Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması nəinki Azərbaycan-Ermənistan münasibətlərinin yaxşılaşdırılması, eləcə də regionda təhlükəsizliyin təmin edilməsi baxımından əhəmiyyətlidir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.
Komitə sədri vurğulayıb ki, bu, 44 günlük vətən müharibəsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevin düşünülmüş siyasəti, şanlı ordumuzun əzmi, qətiyyəti sayəsində qazanılmış parlaq qələbənin yaratdığı reallıqların bir nümunəsi, həm də dövlətimizin hadisələri öz diktəsi ilə məcrasına yönəltməsinin nəticəsidir.
"Azərbaycan-Türkiyə qardaşlığı, əməkdaşlığı göstərdi ki, ən çətin problemləri həll etmək və uğurlar qazanmaq mümkündür. 30 ildən çox torpaqları işğal altında qalan, erməni təcavüzkarları tərəfindən ağır bəlalara düçar olan xalqımızın bu gün parlaq zəfər təntənəsi əhval-ruhiyyəsi ilə yaşaması görünür ki, iki qardaş respublikanın birliyindən qaynaqlanır və xalqlarımızı sevindirir.
Türkiyə hərbçilərinin Qarabağda olması əlbəttə gücümüzü, inamımızı, qətiyyətimizi artırır. Həm də Cənubi Qafqaz regionunda uzunmüddətli sülhün təmin olunmasına, davamlı inkişafa, əlaqələrin möhkəmlənməsinə, baş verə biləcək təxribatların, qarşıdurmaların qarşısının alınmasına imkan yaradacaqdır. Bu üç dövlət - Azərbaycan, Ermənistan və Rusiya tərəfindən imzalanmış bəyanatın ruhuna uyğun olaraq, həm də irəli sürülən 3+3 formatının reallaşmasına bir dəstəkdir. Nəzərdə tutulan dəmir yol xəttinin, nəqliyyat dəhlizinin istifadəyə verilməsi, reallaşdırılması üçün də Rusiya-Türkiyə birgə Monitorinq Mərkəzinin rolu davamlı olacaqdır", deyə Tahir Rzayev bildirib.
sia.az