PDF Oxu

Siyasət

  • 7 404

Cəmil Həsənlinin “Leninçiliyi”, yaxud qıcqırmış bolşevizm təfəkkürü MÜXALİFƏT

Cəmil Həsənlinin “Leninçiliyi”, yaxud qıcqırmış bolşevizm təfəkkürü MÜXALİFƏT

O haradan ortaya düşüb və indi nə istəyir?

“Milli Şura”nın anti-milli sədri, eləcə də sağlam düşüncəli ictimai rəydə xəstə təfəkkürlü Əli Kərimlinin dirijor çubuğu ilə idarəolunan müqəvvası, ya da ipli kukla personajı təsirini bağışlayan Cəmil Həsənlinin həm də “tarixçi professor” adı altındakı siyasi var-gəlləri, sözün əsl mənasında, ürəkləri bulandırmaqda davam edir. İllər əvvəl sırf təsadüf nəticəsində adıçəkilən qurumun “vahid namizədinə” çevrilmiş və bu fərdin hələ də özünü zorla “lider” kimi cəmiyyətə sırıması da, əslində, onun bütün keyfiyyətsizliyini ortaya çıxarmaqdadır. Radikal müxalifətin “Lenini” obrazını yaratmağa çalışan bu qıcqırmış bolşevik təfəkkürlü ünsürü isə söz yox ki, cəmiyyətin böyük kəsimi nə tanıyır, nə də qəbul edir.
Cümşüd Nuriyev: “Cəmil Həsənli meydan hadisələrində ortada olmayıb”

Onun barəsindəki faktları isə ümumxalq mübarizəsi zamanı – 1988-ci ildən meydanlarda olanlar daha yaxşı bilirlər. Elə götürək Cümşüd Nuriyevi. Bu günlərdə onun Cəmil Həsənli barəsində dediyi fikirləri diqqətimdən yayınmadı və düşündüm ki, onun həmin fikirləri ətrafındaca təhlilimi aparım. Təkcə bir ifadə yetərlidir ki, əvvəlinci gündən AXC sıralarında olmuş, sonradan isə oranı tərk etmiş bir kəsin – Cümşüd Nuriyevn düşüncələrini təsəvvürünə gətirəsən. “Cəmil Həsənli meydan hadisələrində ortada olmayıb. 1988-ci il fevral ayının 19-da birinci mitinqdən 1993-cü il – Heydər Əliyev gələnə qədər AXCP-nin fəaliyyəti göz önündədir. Əvvəllər o partiyanın içində olmuşam, 1989-cu ildə onların maraqlarının əsasən hakimiyyət davasından ibarət olduğuna görə, oradan çıxmışam”, bildirən politoloq, Cəmil Həsənli timsalında bəzilərinin vaxtaşırı əsassız bəyanatlar vermələrinə, mən də varam oyunbazlıqlarına münasibətini bildirərkən deyib.
“II Qarabağ müharibəsi zamanı Azərbaycan xalqının birliyi çoxlarını narahat etdi. 50 partiya BMT, NATO, ATƏT, Aİ, AŞPA və başqa təşkilatlara müraciət edəndə AXCP qatılmadı”
Və yalnız hərəkat vaxtları deyil, eləcə də sonrakı ictimai-siyasi proseslərin gedişatında da Cəmil Həsənlinin hansı siyasi klounluqlar nümayiş etdirməsi də maraq doğurur. Beləliklə, “Milli Məclisin üzvü, eyni zamanda sonradan Azərbaycan vətəndaşı kimi onların fəaliyyətlərini izləmişəm”, deyən Cümşüd Nuriyevin bu əsnada AXCP-nin ümumiyyətlə ümummilli məsələlərdə yaxasını kənara çəkməsi faktını da elə-belə xatırlatmayıb. SİTAT: “II Qarabağ müharibəsi zamanı Azərbaycan xalqının birliyi çoxlarını narahat etdi. 50 partiya BMT, NATO, ATƏT, Aİ, AŞPA və başqa təşkilatlara müraciət edəndə AXCP qatılmadı. Bu hadisəni danladım, çünki bunların marağı tamamən başqadır”. Bu gün həmin Cəmil Həsənlinin AXCP sədri Əli Kərimli ilə özünə əl qatması, müxtəlif siyasi məsələlərdə bolşevizm təfəkkürü nümayiş etdirmələri də xalqda hiddət doğurur. Ancaq fakt budur ki, onların hakimiyyətə gəlmək hərislikləri artdıqca, daha çox cılızlaşır, daha çox ifşa olunmağa başlayırlar. SİTAT: “Həmişə Prezidentlə torpaq almaq davası edirdilər, İlham Əliyev isə doğru zamanı gözlədi və geri qaytarılması xəyal kimi görünən torpaqları işğaldan qurtardı. O ki qaldı bütün bu uğurlardan sonra Cəmil Həsənli kimilərinin hansısa xarici, yaxud daxili qrant müqabilində dəxlisiz dillənməyinə...”
“Onlar jurnalistlərlə bir cür, partiya daxilində başqa tipdə, iqtidarın yanında isə tam fərqlidirlər”
Cümşüd Nuriyev bildirib ki, Əli Kərimli başda olmaqla AXC müavinlərinin 6-sı əvvəl deputat idi: “Onsuz indi də AXCP-nin 4 müavini ayrı-ayrı partiyaların sədri kimi parlamentdə təmsil olunub. AXC bu qədər yaxşı idisə, milləti sevən idisə, yanındakılar partiyanı niyə tərk edir? İndi də bir dənə “Milli Şura” düzəldiblər. Oranı da tərk edənlər var. Onlar jurnalistlərlə bir cür, partiya daxilində başqa tipdə, iqtidarın yanında isə tam fərqlidirlər”.Beləliklə, bu gün Amerikada oturub yekə-yekə danışmağın heç də siyasətçilik, yaxud bolşevik dissidentliyi deyil, sadə dillə desək, ucuz oyunbazlıqdır. Bu baxımdan, “ABŞ və Avropa oturub uzaqdan şeşələnmək kişi işi deyil. Onların hansı sifarişə oynadıqları hamıya bəllidir. Elələri var ki, doğma qardaşı oturub parlamentdə, iki cəbhəyə oynayırlar”, deyə politoloq bildirib.Onun sözlərinə görə, özünə müxalifət deyən belələrini maliyyələşdirən təkcə xaricilər deyil, Azərbaycanın daxilində də onlara pul ayıranlar var: “Buna görə də, hüquq-mühafizə orqanları diqqətli olmalıdır. Bu isə 5-ci kalondan əlavə 6-ci kalonun da mövcudluğundan xəbər verir. Bunlar dövlətin içində dövlətin əleyhinə olanların adamıdır. Qapalı iclaslarda bir məsələ müzakirə olunur və həmin informasiya dərhal onlara sızdırılır”.
“Elə ən təhlükəlisi intellektli insanların dövlətə qarşı çıxmasıdır, Lenin də belə edib”
Politoloq xaricdən dövlətçilik əleyhinə bağıranlara da mesaj yollamağı unutmayıb və bildirib ki, əgər belə qoçaqdırlarsa, gəlsinlər Azərbaycanda fəaliyyət göstərib, reallığı özləri görsünlər. SİTAT: “Paşinyan Ermənistanı böyrü üstdə qoydu, Serj Sarqsyanın kürəkənindən başqa dünya ermənilərinin heç biri Nikola qarşı çıxmadı. Amma bizdə qalib ölkənin qalib Prezidentinə qarşı bu qədər haqsız, ədalətsiz və məntiqsiz fikirlər səsləndirirlər. Bunun arxasında yalnız şəxsi maraq dayanır. Bunların nə dövlət, nə də millət marağı var. Hakimiyyətə hərislik gözlərini elə tutub ki, Azərbaycan dövlətinə də nifrət edirlər. Öz aləmlərində millətə ağıl vermək istəyən “Milli Şura”nın üzvləri deputat olanda səsləri çıxmırdı, indi hamısı “qəhrəman” olub”.“Guya Milli Şura yaratdı, indi ətrafında 3-4 nəfər qalıb. Bu adam əsərlərində Heydər Əliyevi çox yüksək qiymətləndirir. Vaxtı ilə parlamentdə olanda İlham Əliyev haqqında yaxşı fikirdə idi. İndi nə dəyişdi?”, deyə sual edən Cümşüd Nuriyev sonda bildirib: “Əksinə, 15 ildən sonra İlham Əliyev əsl İlham Əliyevdir, əsl Prezidentdir. Ölkə başçısını dəstəkləməliyik çünki qürurumuzu qaytardı. Bütün bunların fonunda Cəmil Həsənlinin guya ağıl vermək xarakterli çıxışları mənasızdır. Bir vaxtlar savadlı araşdırmaçı alim idi. Elə ən təhlükəlisi intellektli insanların dövlətə qarşı çıxmasıdır. Lenin də belə edib. Hər halda Cəmil Həsənli Lenin deyil. Adamın bu yaşında (70 yaş) iddiaları ancaq şəxsi maraqlar üstündə qurulub”.Nə deyəsən, həqiqət həqiqət olaraq qalır və ondan da yalnız həqiqət doğur...

sia.az

Digər xəbərlər