Prezident İlham Əliyev Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunan Vüqar Süleymanovdan da bunu tələb edib
Prezidenti İlham Əliyev fevralın 4-də Vüqar Süleymanovu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bir neçə mühüm məqamalara toxunub, tapşırıq və tövsiyələrini verib: "Siz Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilirsiniz. Sizə böyük etimad göstərilir. Azad edilmiş torpaqların minalardan təmizlənməsi işi birinci dərəcəli vəzifədir. Bu işlər elə aparılmalıdır ki, işlər başa çatandan sonra hər hansı bir bədbəxt hadisə baş verməsin". "Əfsuslar olsun ki, azad edilmiş torpaqlarda son günlər bədbəxt hadisələr baş verir. Mən Azərbaycan vətəndaşlarına müraciət etmək istəyirəm, onlardan xahiş edirəm ki, azad olunmuş torpaqlara icazəsiz, qanunsuz getməsinlər",-deyə dövlət başçısı bildirərək vurğulayıb ki, minalardan təmizlənmə işləri bitdikdən sonra bu baş verə bilər: "Mən insanların bu addımlarını bir tərəfdən başa düşürəm, onlar uzun illər vətən həsrəti ilə yaşamışlar, hər bir keçmiş məcburi köçkün tezliklə öz doğma torpağına, doğma kəndinə qayıtmaq istəyir, ancaq xahiş edirəm ki, gözləsinlər. Bir qədər gözləsinlər ki, minalardan təmizləmə işləri başa çatsın. Çünki bu, böyük təhlükədir, həm piyadalara, həm avtomobillərə böyük təhlükədir. Müharibədən sonra bir neçə belə bədbəxt hadisə baş verib, insanlar həlak olub, yaralanıb. Eyni zamanda, postlarda dayanan əməkdaşlar da nəzarət işlərini daha ciddi təşkil etməlidirlər ki, azad edilmiş torpaqlara qanunsuz, icazəsiz gedişə son qoyulsun".Mənfur düşmənin işğaldan sonra hər tərəfi minaladığını qeyd edən dövlət başçısı deyib: "Təkcə təmas xəttinə yaxın olan əraziləri yox, şəhərləri, yolları, önəmli strateji yüksəklikləri minalayıb və bizdə mina sahələrinin xəritələri yoxdur. Ona görə, bizim istehkamçıların üzərinə çox böyük vəzifə düşür. Onlar bu vəzifəni elə icra etməlidirlər ki, azad olunmuş torpaqları tamamilə minalardan təmizləyə bilsinlər".
"Azad edilmiş torpaqlarda minatəmizləmə işləri birinci dərəcəli vəzifədir"
Prezident İlham Əliyev azad edilmiş torpaqlarda minatəmizləmə işlərinin birinci dərəcəli vəzifə olduğunu deyib: "Bu vəzifə icra olunmadan hər hansı bir inkişafdan söhbət gedə bilməz. Hətta hazırda yolların, dəmir yolunun çəkilişi ilə bağlı işləri də biz ancaq istehkamçılar o əraziləri minalardan təmizləyəndən sonra görə bilirik. Odur ki, orada istənilən fəallıq, istənilən inkişaf minalardan təmizləmə işindən asılıdır. Ona görə, biz həm sürəti artırmalıyıq, eyni zamanda, minalardan təmizləmə işi elə aparılmalıdır ki, o işlər başa çatandan sonra hər hansı bir təhlükə olmasın".
Azərbaycan Prezidenti Minatəmizləmə Agentliyinin sədrinə tapşırıqlar verib
Dövlət başçısı, Agentliyin qarşısında böyük vəzifələr durduğunu qeyd edərək işlərini düzgün təşkil etmələrini tövsiyə və tapşırıqlarını verib: "İlk növbədə, işin düzgün təşkil edilməsi məsələsinə diqqət yetirməlisiniz. Təşkilatlanma işi düzgün həll edilməlidir. Yaradılan yeni agentlik dövlət agentliyidir. Əlbəttə ki, ilk növbədə, peşəkar kadrlar seçilib agentliyin işinə cəlb edilməlidir. Təbii ki, keçmiş ANAMA qurumunun kadrlarından istifadə edilməlidir, eyni zamanda, agentliyin say tərkibi də müəyyən olunmalıdır. Çünki azad edilmiş torpaqlarda işləri sürətlə, keyfiyyətlə qurmaq və aparmaq üçün əlbəttə ki, agentliyin daha da böyük işçi qüvvəsi olmalıdır".
"Dünyanın aparıcı istehsalçıları olan şirkətlərin ən müasir texnikası ölkəmizə gətirilməlidir"
Prezident İlham Əliyev vurğulayıb ki, əsas vəzifələrdən biri də yeni texnikanın alınmasıdır: "Son illərdə bu sahədə texnoloji inkişaf özünü qabarıq şəkildə büruzə verir. İndi elə maşınlar, mexanizmlər, texnika var ki, işi həm sürətləndirir, həm də keyfiyyətlə aparmağa imkan verir. Ona görə, baxın, dünyanın aparıcı istehsalçıları olan şirkətlərin ən müasir texnikası ölkəmizə gətirilməlidir. Çünki işin keyfiyyəti və sürəti bundan asılı olacaq. Bizim keçmiş köçkünlərimiz 30 il vətən həsrəti ilə yaşayıblar. Ona görə minatəmizləmə işləri elə aparılmalıdır ki, biz qısa müddət ərzində bərpa işlərinə start verə bilək və beləliklə, vətəndaşlar inşaat işləri başa çatandan sonra öz torpaqlarına qayıda bilsinlər".Dövlət başçısı peyk görüntülərindən səmərəli istifadə etməyi vacib sayaraq bildirib ki, bu, bərpa işlərində əlavə imkanlar yaradacaq: "Peyk görüntüləri bizə əlavə imkanlar yaradır, həm müharibə dövründə, həm də müharibədən sonra təbii ki, bərpa işlərində. Biz ermənilər tərəfindən qırılmış meşələrin həcmini məhz peyklərdən müəyyən edə bilmişik və indi yerlərdə bunu təsdiq edirik",-deyən dövlət başçısı bildirib."Peyk görüntüləri, eyni zamanda, minalarla daha çox çirklənmiş yerləri də təsbit edir. Ona görə bu imkanlardan da səmərəli istifadə etməliyik", – deyə dövlətimizin başçısı vurğulayıb.
"Minatəmizləmə Agentliyinin elə imkanı olmalıdır ki, bu agentlik ümumi işimizə böyük töhfə versin"
Müharibə başa çatandan sonra Müdafiə Nazirliyi tərəfindən əlavə istehkamçı taborlar yaradıldığını diqqətə çatdıran dövlət başçıs deyib: "Azad edilmiş torpaqlarda minalardan təmizləmə işi ilə bağlı mənə müntəzəm olaraq məlumat verilir və bu günə qədər işin təqribən 80-90 faizini Müdafiə Nazirliyinin istehkamçıları görüblər. Amma sizin rəhbərlik edəcəyiniz agentlik bundan sonra işin əsas hissəsini öz üzərinə götürməlidir. Əlbəttə, Müdafiə Nazirliyinin istehkamçıları bundan sonra da çalışacaqlar. Çünki işin həcmi kifayət qədər böyükdür. Ancaq Minatəmizləmə Agentliyinin elə imkanı olmalıdır ki, bu agentlik ümumi işimizə böyük töhfə versin".Prezident İlham Əliyev əvvəlki agentliyin texniki təchizatı və say tərkibinin aşağı səviyyədə olduğunu deyib: "Əgər biz bu işi onların öhdəsinə buraxsaydıq, bilinmir neçə il lazım olacaqdı. Bizim vaxtımız yoxdur. Biz keçmiş köçkünləri tezliklə öz doğma torpaqlarına qaytarmalıyıq. Ancaq hər kəs bilməlidir ki, birinci dərəcəli məsələ minalardan təmizləmədir".Bu fikirləri Prezident İlham Əliyev Vüqar Süleymanovu Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən söyləyib.Dövlətimizin başçısı deyib: "Dəyən ziyanın qiymətləndirilməsi, infrastruktur layihələrinin icrası, evlərin tikilməsi, iş yerlərinin yaradılması - əgər bu işlər görülməsə, insanlar gedib o torpaqlarda necə yaşaya bilərlər? Gərək ev-eşiyi, şəraiti, suyu, elektriki, yolu, məktəbi, xəstəxanası olsun. Bu, böyük, genişmiqyaslı bir işdir. Mənfur düşmən işğal edilmiş və azad olunmuş torpaqlarda hər şeyi dağıdıb. Hətta son günlərə qədər yaşadıqları evləri də çıxarkən məhv edib, yandırıb, ağacları qırıb, xüsusilə Kəlbəcər və Laçın rayonlarında".Prezident qeyd edib ki, azad olunmuş ərazilərdə bütün infrastruktur, binalar yerlə-bir edilib. Ona görə hər kəs başa düşməlidir ki, bu işin miqyası nə qədər böyükdür və Azərbaycan bərpa işlərinə təkbaşına start verib. Prezident bərpa işlərinə heç kimdən yardım gözləmədən start verilərək, bütün işlərin plan üzrə getdiyini deyib: "Ona görə, siz Müdafiə Nazirliyi ilə sıx əməkdaşlıq etməlisiniz, onlarla görüləcək işlərin cədvəlini birgə tutmalısınız, hansı sahələr daha əvvəl təmizlənməlidir, yəni, burada da metodologiya var, dünya metodologiyası var, peyk təsvirləri var".
"Bildiyiniz kimi, Ermənistan minalanmış sahələrin xəritələrini bizə verməyib, ona görə burada peyk təsvirləri önəmli rol oynaya bilər. Eyni zamanda, mən hesab edirəm ki, biz özəl şirkətləri bu işlərə cəlb etməliyik. Mən artıq göstəriş vermişəm, indi xarici şirkətlərlə danışıqlar gedir. Hesab edirəm ki, onları cəlb etmək işimizi yüngülləşdirmək üçün önəmli addım olacaqdır. Hesab edirəm ki, bununla paralel olaraq, yerli şirkətlər də yarana bilər. Çünki bizdə bu vaxta qədər belə təcrübə olmamışdır. Ancaq işin həcmini nəzərə alaraq, mən hesab edirəm ki, özəl şirkətlər yarana bilər, Azərbaycanın biznes dairələri burada öz sözünü deyə bilər və beləliklə, biz bu işləri daha qısa müddət ərzində görə bilərik", - deyə dövlət başçısı vurğulayıb.Prezident qeyd edib ki, bu özəl şirkətlər müvafiq texnika ilə təmin edilməlidir. Eyni zamanda, Minatəmizləmə Agentliyi onlara sertifikatlar da verməlidir, onlar akkreditasiyadan keçməlidir. Həmçinin, xarici şirkətlərlə birgə müəssisələr də yaradıla bilər.
"Minatəmizləmə əməliyyatları üzrə milli standartlar hazırlanmalıdır"
Prezident onu da bildirib ki, biz minatəmizləmə əməliyyatları üzrə milli standartlar hazırlamalıyıq: "Yəni, bu, Azərbaycan standartları olmalıdır, əlbəttə ki, dünya praktikasına da baxmaq lazımdır. Hesab edirəm ki, bizim azad edilmiş ərazilərdə olan bu minalanmanın həcmi bəlkə də dünya miqyasında ən böyük dərəcələrdən biridir»,-deyən dövlət başçımız təmizləmə işlərinin ardıcıllıqla aparılmasını, prioritetlərin düzgün müəyyən olunmasını tapşırıb: "Siz bu prioritetləri də Operativ Qərargahla mütləq razılaşdırın. Çünki bu prioritetlər bizim bərpa işlərimizlə də uzlaşmalıdır. İlk növbədə, misal üçün, infrastruktur obyektləri - indi yollar çəkilir, mütləq o sahədə minatəmizləmə işləri aparılmalıdır, hava limanı tikilir, orada da indi bu işlər aparılır, elektrik xətləri çəkilir, yol boyunca bu işlər görülməlidir".Yaşayış məntəqələrinə gəldikdə isə, ilk növbədə, şəhərlərin bərpa edilməli olduğunu bildirən Prezident İlham Əliyev deyib: "Ona görə, bütün şəhərlərin əraziləri birinci növbədə minalardan təmizlənməlidir. Bununla paralel olaraq, yaxın gələcəkdə bəzi kəndlərdə bərpa işlərinə start veriləcək və mən artıq bunu bildirmişəm. Biz indi "ağıllı kənd" konsepsiyasını da hazırlayırıq. Bu konsepsiya demək olar ki, hazırdır, mənə məruzə edildi, mən bunu təsdiqlədim. "Ağıllı kənd" birinci pilot layihəsi icra ediləcəkdir. Məhz o yerlər də düzgün təsbit edilməlidir".
"Əkin sahələrinin və bu sahələrə gedən yolların minalardan təmizlənməsi də prioritetlər sırasındadır"
"Əkin sahələrinin və əkin sahələrinə gedən yolların təmizlənməsi də prioritetlər sırasındadır. Çünki mənfur düşmən bizim torpağımızı da vəhşicəsinə istismar edib. Azad olunmuş torpaqlarda təkcə taxıl altında 90 min hektar sahədən mənfur düşmən qanunsuz istifadə edib və qanunsuz varlanıb".
Bunu Prezident İlham Əliyev Vüqar Süleymanovu Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bildirib ki, bütün güclər səfərbər olunmalıdır: "Vaxt itirməmək üçün mənim göstərişimlə bütün güclər artıq səfərbər edilib və müharibə başa çatandan sonra mən dərhal bu işlərə start verdim. Deyə bilərəm ki, payızlıq əkin də aparılmışdır. Baxın, müharibə noyabrın 10-da dayandı və biz dekabr ayından payız əkininə başlamışıq. Mənə gündəlik məlumat verilir, 7 min hektarda artıq payız əkini aparılıb. Yəni, bu, yenə də bizim gücümüzü göstərir".
"Bir sözlə, ən müasir texnologiyalar, ən son model texnika Azərbaycana gətirilməlidir"
"Biz bu torpaqlara qayıtmaq istəyirik və keçmiş köçkünlər, əlbəttə ki, bu arzularla 30 il yaşayıblar. Onların hisslərini başa düşmək olar. Amma, eyni zamanda, onların və onlarla birlikdə olanların təhlükəsizliyi birinci dərəcəli məsələdir. Bu yaxınlarda üç nəfər minaya düşüb, bir nəfər həlak olub. Yəni, o işin təşəbbüskarı var. Təşəbbüsü irəli sürən adam özü də xəsarət alıb, yanında olanlar da. Ona görə, bu, çox ciddi məsuliyyətdir. Ona görə, indi yazlıq əkin üçün sahələrin müəyyənləşdirilməsi prosesi də gedir, torpaqlar müəyyən edilib və o əkin sahələrinə gedən yollar da mütləq prioritetlər sırasında olmalıdır", - deyən dövlət başçısı onu da bildirib ki, inkişaf etmiş ölkələrdə istehsalçılar indi robotlardan geniş istifadə edirlər, biz də bundan istifadə etməliyik: "Bir sözlə, ən müasir texnologiyalar, ən son model texnika Azərbaycana gətirilməlidir. Biz güclü bir qurum yaratmalıyıq, ilk növbədə, onun başlıca vəzifəsi əraziləri minalardan təmizləmək olmalıdır. Bizim Dövlət Minatəmizləmə Agentliyimiz ölkə daxilində bütün işləri başa çatdırandan sonra bu təcrübədən istifadə edərək, xarici ölkələrdə də fəaliyyət göstərə, podratçı kimi işləyə bilər. Beynəlxalq təşkilatlar tərəfindən də bizim bu agentliyin xidmətindən istifadə oluna bilər. Bax, strategiyanı belə qurun. Yəni, bu, agentliyin gələcək fəaliyyəti üçün uzunmüddətli strategiya olmalıdır. Ancaq qısamüddətli və ortamüddətli strategiya torpaqların minalardan təmizlənməsidir ki, bərpa işləri başlansın və vətəndaşlar tezliklə öz doğma torpaqlarına qayıda bilsinlər".
sia.az