PDF Oxu

Siyasət

  • 10 378

Azərbaycanın yeni sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər - ANALİZ

Azərbaycanın yeni sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər - ANALİZ

Bu prioritetlər dərinləşmiş islahatların növbəti 10 ildə də davam etdiriləcəyindən xəbər verir

Məlum olduğu kimi, Prezident İlham Əliyev fevralın 2-də Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafının başlıca prioritetlərini müəyyən edən proqram Sərəncamını - "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" imzalayıb. Sərəncamda 5 əsas istiqaməti özündə ehtiva edən prioritetlər növbəti 10 ildə sosial-iqtisadi sahədə geniş islahatların həyata keçirilməsini, əhalinin maddi rifah halının daha da yüksəldilməsini, milli iqtisadiyyatın inkişafının genişləndirilməsi və dayanıqlı iqtisadi inkişafın qorunub saxlanılmasını təmin edəcək. Həmçinin, Sərəncamda azad olunan ərazilərin sosial iqtisadi inkişafı da nəzərdə tutulub ki, bu da öz növbəsində həmin yerlərin inkişafına əvəzsiz töhfələr verəcək.Beləliklə, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyən edilmiş sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər növbəti on il ərzində Azərbaycanda müşahidə olunan sosial-iqtisadi inkişafı tamamilə yeni, keyfiyyətcə daha yüksək mərhələyə çıxaracaq.Sözügedən Sərəncamla bağlı millət vəkillərinin sözlərinə görə, bütövlükdə prioritetlər dərinləşmiş islahatların növbəti on ildə də davam etdiriləcəyindən xəbər verir.
Siyavuş Novruzov: "Regional idarəetmədə yeni mərhələnin başlanğıcı"
Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Siyavuş Novruzov bildirib ki, Azərbaycanın uğurlu inkişafını təmin edən əsas amillərdən biri bütün sahələrdə davamlı islahatların həyata keçirilməsidir: "2018-ci ildən etibarən yeni mərhələsinə start verilən islahatlar kursu təkcə iqtisadi inkişafın dayanıqlılığını, əhalinin sosial müdafiəsinin gücləndirilməsini təmin etməyib. Bu, eyni zamanda, idarəetmədə səmərəliliyin, çevikliyin artmasına xidmət göstərib. Təsadüfi deyil ki, davamlı olaraq müxtəlif beynəlxalq reytinq təşkilatlarının hesabatlarında Azərbaycanda həyata keçirilən islahatlar və onun nəticələri çox yüksək qiymətləndirilir, ölkəmizin gələcəyi ilə bağlı müsbət proqnozlar verilir".S.Novruzov onu da vurğulayıb ki, torpaqlarımızın işğaldan azad olunması Azərbaycanın inkişafı üçün yeni perspektivlər açıb: "Ən vacib məsələlərdən biri budur ki, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması Azərbaycanın inkişafında yeni mərhələnin əsasını qoyub, yeni perspektivlər açılıb. Burada işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işləri aparmaq, yeni infrastrukturların yaradılmasına, sərmayələrin cəlb edilməsinə nail olmaq xüsusi yer tutur. Artıq bu prosesə başlanıb və həyata keçirilən işlər bütövlükdə Azərbaycanda regional inkişafa təkan verəcək. Prezident İlham Əliyevin "İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında» Fərmanından irəli gələn işlərin həyata keçirilməsi isə islahatların məntiqi davamı, zamanın çağırışlarına uyğun regional inkişafın yeni mərhələsinin başlanğıcıdır".S.Novruzov onu qeyd edib ki, faktdır ki, Prezident İlham Əliyev mütəmadi şəkildə islahatların davamlı olacağını və dərinləşdiriləcəyini bəyan edir, yeni dövrə uyğun layihələrin, proqramların həyata keçiriləcəyinin anonsunu verir: "İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında Fərmanın imzalanması, yeni təyinatın olması da bunu göstərir ki, islahatlar prosesi davamlı xarakter daşıyır, ölkəmiz yeni hədəflərə doğru irəliləyir. Bu sənəd çərçivəsində qarşıdakı dövrdə əsas məqsəd işğaldan azad edilmiş ərazilərin canlanması üçün quruculuq, bərpa və yenidənqurma işlərinin fasiləsiz həyata keçirilməsi, dövlət orqanlarının və digər təşkilatların birgə fəaliyyətinin təşkilidir. Başqa sözlə, indiki mərhələdə işğaldan azad olunmuş rayonlarımızın məqsədyönlü şəkildə yenidən qurulması, tarixi, mədəni irsinin bərpası, sakinlərin rahat yaşayışının təmin olunması prioritet məsələdir. Əlbəttə, bu vəzifədən irəli gələn işlər həm də gələcək hədəflərin reallaşmasına xidmət edir. Beləliklə, yuxarıda söhbət açdığımız Fərman çərçivəsində atılan addımlar yeni regional idarəetmə modelinin yaradılması baxımından əhəmiyyətlidir. Bu, eyni zamanda, regionların sosial-iqtisadi inkişafı ilə bağlı gələcək üçün yeni nümunələrin formalaşmasına imkan verəcək".
Vüqar Bayramov: "Bütövlükdə prioritetlər dərinləşmiş islahatların növbəti on ildə də davam etdiriləcəyindən xəbər verir"
Millət vəkili, iqtitsadçı Vüqar Bayramov Milli Prioritetlərdən olan Böyük qayıdışın da növbəti on ildə uğurla icra olunacağına əminliyini ifadə edib. Bildirib ki, 5 əsas istiqaməti özündə ehtiva edən on illik Milli Prioritetlər Azərbaycanda müasir çağırışlara və standartlara uyğun olaraq iqtisadi inkişafın davam etdirilməsi, eyni zamanda yeni innovativ iqtisadiyyatın daha da genişləndirilməsini nəzərdə tutur: "Nəzərə alsaq ki, bu prioritetlərdə diqqət çəkən əsas məqamlardan biri iqtisadi inkişafda inkluzivliyin, eyni zamanda innovativ iqtisadi inkişafın daha da genişləndirilməsinə nail olmaqdan ibarətdir. İnkluzivlik həm formalaşan və istifadə olunan dəyərdən cəmiyyətin daha yaxından istifadə etməsi, eyni zamanda dəyərin bir hissəsinin gələcək nəsillərə saxlanmasını nəzərdə tutur. Eləcə də insan kapitalının inkişafı hesabına innovativ iqtisadiyyatın payının artırılması əsas hədəflərdən biridir".V.Bayramov, onu da vurğulayıb ki, eyni zamanda rəqabət qabiliyyətinin genişləndirilməsi və sahibkarların dəstəklənməsi, sahibkarlar üçün yeni tətbiq mexanizmlərindən istifadə olunması da hədəflər siyahısındadır: "Bu bir tərəfdən daxili bazarda rəqabətin gücləndirilməsinə, yerli istehsalın genişləndirilməsinə, digər tərəfdən Azərbaycanın qeyri-neft ixracatının artmasına gətirib çıxaracaq. Milli iqtisadiyyatın genişləndirilməsi və dayanıqlı iqtisadi inkişafın qorunub saxlanması baxımından vacib hesab olunur".Millət vəkili sosial təminatla bağlı islahatların, o cümlədən pensiya islahatlarının da davam etdirilməsi, minimum və orta pensiya məbləğinin artırılması nəzərdə tutulduğunu deyib: "Müavinətlər daxil olmaqla sosial ödənişlərə ayrılan vəsaitlərin həcmində də artımlar olacaq. Pensiya islahatları həm də pensiya məbləği ilə sığorta haqqı arasındakı mütənasibliyin artırılmasını nəzərdə tutacaq ki, bu da pensiyaçıların hüquqlarının daha yaxından qorunması və onların daha çox pensiya almasına imkan yaradacaq".V.Bayramov Milli Prioritetlərdən olan Böyük qayıdışın da növbəti on ildə uğurla icra olunacağına əminliyini bildirib: "Böyük qayıdış da əsas hədəflərdəndir və onun reallaşması mərhələli şəkildə icra olunacaq. Birinci mərhələdə dəymiş ziyanın qiymətləndirilməsi, daha sonra infrastrukturun formalaşdırılması, növbəti mərhələdə sosial obyektlərin inşa edilməsi və məskunlaşmanın reallaşması həyata keçiriləcək ki, bu da nəticə etibari ilə böyük qayıdışın reallaşmasına imkan yaradacaq. Bütövlükdə prioritetlər dərinləşmiş islahatların növbəti on ildə də davam etdiriləcəyindən xəbər verir".Bir sözlə, növbəti 10 illik Milli Prioritetlər ölkənin sosial-iqtisadi inkişafını yeni, keyfiyyətcə daha yüksək mərhələyə çıxaracaq. Bu baxımdan Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşmasında, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etdirilməsində aparıcı rolu bundan sonra özünü daha qabarıq formada göstərəcək. Dövlət başçımızın dediyi kimi: "Bu imkanlar 2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir".

sia.az

Digər xəbərlər