YAP Səbail rayon təşkilatının nümayəndələri şəhid Cavidan İbrahimli və Vüsal Həsənovun ailələrini ziyarət etdilər

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının nümayəndələri Vətən müharibəsində qəhrəmancasına Şəhid olmuş İbrahimli Cavidan Nizami oğlunun və Həsənov Vüsal Ariz oğlunun ailələrini ziyarət etdilər.

YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev, İdarə Heyətinin üzvü Hacan Hacıyev, rayon partiya təşkilatının aparat rəhbəri və əməkdaşları Şəhid ailələrinin üzvləri ilə görüşdü.
Görüş zamanı Vətən müharibəsi Şəhidlərinin əziz xatirəsi yad edildi, Vətən torpaqlarının azadlığı və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda edən qəhrəman Şəhidlərimizin analarına və ailə üzvlərinə yüksək hörmət və ehtiram ifadə olundu. Vurğulandı ki, Azərbaycan xalqı qəhrəman övladlarının əziz xatirəsini əbədi yaşadacaq. Şəhid ailələrinə ərzaq sovqatı və maddi yardım göstərildi.
Şəhid ailələrinin üzvləri dövlət səviyyəsində onlara göstərilən yüksək diqqət və qayğıdan danışdılar, Vətən uğrunda Şəhid olan qəhrəman övladları ilə fəxr etdiklərini bildirdilər.
Şəhid İbrahimli Cavidan Nizami oğlu 2000-ci il martın 24-də Bakı şəhərində anadan olub. Çox fərqli biri idi Cavidan. Həm kiçiklərin, həm də böyüklərin yanında çox böyük hörməti var idi. Cavidanı tanıyanlar onu yalnız xoş sözlərlə xatırlayır. Onun ürəyinin təmizliyi və xeyirxahlığı çox insanların yaddaşındadır. Onun əsl vətənpərvər Azərbaycan övladına yaraşan böyük ürəyi var idi. “Əsgər” adını həmişə yüksək tutan Cavidanı hərbi xidməti dövründə yalnız bir məsələ düşündürüb – Vətəninə layiqli övlad olmaq…O, bu amal uğrunda qanından və canından keçməyə hazır idi… və keçdi də… Cavidan 27 sentyabr tarixində könüllü cəbhəyə gedib. Vətən torpaqlarından mənfur düşməni qovmaqda böyük şücaət göstərən igidimiz 24 oktyabrda Cəbrayıl və Qubadlının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə Şəhadət zirvəsinə ucalıb. Allah rəhmət eləsin!
Şəhid Həsənov Vüsal Ariz oğlu 1997-ci il iyulun 3-də Bakı şəhərində anadan olub. Ürəyi Vətən sevgisi ilə döyünən, hərbi xidmətindən sonra yenidən hərbiyə qayıtmaq və Vətəninə xidmət etmək arzusu ilə alışıb-yanan Vüsal Vətən torpaqlarının azadlığı uğrunda Vətən müharibəsinin ilk günlərdən ön cəbhədə savaşıb, döyüş meydanında böyük şücaət və cəsarət nümunələri göstərib. Oktyabrın 7-də Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub. Allah rəhmət eləsin!
Allah bütün Şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun!

yap.org.az