Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının 2020-ci ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş videokonfrans formatında hesabat yığıncağı keçirilib. Hesabat yığıncağında Milli Məclisin deputatı Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının Şura üzvləri və ərazi ilk partiya təşkilat sədrləri iştirak ediblər. SİA-nın verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov geniş hesabat məruzəsi ilə çıxış edərək, ötən ilin ən önəmli hadisəsi kimi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında bir yumruq kimi birləşərək torpaqlarımızın işğaldan azad edilməsindən, Vətən müharibəsindəki uğurlarımızdan, COVİD-19 pandemiyasına qarşı mübarizədən və bu dövrdə rayon təşkilatı tərəfindən həyata keçirilən tədbirlərdən ətraflı bəhs edib.Namiq Əhmədov YAP Xəzər rayon təşkilatının 2020-ci il ərzində Yeni Azərbaycan Partiyasının Proqram və Nizamnaməsi əsasında fəaliyyət göstərərək işini rayon təşkilatının iş planına, YAP Mərkəzi Aparatının təlimat və göstərişlərinə uyğun qurduğunu bildirib və keçirilməsi nəzərdə tutulan tədbirlər barədə danışıb.Daha sonra Namiq Əhmədov qeyd edib ki, ərazilərdə gənclərlə və qadınlarla aparılan iş Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatı Aparatının, Gənclər Birliyi və Qadınlar Şurasının daim diqqət mərkəzində saxlanılıb. İyun ayında rayon təşkilatının 2020-ci ilin birinci yarımillik, dekabr ayında isə illik statistik hesabatları tərtib edilib, statistik uçot dəqiqləşdirilib. Statistik hesabata görə, hazırda rayon təşkilatı 81 ərazi ilk partiya təşkilatı üzrə 6785 nəfər partiya üzvünü öz ətrafında birləşdirir ki, onların 3987 nəfəri qadınlar, 2468 nəfəri isə gənclərdir.Daha sonra müzakirələr aparılıb. Çıxış edənlərdən Milli Məclisin deputatı Rauf Əliyev təşkilatın üzvlərinin rayondakı ictimai-siyasi proseslərdə öz fəallıqları ilə fərqləndiklərini qeyd edib və 2020-ci ildə rayon təşkilatının fəaliyyətinin qənaətbəxş qəbul edilməsini məqsədəuyğun hesab edib. Hesabat konfransında II Qarabağ müharibəsində xüsusi şücaət göstərən qazi Güləhmədov Eldar da iştirak etmişdir. Cənab Prezidentimiz tərəfindən “Suqovuşanın azadlığı uğrunda cəsur döyüşçü” medalı ilə təltif olunan qazimiz göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkür etmişdir. Hesabat yığıncağında YAP Xəzər rayon təşkilatı Qadınlar Şurasının sədri Pərvanə Hacıyeva və YAP Xəzər rayon təşkilatı Gənclər Birliyinin üzvü Nəzrin Məmmədova geniş hesabat məruzəsi ilə çıxış ediblər.Tədbirdə YAP Xəzər rayon təşkilatının 2020-ci ildəki fəaliyyəti qənaətbəxş hesab edilib və 2021-ci il üçün Fəaliyyət Planı qəbul olunub.
sia.az