“Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri xanım Vendi Mortonu qəbul edib. Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp-ın təşəbbüsü ilə xanım Vendi Mortona Azərbaycan mədəniyyəti ilə tanış olmaq üçün xüsusi proqram təşkil olunub. Həmçinin, bir neçə gün öncə Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə diplomatik korpusun nümayəndələri ilə birlikdə səfər edib. Ümumiyyətlə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Azərbaycan ictimaiyyətinə çox yaxşı tanışdır və Twitter sosial şəbəkəsində tez-tez Azərbaycan dilində müxtəlif paylaşımlar edir. Məhz buna görə də, Azərbaycan ictimaiyyəti cənab Şarp-ı çox yaxından izləyir. Azərbaycanlılar Britaniyanın Azərbaycanda həyata keçirdiyi siyasətinin icrasıçısı olan diplomatın səmimiyyətini təqdir edirlər”. Bunu SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.Politoloqun sözlərinə görə, Böyük Britaniya ilə Azərbaycan arasında olan siyasi-iqtisadi, humanitar münasibətlər yüksələn xətt üzrə inkişaf edir: “Əsrin Müqaviləsindən etibarən Azərbaycanın əsas neft-qaz hasilatçısı qismində Böyük Britaniyanın meqa korparasiyası olan "British Petrolium"un (BP) Azərbaycanla ikitərəfli əməkdaşlığı strateji tərəfdaşlıq münasibətləri səviyyəsinə çatıb. Lap əvvəldən BP investor qismində fəal rol oynayıb. Hazırki durumda Əsrin Müqaviləsinin vaxtı da uzadılıb və qarşıdakı 10 illiklər ərzində Azərbaycanla BP arasında qaz və neft hasilatı sahəsində mühüm fəaliyyət həyata keçiriləcək. İstismar olunan yataqlarda yeni mənbələrin kəşfi ilə əlaqədar fəaliyyəti yaxın perspektivdə izləmək olar. Enerji sahəsi ikitərəfli münasibətlərin mühüm tərkib hissəsidir. Eyni zamanda Azərbaycanda olan demokratikləşmə proseslərinə, insan və vətəndaş hüquq və azadlıqlarının, demoratikləşmənin həyata keçirilməsində Avropa İttifaqı ilə ikitərəfli münasibətlərdə Böyük Britaniya fəal rol oynayır. Bu, müstəqilliyimizin ilk çağlarından da belə olub və Birləşmiş Krallıq bu sahədə Azərbaycana fəal dəstəyini hər zaman nümayiş etdirib. Sabah Cənub Qaz dəhlizinin Məşvərət Şurasının 7-ci iclası keçiriləcək və bu iclasda da əldə olunmuş nailiyyətlər və Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu haqqında geniş fikir mübadiləsi aparılacaq”.İ.Hüseynov vurğulayıb ki, Azərbaycanın enerji sektoruna ötən illər ərzində külli miqdarda vəsait yatırılıb və bu vəsait Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə imkan yaradıb və bu sahədən əldə olunmuş gəlirlər qeyri-neft sektorunun inkişafına cəlb olunub: “Böyük Britaniyanın Azərbaycanın Vətən müharibəsində sərgilədiyi mövqeyi Azərbaycan üçün çox önəmlidir. Təkcə onu qeyd etmək kifayətdir ki, BMT-nin Təhlükəsizlik Şurasında Britaniyanın mövqeyi demək olar ki, həlledici olub və Azərbaycana qarşı tətbiq edilməli olan qərəzli qətnamənin qarşısı vaxtında alınıb. Bunun sayəsində Azərbaycan işğalda olan torpaqlarını hərbi yolla işğaldan azad edib. Azərbaycanda hazırda 600-ə yaxın Britaniya şirkəti qeydiyyatdan keçib. Bəzi şirkətlər işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işlərində fəal iştirakı ilə bağlı təşəbbüslə çıxış ediblər. Burada şəhərsalma, infrastrukturun inkişaf etdirilməsi, bərpaolunan enerji ilə bağlı təşəbbüslər var. Cənab Prezident bu ərazilərdə ağıllı şəhər, ağıllı kənd konsepsiyasının icrası ilə əlaqədar tezislərlə bağlı çıxışlar edib. Eyni zamanda bu ərazilər yaşıl zona əraziləri elan olunub. Burada külək, günəş və su enerjisindən geniş istifadə olunacaq ki, gələcəkdə vətəndaşlarımız enerji asılılığından da azad olunsun və eyni zamanda buranı dünynanın ən gözəl bölgələrindən birinə çevirmək mümkün olsun. Bu sahədə Britaniya ilə əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir və gələcəkdə vətəndaş cəmiyyətinin inkişafı, gender bərabərliyi, energetika, o cümlədən bərpaolunan enerji sahəsində əməşdaklıqla bağlı bir sıra layihələrin icrasını izləyə bilərik. Hazırda Birləşmiş Krallığın naziri xanım Vendi Mortonun səfəri də bu qəbildən olan səfərlər çərçivəsindədir”.
sia.az