David İbramxəlilov: Milli Prioritetlər qarşıdakı 10 il ərzində ölkəmizin sosial-iqtisadi inkişafını keyfiyyətcə yeni mərhələyə yüksəldəcək

“Prezident İlham Əliyevin imzaladığı Sərəncamla təsdiq edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” proqramı ölkə qarşısında duran mühüm məsələlərin həlli istiqamətində növbəti addımdır. Prioritetlər növbəti 10 il ərzində Azərbaycanın sosial-iqtisadi inkişafında vacib olan istiqamətləri özündə əks etdirir”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Qusar rayon təşkilatının sədri David İbramxəlilov deyib.

D.İbramxəlilov bildirib ki, Vətən müharibəsində əldə olunmuş tarixi qələbə ölkəmiz üçün həm də yeni iqtisadi imkanlar açıb. Belə ki, işğaldan azad olunmuş ərazilər böyük iqtisadi potensiala malikdir və təbii ki, Azərbaycan bu potensialdan maksimum yararlanacaq. Sənəddə qeyd edilir ki, qələbənin əbədiləşdirilməsi üçün öz doğma torpaqlarından məcburi köçkün düşən insanların vətənə qayıdışı təmin olunmalıdır. Bu böyük Qayıdış vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir körpü olacaq.
Təşkilat sədrinin sözlərinə görə, regionda yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizinin bərpa olunması ölkəmizin qlobal bazarlara çıxış imkanlarını artırmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərin inkişafına əhəmiyyətli təkan verəcək: “Prezident İlham Əliyev tərəfindən növbəti 10 il üçün ölkənin sosial-iqtisadi inkişafına dair Milli Prioritetlərin müəyyənləşdirilməsi bu sahədə indiyədək görünməmiş nəticələrin əldə olunmasına zəmin yaradır. Bu gün Azərbaycanın qazandığı uğurları şərtləndirən əsas amil Prezident İlham Əliyevin düşünülmüş iqtisadi konsepsiyasının tam doğru formada icrasına bağlıdır. Bütün bunlar isə verilən vədlərin uğurla reallaşması nəticəsində baş tutub. Günün reallıqları onu göstərir ki, Azərbaycan düzgün yolda gələcəyə doğru inamla addımlayır. Prezident İlham Əliyevin müəyyən etdiyi Milli Prioritetlər qarşıdakı 10 il ərzində ölkəmizdə müşahidə olunan sosial-iqtisadi inkişafı keyfiyyətcə yeni mərhələyə yüksəldəcək”.

yap.org.az