cənab Prezident vaxtında müdaxilə edib, növbəti məmur özbaşınalığının qarşısını aldı. Prezidentimizin özünün də dediyi kimi, Şuşanın mədəniyyət mərkəzindən məmurlar şəhərinə çevrilməsinə imkan verilmədi. Doğma Qarabağımızın gələcəyi ilə bağlı indi daha nikbinəm".Seymur Verdizadə qeyd edib ki, dünənki çıxışda adı çəkilən məmur özünə hörmət edirsə, ərizəsini yazıb, könüllü şəkildə vəzifədən getməlidir: "Bunun adı ifşadır. Xalqın gözü qarşısında ifşa olunan adamın yüksək post tutmağa mənəvi haqqı yoxdur".
sia.az