Prezident İlham Əliyev pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədilə imzaladığı SƏRƏNCAM bunun göstəricisidir
Prezident İlham Əliyev pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədilə yanvarın 5-də "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2021-ci il 1 yanvar tarixinə 2020-ci il üzrə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin müəyyən etdiyi orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 2021-ci il 1 yanvar tarixinədək təyin edilmiş bütün növ əmək pensiyalarının sığorta hissəsinin və istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində 2021-ci il 1 yanvar tarixinədək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirmək tapşırılıb. Prezident İlham Əliyevin "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" Sərəncamı ölkədə sosial müdafiə tədbirlərinin gücləndirilməsi, pensiyaçıların rifahının yaxşılaşdırılması istiqamətində növbəti addımdır. 2020-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun şəkildə pensiyalar indeksləşdirilərək 11,4 faiz artırılır:Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamları ilə 2021-ci il yanvar ayının 1-dən Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin aylıq məbləğləri artırılaraq Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslər üçün 1800 (artımadək 1500) manat, şəhid, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün 500 (300) manat, müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar I dərəcə əlilliyi olan şəxslərə 400 (250) manat, II dərəcə əlilliyi olan şəxslərə 350 (230) manat, III dərəcə əlilliyi olan şəxslərə 300 (210) manat, 1941–1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslər üçün 300 (150) manat, ümumi səbəblərdən l dərəcə əlilliyi olan şəxslər üçün isə (gözdən əilliyi olan şəxslər istisna olmaqla) 130 (100) manat müəyyən edilib. Artım 2021-ci ilin 1 yanvar tarixindən tətbiq olunacaq və yanvar ayının artımı fevral ayının pensiyası ilə birgə veriləcək.
Sözsüz ki, bu dövlət başçımızın dediyi kimi: "Güclü dövlət, güclü iqtisadiyyat və sosial rifah. Bax, bu prinsiplərin vəhdəti bu gün Azərbaycanı dünyada seçilmiş ölkələrin sırasına daxil edibdir. Bunun nəticəsində, biz uğurla inkişaf edirik".
Bunu nüfuzlu beynəlxalq qurumların, reytinq agentliklərinin yaydıqları hesabatlardan da aydın şəkildə görmək mümkündür. Həmin hesabatlarda Azərbaycanın mövqeyi ilbəil ardıcıl şəkildə yaxşılaşır. Belə ki, Dünya Bankının son hesabatı, həmçinin nüfuzlu Davos İqtisadi Forumunun dəyərləndirmələri təsdiqləyir ki, milli iqtisadiyyatımız 2020-ci ildə də dayanıqlılığını qoruyub saxlayıb. Məlum olduğu kimi, ötən il qlobal pandemiya səbəbindən dünya ölkələri üçün çətin keçib. Dünya miqyasında iş və xidmətlərə tələbat azalıb, insanların əmək bazarına inteqrasiyası məhdudlaşıb. Pandemiya şəraitində ayrı-ayrı ölkələr sosial-iqtisadi inkişafla bağlı proqramlarını ixtisara salmaq məcburiyyətində qalıblar. Azərbaycan isə pandemiya şəraitində iqtisadi subyektlərə dəstək tədbirləri reallaşdırıb, həmçinin təxminən 5 milyon insanı əhatə edən geniş sosial proqram həyata keçirib. Azərbaycan dünya üzrə pandemiya səbəbindən artan xərclərini sırf daxili imkanlar hesabına qarşılayan azsaylı ölkələrdən biridir. Ölkəmiz, həmçinin beynəlxalq həmrəyliyə töhfə vermək ənənəsinə sadiq qalaraq Ümumdünya Səhiyyə Təşkilatına iki tranşda 10 milyon dollar ianə ayırıb və 30-dan çox ölkəyə dəstək göstərib. Bütün bunlar Azərbaycan iqtisadiyyatının dayanıqlılığını təsdiqləyir ki, bu da beynəlxalq reytinq agentliklərinin hesabatlarında da öz əksini tapır. Dünya Bankının yenidən hesablanmış "Doing Business" hesabatında Azərbaycanın 190 ölkə arasında 28-ci yerə yüksəlməsi, 10 ən islahatçı ölkə sırasına daxil edilməsi böyük nailiyyətdir. Davos Ümumdünya İqtisadi Forumunun hesabatında isə respublikamızda aparılan müasir infrastruktur quruculuğuna yüksək qiymət verilib. Belə ki, respublikamız dəmir yolu xidmətlərinin səmərəliliyi indeksinə görə 11-ci yerə, hava yolları xidmətlərinin səmərəliliyi üzrə 12-ci yerə, avtomobil yollarının keyfiyyəti göstəricisinə görə 24-27-ci yerlərə layiq görülüb. Bu hesablama inkişaf etməkdə olan 74 ölkə arasında aparılıb. Bu sosial-iqtisadi inkişaf göstəriciləri ölkəmizdə aparılan məqsədyönlü, düzgün siyasətin nəticəsidir. Son 17 ildə Azərbaycanda Prezident İlham Əliyevin siyasi iradəsi əsasında müxtəlif istiqamətlərdə aparılan islahatlar sosial-iqtisadi inkişaf üçün möhkəm hüquqi əsaslar yaradıb. Bütün bunlar iqtisadi gücümüzü, dünyadakı reytinqimizi artıran amillərdir.
Növbəti 10 il müddətinə hesablanmış hədəflər...
Prezident İlham Əliyevin təşəbbüsü ilə son 17 ildə qəbul edilən və icra olunan sosial paketlər Azərbaycanda əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ölkə başçısı tərəfindən müəyyənləşdirilən strateji kursa uyğun olaraq ölkəmizin uğurlu sosial dövlət modelini formalaşdırılıb. Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulayıb ki, həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bunu təsdiqləyən amil bu günlərdə Prezident İlham Əliyev cənablarının imzaladığı "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" Sərəncamı növbəti 10 il müddətinə hesablanmış iqtisadi inkişafla paralel vətəndaşların sərvət və gəlirlərinin, o cümlədən əməkhaqlarının artırılması, əməkhaqqı artımının əmək məhsuldarlığının artımı ilə uzlaşdırılması kimi hədəflərdən olmaqal, hər bir vətəndaşın bu inkişafdan bəhrələnməsi qeyd olunur.
Əldə olunan uğurlar faktlar, rəqəmlərlə ...
Hər bir uğurdan danışarkən faktlara, rəqəmlərə istinad edirik. Belə ki, 2020-ci ildə pensiya, müavinət və təqaüd, ünvanlı sosial yardım üzrə əhaliyə 2019-cu ilin müvafiq dövrünə nisbətən 1 milyard manatdan artıq çox vəsait ödənilib. 2020-ci ilin yanvar-noyabr aylarında pensiya, müavinət və təqaüd, ünvanlı sosial yardım üzrə ödənilən vəsait 5 milyard 264 milyon manat təşkil edib. Ötən il pensiyaların orta aylıq məbləği 14 faiz artaraq 300 manat təşkil edib. Pensiyaların sığorta hissəsi 16,6 faiz indeksasiya edilərək artırılıb, 1,2 mln. artıq pensiyaçını əhatə edən bu artım üçün aylıq 43 mln. manat əlavə vəsait ödənilir. Vətəndaşlara ödənilən sosial müavinətdə 2020-ci ildə 18 faiz artım olub. Ötən il ünvanlı sosial yardım alan ailələrin sayı 9 min ailə artaraq ümumilikdə 74,4 min ailə təşkil edib. Hər bir ailəyə düşən orta aylıq məbləğ 2019-cu illə müqayisədə 15 faiz artaraq 238 manat təşkil edib. Sosial cəhətdən həssas təbəqə sayılan müharibə əlilləri və şəhid ailələrinə də 1500-ə yaxın mənzil və fərdi ev verilib. Bununla yanaşı pandemiya ilə əlaqədar məşğulluq və sosial rifaha dəstək üzrə tədbirlər əhalinin təqribən 5 milyon nəfərini əhatə edib. Özünüməşğulluq proqramının əhatə dairəsi genişləndirilib və 12 min ailə proqrama cəlb olunub. Ümumilikdə, bu müavinət və təqaüdlər əhalinin sosial cəhətdən ən həssas təbəqəsini əhatə edib və onların gəlirləri çox əhəmiyyətli şəkildə artırılıb.Məlum olduğu kimi, 2021-ci ilin dövlət büdcəsinin sosialyönümlü xərcləri 11 milyard 111,9 milyon manat məbləğindədir. Bu rəqəm 2020-ci illə müqayisədə 563,8 milyon manat və ya 5,3 faiz çoxdur. Əmək pensiyalarının orta məbləği isə 338 manat, yaşa görə pensiyaların məbləği isə 370 manat olacaq. Bu rəqəmlər ötən ilin göstəricilərindən 13 faiz çoxdur. Həmçinin, yaşayış minimumu ölkə üzrə 196 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilib. Bu da 2020-ci illə müqayisədə müvafiq olaraq orta hesabla 6 manat və ya 3,1 faiz çoxdur. Göründüyü kimi, Azərbaycanın iqtisadi gücü sosial sahəyə bilavasitə təsir edir. Hər bir Azərbaycan vətəndaşı iqtisadi inkişafın müsbət təsirlərini öz həyatında hiss edir.Bir sözlə, Prezident İlham Əliyev sosial siyasətlə iqtisadi siyasətin vəhdətini elə bir çevik tərzdə tənzimləyir ki, bu, həm zəngin dövlət, varlı vətəndaş prinsiplərinə gətirib çıxarmaqdadır. Çünki dövlət başçısı İlham Əliyev atdığı addımlar və verdiyi qərarlarla sübut etdi ki, Onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu ölkədə görülən bütün işlər isə yalnız vətəndaşlarımızın və dövlətimizin ali mənafeyinə xidmət edir.
sia.az