Bu gün dünyanın ayrı-ayrı regionlarında xaos və dağıdıcı proseslərin hökm sürdüyü bir zamanda dinamik inkişaf yolunda əmin addımlarla irəliləyən Azərbaycan sabitlik adası kimi çıxış edir, ölkəmizin beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir.
Azərbaycanın son illərdə keçdiyi dinamik inkişaf yolu, beynəlxalq nüfuzunun mütəmadi olaraq artması, regionun lider dövlətinə çevrilməsi, insanların sosial rifahının yaxşılaşması, müstəqil siyasət yürütməsi bir sıra xarici siyasi dairələrdə olduqca narahatçılıq, qısqanclıq yaradır. Həmin antiazərbaycan dairələri ölkəmizə qarşı qarayaxma kampaniyası aparır, ikili standartlara əsaslanan qərəzli yanaşma nümayiş etdirirlər.Dövlət başçısı tərəfindən aparılan uzaqgörən xarici siyasət nəticəsində bu gün Azərbaycan regionda ən etibarlı, sözü və əməli üst-üstə düşən dövlət kimi öz mövqeyini daha da möhkəmləndirib. Azərbaycanın qazandığı uğurların miqyası artdıqca antiazərbaycançı şəbəkənin qəddi daha çox əyilir, müvəffəqiyyətsizliyindən doğan əsəbi daha çox tarıma çəkilir. Bundan narahat olanlar təkcə həmin şəbəkə yox, həm də müxtəlif maddi təkliflər, vədlər müqabilində Azərbaycanda "siyasi təşkilat", "hüquq müdafiəçisi" adı ilə fəaliyyət göstərib, əslində isə bu antimilli şəbəkənin xidmətində duran radikal, dağıdıcı təfəkkürlü qüvvələrdir.Bununla belə məlum qüvvələr hələ də tarixin keçdiyi dərsdən nəticə çıxarmaq istəyində deyillər. Fəaliyyəti daha çox Azərbaycanda xaotik bir durumun formalaşmasına köklənmiş və hələ də hakimiyyətdə olduqları bir ilin (1992-1993) eyforiyasında yaşayan, köhnə təfəkküründən əl çəkə bilməyən radikal müxalifətin istək və əməli bunun real təcəssümüdür. Adını müxalifət qoysa da, əməlləri daha çox xalqa və onun formalaşdırdığı müstəqil dövlətə qarşı yönələn, beləliklə də əsl mahiyyətini istər-istəməz faş edən radikal qüvvələrin Azərbaycanda nədən hər vəchlə sabitliyin pozulmasına, anarxiyanın yaranmasına çalışmasının səbəbi əslində heç kimə sirr deyil. Çünki heç bir sosial bazası olmayan, xalqdan özünü təcrid etmiş radikal müxalifət yalnız bu halda yenidən hakimiyyətə qayıda biləcəyinə ümid bəsləyir. Ancaq o da maraqlıdır ki, Azərbaycanda 1990-cı illərin əvvəllərində mövcud olan xaotik durumun yaranmasını həm də ölkəmizə qarşı çıxan beynəlxalq qüvvələr istəyir. Deməli, radikal müxalifət də, müstəqil Azərbaycana zidd çıxan qüvvələr də əməlləri ilə faktiki olaraq eyni bir şəbəkəyə bağlıdır və ona xidmət edir. Digər tərəfdən müxalifətin sözügedən qanadına antiazərbaycançı mövqedə dayananlar tərəfindən vəsait ayrılması, bunun əvəzində müxalifət təmsilçilərinin, onların rəhbərlərinin həmin qüvvələr qarşısında müəyyən öhdəliklər götürməsi, vədlər verməsi elə radikalların öz düşərgəsində tez-tez etiraf edilən həqiqət, bəzən isə bir-birlərinə qarşı səslənən ittihamdır.Xalq artıq radikal müxalifətin kim olduğunu, nəyə qadir olduğunu yaxşı bilir. 1988-1992-ci illərdə məhz bu radikal qüvvələrin təmsilçiləri müxalifət olduqları dönəmlə Azərbaycan xalqının üzləşdiyi faciələrin yaşanmasında, siyasi alver predmeti olaraq ərazilərimizin hərraca qoyulmasında az rol oynamamışlar. İnsanların kortəbii inamı dalğasında hakimiyyətə yiyələndikdən sonra radikalların nəyə qadir olduğu özünü tezliklə və daha yaxşı büruzə verdi. Bu qüvvələrin antimilli fəaliyyəti sayəsində Azərbaycan xaos, anarxiya girdabına, cinayətkarlığın meydan suladığı məkana çevrildi, dövlət, xalq əmlakı talan edildi. Həmişə tolerantlığı və dözümlülüyü ilə digər millətlərə nümunə olmuş çoxmillətli Azərbaycanda yaşayan xalqlar arasında nifaq toxumu səpildi, azsaylı qruplar bir-birinə düşmən kəsildi. Qonşu ölkələrlə münasibətlər pozularaq ifrat səviyyəyə çatdı. Kommunikasiya əlaqələri pozuldu. Ölkədə aclıq, səfalət, infilyasiya yüksək səviyyəyə çatdı.Azərbaycanın bir dövlət kimi tarixin səhifəsindən çixma təhlükəsi reallaşırdı.Yalnız 1993-cü ilin iyununda tarixin məlum qayıdış səhifəsi açıldıqdan sonra ölkədə sabitləşmə başladı. Anarxiya və özbaşınalığa son qoyuldu. Azərbaycanın müstəqilliyi əbədi, daimi və sarsılmaz bünövrə üzərində, möhkəm və etibarlı dayaqlar üzərində ucalmağa, yüksəlməyə başladı. Dövlət və dövlətçiliyin qorunması müqəddəs amala çevrildi. Xalqın inadlı təkid və tələbi ilə hakimiyyətdən gedən AXCP-Musavat cütlüyü xarici antiazərbaycan qüvvələrilə birləşərək radikal müxalifət mövqeyində dayandı.Bu gün müxalifət cəmiyyətdən özünəməxsus təcrid vəziyyətindədir. Xalqla kommunikasiya yox dərəcəsindədir və onların sosial şəbəkələrə ötürdüyü informasiya yalnız insanları mövcud olduqlarına inandırmaqdan ibarətdir. Radikal müxalifət xain siyasətinə görə xalqın nifrətinə tuş gəldiyi üçün bütün ümidini xaricdə olan, müstəqil Azərbaycanın varlığına qarşı çıxan qüvvələrə bağlayıb. Özgələrinin baltalarına sap olduqularına görə indi sosial bazadan məhrum olan radikal müxalifət partiyaları ölkə cəmiyyətində haqlı olaraq partiya yox, kiçik bir qrupun yığışdığı zərərli dərnək adlanır və bu formada qəbul edilir. Bunun nəticəsidir ki, müxalifətin radikal hissəsi ilə azərbaycan cəmiyyəti arasında uçurum getdikcə dərinləşir.Həqiqət naminə demək lazımdır ki, müstəqilliyimizin ilk illərində sosial sifarişi və ümumilli lider Heydər Əliyevin təşəbbüsü ilə yararadılmış Yeni Azərbaycan Partiyası sivil mübarizə qaydalarından istifadə etməklə, hakimiyyətə gəlmiş və konstruktivliyilə Azərbaycanın partologiya tarixinə düşmüş yeganə siyasi partiya olmuşdur. Yeni Azərbaycan Partiyası yardılan vaxt ölkədə siyasi sistem yox idi. Bu partiyanın yaradılması o dövür üçün yeni siyasi sistemin yaradılması demək idi. Zamanı üçün Yeni Azərbaycan Partiyası o vaxtkı antimilli xəyanətkar iqtidara qarşı müxalif partiya kimi yaradılması əslində müxalifət necə fəaliyyət göstərməlidir təcrübəsini ortaya qoydu, onlar üçün ustad dərsləri keçdi. Sivil mübarizə üsulları, xalqın çağırışı və etimadı ilə iqtidara gələn Yeni Azərbaycan Partiyası keçən dövür ərzində ölkəmizi beynəlxalq aləmdə nüfuz, Qafqaz regionunda söz və güc sahibinə çevirdi.Respublikamızda hakimiyyət xalqın iradəsi ilə formalaşıb. Təbii ki, xalqın iradəsi ilə formalaşan hakimiyyət xalqın maraqlarını ifadə edir. Biz Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin mahiyyətində respublikamızın inkişafının, vətəndaşların sosial rifahının yaxşılaşdırılmasının, beynəlxalq imicinin daim yüksəldilməsinin dayandığını aydın görürük. Xüsusilə “Dəmir yumruq” əməliyyatı ilə əldə edilmiş zəfər qələbəsi Azərbaycana olan beynəlxalq münasibətləri kökündən dəyişdi. Qafqazda yeni formatda fəaliyyət göstərəcək birliklərin reallaşması baş verdi. Xüsusilə qonşu İran, Rusiya dövlətləri, Avropa ölkələri ilə mehriban münasibətlər bərqərar oldu.Sosial dayaqlarını itirmiş radikal müxalifət başçıları və onların azsaylı tərəfdarları iqtidarın uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycanın hərtərəfli inkişafını gördükləri və bu vəziyyətin onların hakimiyyətə gəlmək perspektivlərinin üzərindən birdəfəlik xətt çəkdiyini dərk etdikləri üçün antiazərbaycan, o cümlədən ermənipərəst dairələrlə işbirliyinə getdilər. Görünür, vaxtilə müxalifət təmsilçiləri "hətta şeytanla da əməkdaşlığa gedərik" deyəndə bunları nəzərdə tuturmuşlar.Beləliklə, əsasən Avropadakı və Amerikadakı ermənipərəst dairələrlə marağı üst-üstə düşən radikal müxalifət əslində, iqtidara yox, xalqa, Azərbaycan dövlətinə, milli maraqlarımıza qarşı mübarizə aparır. Həmin dairələrdən aldığı, amma ictimaiyyətdən gizlətdiyi qrantlar hesabına isə qanunsuz mitinqlər keçirməyə cəhd göstərirlər.Vətən müharibəsi dövründə “beşinci kolon” Azərbaycan Ordusunun məğlub olacağını düşünürdü. Ancaq 44 günlük Vətən müharibəsində ordumuz düşməni darmadağın etdi, torpaqlarımız işğaldan azad edildi. Şübhəsiz ki, qələbəmiz xarici düşmənlər kimi ”beşinci kolonu" da məyus edib. Çünki bu zəfər Azərbaycanı beynəlxalq arenada nüfuz və güc sahibi olduğunu bir daha sübut etdi. Onlar bunu gözləmirdilər. İndi “beşinci kolon”un yenidən fəallaşmasının səbəblərindən biri də məhz budur.Bu tarixi qələbə milli kimliyimizi, birliyimizi, gücümüzü və əzmimizi bütün dünyaya göstərdi. Artıq dünya, liderimiz və xalqımız arasında necə möhkəm və sarsılmaz inamın varlığının şahidi oldu.Qələbə xalqın milli birliyinin, həmrəyliyinin və əsgərinin döyüş zəfəri, qanı və canı ilə qazanıldı. Bir sözlə, biz haqq və ədalət mübarizəmizi Qarabağ adlı əsərin müəllifi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 17 il öncə “Biz o torpaqlara qayıdacağıq”, “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam” vədinə sadiq qaldığı üçün qazandıq. Nəyi necə və nə vaxt edəcəyini yaxşı bilən qalib ölkənin Prezidenti xalqına arxalanır. Məhz xalq-iqtidar birliyi və həmrəyliyi II Vətən müharibəsini zəfərlə başa çatdırdı. 44 günlük müharibə dövründə ölkə Prezidenti aparıcı dövlətlərin 31 jurnalisti ilə təkbətək debata çıxaraq onları tutarlı arqumentlərlə cavablandırdı, informasiya blokadasını yardı və qalib gəldi.Əfsuslar olsun ki, öz “ənənə”sinə sadiq qalan dağıdıcı ünsürlər II Vətən müharibəsi və ondan sonrakı dövürdə də xalqla, iqtidarla birgə olmadılar, həmrəylik təşəbüsünə qoşulmadılar. Əksinə, dövlətimizə qarşı düşmənçilik mövqeyində dayandılar. Xüsusilə, xaricdəki antiazərbaycan qüvvələrin direktivləri ilə hərəkət edən Cəmil Həsənli, Qubad İbadoğlu, Sevinc Osmanqızı, Qənimət Zahid və onlar kimi digər antimilli, mağara təfəkkürlü ünsürlər dövlətin öz vətəndaşlarının sağlamlığı və təhlükəsizliyinin təmin olunması ilə əlaqədar keçirdiyi tədbirlərin üzərinə kölgə salmağa çalışdılar.Bu gün “beşinci kolon” nümayəndələri həm ölkəmizdə, həm də dünyanın istənilən yerində Azərbaycana pislik etmək arzusu ilə yaşayır və mübarizə aparır, ünvanımıza çirkab püskürürlər. Planetin harasında antiazərbaycan qüvvələri təmsil edən bir ünvan tapırlarsa, dərhal onun dəyirmanına su tökürlər ki, ölkəmiz əleyhinə daha çox şər, böhtan üyüdülsün. Öz xalqına uğursuzluq arzulayan, öz vətənini xaosa, anarxiyaya sürükləməyə çalışan, öz dövlətinin problemlərlə üzləşməsinə çalışan adamların atdığı addımlar müxalifətçilik prinsipləri ilə deyil, düşmənçilik münasibətləri ilə üst-üstə düşür. Şübhəsiz ki, belə bir yolla məkrli niyyətin Azərbaycanda reallaşdırılması mümkün deyil. Çünki ölkədə xalq-iqtidar birliyi onun müstəqilliyi qədər daimidir, əbədidir və sarsılmazdır.
Abil Ağasəfov
Yeni Azərbaycan Partiyası
Qəbələ rayon Təşkilatının sədri
sia.az