“Bu gün ölkədə siyasətlə məşğul olan, siyasəti izləyən, ümumiyyətlə, bu məmləkətin sabahını düşünən hər bir kəsi bir ciddi sual düşündürür. Görəsən dövlət başçısı zəruri dəyişikliklər edərək, qüvvələrin yeni düzümünə dönməz xarakter verərək "beşinci kolon"un qarşısını tez və effektiv şəkildə ala biləcəkmi? Zira ölkənin gələcək müqəddərati müəyyən mənada həm də bu problemin həllindən əhəmiyyətli şəkildə asılıdır. Bu da anlaşılandır, o konteksdə ki, 44 günlük Vətən müharibəmiz coğrafi anlamda mövcud olduğumuz bölgədə yeni qüvvələr balansının yaranmasına, fərqli geosiyasi reallıqların meydana gəlməsinə səbəb olduğu kimi ölkənin siyasi istibleşmenti daxilində qütbləşmənin dərinləşməsinə, qarşıdurmanın güclənməsinə təsirsiz ötüşməyib. Bu halın mövcudluğu hansısa sarı və ya müxalif media kanallarında deyil, artıq dövlət hakimiyyətinin qanunverici orqanın təmsilçiləri tərəfindən etiraf olunur, hakimiyyətin ali icra qanadı bunlarla bağlı rəsmi açıqlamalarla çıxış etməsə də, necə deyərlər "görünən kəndə bələdçi lazım deyil". Hakimiyyət daxilində ölkənin problemlərinə münasibətdə fərqli mövqelərin və baxışların mövcudluğunu prezident İlham Əliyevin son bir necə ildə həyata keçirdiyi ardıcıl və məqsədyönümlü islahatlar da sübut edir. Çünki bu islahatların hədəfləri, mahiyyət və fəlsəfəsi göstərir ki, iqtidar daxilində neomühafizəkarlar və islahatçılar qanadı mövcuddur. Bu belə olmasaydı, islahatların həyata keçirilməsi, icrası ilə bağlı problemlərin həlli məhz islahatçılara-sənaye inqilabları, nanotexnologiyalar dövrünün doğurmuş olduğu reallıqları görən, mahiyyətinə varan gənc və əsasən texnokrat məmurlara etibar edilməzdi. Burada, necə deyərlər, nəsillər və dünyagöruşləri arasındakı fərq, fərqli təhsil və deməli idarəetmənin fəlsəfəsinə fərqli yanaşma özünü biruzə verməyə bilməzdi”. Bunu SİA-ya açıqlamasında politoloq Elşən Manafov deyib.Politoloqun sözlərinə görə, hakimiyyətdəki mühafizəkar qanadın idarəetmə sahəsindəki təcrübəsi zaman etibarı baxımından artıq olsa da, yeni dövrün çağırışları və tələbləri konteksində əhəmiyyətli və yetərli deyil. Bu isə onlara əvvəlki dövrlərlə müqayisədə ciddi ehtiyacın qalmaması baxımından az əhəmiyyətli məsələ deyil: “Zamanında Stalinin "hər şeyi kadrlar həll edir" aforizminə hakimiyyətdəki mühafizəkar qanadın dövlətçilik deyil, korporativ, konyunktur maraqlar müstəvisindən yanaşmaları onların şəxsi faciəsi də olsa, bu tendensiya hakimiyyət daxili qütbləşməni dərinləşdirir ki, bu da siyasi sistemdə böhrana səbəb ola bilər. Dövlət Başçısının elan etdiyi islahatlara münasibətdə mühafizəkar kəsimin əyləc mexanizmi rolunda çıxış etməsi təbii ki, onlara qarşı qanunvericiliyin ehtiva etdiyi tələblərin tətbiq olunmasını tələb edirdi ki, bu da hələ müharibədən əvvəl dövlət maraqları konteksində qərarların qəbul edilməsi zərurətini doğurdu. Məhz hakimiyyətdəki mühafizəkar kəsimin təmsilçilərinin idarəediçiliyin müxtəlif sahələrindəki səbatsız fealiyyəti ölkə əhalisində kəskin narazılıq doğurduğundan qanunun sərt üzünün ilk olaraq onlara tuşlanması da anlaşılan idi. Ümummilli Lider Heydər Əliyevin "Dövlət xalq üçündür, xalq dövlət üçün yox" ibrətamiz kəlamına korporativ maraqlar baxımından yanaşma mühafizəkar kəsimə qarşı mübarizəni artıq labüd və təxirəsalınmaz edirdi. Ölkədəki korrupsiya və onun miqyasları, məmur özbaşınalığı, qanunlara olan etinasızlıq prezidentin çağırışlarına ikili mövqe sərgiləyən məmurların çıxdaş edilməsini, zərərsizləşdirilmələrini zəruri edirdi. Məsələnin mürəkkəbliyi isə mühafizəkar kəsimin təkcə icra qurumlarında deyil, ölkənin qanunverici hakimiyyətində də kök salmaları idi, mühafizəkar kəsimin zərərsizləşdirilməsi isə onu qanunverici orqanda təmsil və müdafiə edənləri çıxdaş etmədən müəyyən dərəcədə problemli hal idi. Elə buna görədir ki, parlamentin vaxtından əvvəl buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi zərurəti yarandı. Maraqlıdır ki, belə bir təşəbbüslə məhz parlamentdə hakimiyyəti təmsil edən partiya çıxış etdi. Siyasi qüvvələr nisbətinin iqtidarın xeyrinə olduğu bir halda hakim çoxluğun belə bir təşəbbüslə çıxış etməsi siyasi reallıqlar baxımından anlaşılan deyildi. Rəsmi mövqe bundan ibarət oldu ki, parlament çoxluğu dövlət başçısının islahatlara yönəlik kursunu dəstəkləyir, lakin daha modernist, cəmiyyətin çağırış və tələblərinə cavab verən parlamentin formalaşması zərurəti onları belə bir siyasi qərar qəbul etməyə sövq edir. Beləliklə, dolayısı yolla da olsa etiraf olundu ki, bu parlamentdə islahatlara nəzərən əyləc mexanizmi rolunda çıxış edən qüvvələr var, müxalifət parlamentdə kifayət qədər azlıqda, özü də hətta parlament fraksiyasını təşkil etmək iqtidarında olmadığı bir şəraitdə təbii ki, həmin əyləc mexanizmi deyildi, digər tərəfdən onun kifayət qədər konstruktivliyi, əməkdaşlığa meyilli olması da bunu istisna edirdi və ən nəhayət onun əyləclər konteksində çıxış etməsi üçün nə gücü, nə də həvəsi var idi”.Ekspert bildirib ki, Prezidentin qanunvericilik baxımından parlamenti buraxmaq üçün səlahiyyətləri olmadığından O, bu məsələyə birbaşa müdaxilə edə bilməzdi: “Qərarın hakim partiyada ən yüksək səviyyədə qəbul edilməsi anlaşılan idi. Beləliklə növbədənkənar parlament seçkiləri baş tutdu, ancaq proqnozlaşdırılanlardan fərqli olaraq hakimiyyət Partiyasının parlament təmsilçiliyinə ciddi dəyişikliklər baş vermədi, mühafizəkarlar parlamentdəki mövqelərini qoruyub saxlaya bildilər. Maraqlıdır ki, parlament müxalifətinin tərkibində də əhəmiyyətli dəyişikliklər baş vermədi, politoloji anlamda bu seçicilərin prezidentin islahatlar kursuna dəstəyi kimi qəbul olunmalıdır, çünki bu parlament partiyaları hakimiyyətlə parlament müstəvisində "müxaliflik" və əməkdaşlıq etdiklərindən onlara olan dəstək və etimad əvvəlki səviyyədə qalmış və bundan artığına ehtiyac duyulmadı. Belə olan halda parlamentdəki hakimiyyət komandasının tərkibində kəmiyyət dəyişikliklərinin nəzərə çarpacaq səviyyədə baş verməməsi nonsens deyildimi? Gürünən o idi ki, hakimiyyət daxilindəki mühafizəkar kəsim elə belə təslim olmaq fikrində deyil və əməlli başlı müqavimət göstərmək istəyir. Bu kəsimin geosiyasi dəstək fonunda imkanları isə dövlət və cəmiyyəti erməni milliyyətçiliyi və terrorizmi adlı düşmənlə Vətən müharibəsinə hazırlayan dövlət başçısından daha qətiyyətli qərarların qəbul edilməsi zorunda qoydu. Hakimiyyətdəki mühafizəkar kəsimin getdikcə daha çox oliqarxiq mahiyyət kəsb etməsi, onun dövlət idarəediciliyinin ən müxtəlif sferalarına nüfuz etməsi qorxulu hal alırdı, müharibə dövründə milli birlik və vəhdətə ciddi ehtiyacın olduğu şəraitdə isə bu dövlətçiliyin altına lağım atılması anlamına gəlirdi. Xəstəliyin müalicəsində terapiya üsulunun artıq səmərə vermədiyi şəraitdə cərrah bıçağına ehtiyacın yarandığı kimi bu şəraitdə də eyni üsluba keçmək zərurəti yarandı”.
E.Manafov vurğulayıb ki, siyasi istibleşment tərəfindən boz kardinal kimi qəbul edilən Ramiz Mehdiyev uzun illər Prezidentin icra aparatının rəhbəri kimi tutduğu məsul vəzifədən uzaqlaşdırıldı: “Maraqlıdır ki, Mehdiyevə münasibətdə işlədilən bu etiket tarixi və siyasi reallıqlar konteksində də özünü doğruldur. Məlumdur ki, zamanında belə bir müraciət 14-cü Lüdovik dönəmində Fransanın Baş naziri olmuş (1624-1642), kardinal Rişelyeyə munasibətdə istifadə olunub. Gerçəkdən Rişelye Fransada mərkəzi dövlət hakimiyyətinin möhkəmləndirilməsinə nail olsa da, onun bununla bağlı ifratçılığı da sonradan Fransanı bürüyən korrupsiya və maliyyə böhranına gətirib çıxarıb, Fransa 17-ci əsrdən etibarən Avropa işlərində liderliyini əldən vermiş, onu İngiltərə əvəz edib. Mehdiyev hörmət və ehtiramla yola salındı. Dövlət idarəçilində təcrübəli şəxs kimi Mehdiyev buna qiymət verməli idi. Halbuki bunun tam əksi olan proseslərin şahidi olduq. Prezident tərəfindən dövlət idarəediciliyinə sənaye inqilabları dövrünün tələblərinə baxmayaraq yeni və həm də fərqli düşüncə tərzinə malik texnokrat məmur və nazirlərin gətirilməsi cəmiyyət tərəfindən büyük ümid və sevinclə qarşılansa da, hakimiyyətdəki neomühafizəkar qanad məyusluğunu dolayısı yolla da olsa biruzə verməyə başladı. Təsir əks təsirə bağlıdır və əlbəttə, məhz bu faktor hakimiyyətdəki mühafizəkar qanadın movqelərinə "domino effekti" təsiri bagışladı və onun yarpaq tökümü başladı. Bir birinin ardınca həbslər, yüksək ranqlı məmurların tutduqları vəzifələrdən uzaqlaşdırılmaları cəmiyyət tərəfindən böyük ümid və rəğbətlə qarşılansa da, hələ qarşıda göruləcək böyük işlər var. Böyük qayıdış, nəhəng quruculuq işləri ilə bahəm ölkənin siyasi, hüquqi, iqtisadi və sosial sistemində ciddi islahatların aparılacağı məlumdur, cəmiyyət tərəfindən bu islahatlara dəstəyi möhkəmləndirmək üçün dövlət idarəediciliyinə, siyasi sistemin təkmilləşdirilməsi istiqamətində islahatların aparılacağı istisna deyil. Düzünü desək indiki mərhələdə dözüb dayanmaq, dövlətçiliyi gücləndirmək, cəmiyyəti konsolidasiya etmək özündə azərbaycançılıq ideologiyasının məfkurə dəyərlərini ehtiva edən vahid, dövlət ideologiyasının formalaşmasına nail olmaq lazımdır. Bunlarsız komprador elitanı çıxdaş etmək və onu prezidentin düşündüyü kimi dovlətçilik maraqlarına xidmət edən milli elita ilə əvəz etmək çətin olacaq”.
sia.az