Ramil Həsən: Milli Prioritetlər sırasında işğaldan azad olunmuş ərazilərə qayıdış mühüm əhəmiyyət daşıyır

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” ölkəmizin bütün sahələrdə sürətli inkişafına təkan verən vəzifələrin müəyyən olunması baxımından xüsusi əhəmiyyətə malikdir. Bu sənəd Vətən müharibəsindən sonrakı dövrdə yaranmış yeni şərtlərə uyğun Azərbaycanın sosial-iqtisadi inkişafının əsas istiqamətlərini özündə ehtiva edir”. Bu fikirləri Milli Məclisin deputatı Ramil Həsən deyib.

Sənəddə müəyyən olunmuş prioritetlərin iqtisadi münasibətlər sisteminin dayaqlarının gücləndirilməsinə stimul verəcəyini bildirən Ramil Həsənin fikrincə, bu, əhalinin sosial rifahının daha da yaxşılaşmasına imkan yaradacaq: “Vətən müharibəsindən sonra regionda tamamilə yeni iqtisadi imkanlar yaranıb. Tamamilə fərqli təhlükəsizlik konfiqurasiyası mövcuddur. Azərbaycanın əldə etdiyi qələbə, nəticə etibarilə, həm də Cənubi Qafqazın tarixində yeni bir dövrün başlaması üçün unikal imkanlar formalaşdırıb. Təbii ki, yaranmış yeni situasiya həm də qarşıya yeni vəzifələr qoyur. Hesab edirəm ki, təsdiq olunmuş sənəd bu vəzifələrin müvəffəqiyyətlə həyata keçirilməsinə imkan yaradacaq”.
Millət vəkili bildirib ki, müəyyən olunmuş prioritetlər sırasında işğaldan azad olunmuş ərazilərə qayıdışın xüsusi tarixi və siyasi əhəmiyyəti var: “Çünki 30 ilə yaxın Ermənistanın işğalı altında qalan rayonların ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, eyni zamanda, beynəlxalq və regional əhəmiyyətli nəqliyyat-logistika dəhlizlərinin fəaliyyətə başlaması həm Azərbaycan iqtisadiyyatına əlavə güc qatacaq, həm də bölgədə qarşılıqlı faydalı əməkdaşlıq mühitinin formalaşmasını şərtləndirəcək. Ən əsası, bizim vətəndaşlarımız, keçmiş məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmağı səbirsizliklə gözləyirlər. Azərbaycan xalqı üçün, dövləti üçün bu torpaqlara qayıdış həm siyasi, həm mənəvi-psixoloji, həm də iqtisadi baxımdan müstəsna əhəmiyyətə malikdir”.
Deputat “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də əksini tapmış müddəaların uğurla icra ediləcəyinə əmin olduğunu vurğulayıb. O qeyd edib ki, bu gün Azərbaycanda mövcud olan milli həmrəylik, dövlət və xalq arasında qarşılıqlı etimad istənilən vəzifəni müvəffəqiyyətlə yerinə yetirməyə imkan yaradır.

yap.org.az