Siyasət

  • 5 408

“Erkən nikah qızlarımıza etdiyimiz ən böyük xəyanətdir” - ŞƏRH ÖZƏL

image

“Son günlərdə ölkə gündəmini zəbt edən, Gürcüstan Respublikasının azərbaycanlıların kütləvi yaşadığı Poniçala (Soğanlı) kəndində 11 yaşlı qız ilə 15 yaşlı oğlanın nişanlanması xəbəri cəmiyyətdə və sosial şəbəkələrdə güclü əks-səda doğurdu. Bu hadisə ilə Gürcüstanda bəzi xalqlarımızın dostluğunu gözü götürməyən qüvvələr belə bir fikir formalaşdırmağa çalışdılar ki, guya bu azərbaycanlılara xas bir adət-ənənədir. Bununla da Azərbaycan qadınına, qızına, dil uzatmağa, xalqımızda qadına hörmət anlayışını şübhə altına almağa cəhd etdilər. Əslində isə Azərbaycan qadınları tarix boyu təhsilə, dövlət idarəçiliyinə, inkişafa meyilli, müdrik, uzaqgörən, vətənə, torpağa və ailəsinə sədaqətli olmuş və zamanın sınaqlarından alnıaçıq çıxmağı bacarıblar”. Bunu SİA-ya açıqlamasında YAP Xızı rayon təşkilatının Gənclər Birliyinin sədr müavini Səidə Dadaşova deyib.Onun sözlərinə görə, son günlər baş vermiş bu hadisə bizi bir təhsil ocağı olaraq narahat etməyə bilməzdi: “Bir məktəb psixoloqu kimi bu məsələdən kənarda qala bilmədim və bu mövzunu öz şagirdlərimlə müzakirə etməyi məqsədəuyğun hesab etdim. Bununla bağlı “erkən nikah, onun fəsadları” adlı maarifləndirici tədbir təşkil etdim. Erkən nikahın onların sosial həyatına, sağlamlıqlarına göstərdiyi mənfi təsirlərdən, təhsil almağın önəmli olmasından söhbət açdıq. Erkən nikah qızlarımıza etdiyimiz ən böyük xəyanətdir. Bizim amalımız və istəyimiz gələcəyə daha da sağlam düşüncəli insanlar yetişdirməkdir. Uzun müddət pandemiya səbəbi ilə birbaşa şagirdlərimizlə görüşə bilmirdik. Birbaşa təhsilin ilk günlərində erkən nikah və onun fəsadları ilə bağlı mövzunun işlənib, hazırlanması və yeniyetmələrlə müzakirəsi hesab edirəm ki, bir çox ailədə bu məsələyə qarşı ciddi həssaslıq yaradacaqdır. Axı, övladlar ailələrin güzgüsüdür. Ümumi müzakirələr zamanı bəlli oldu ki, müasir ailələrimizdə böyüyən övladlarımız, xüsusi ilə də, qızlarımız cəmiyyətdə gördükləri güclü qadın profillərinin fəaliyyətlərini izləyir və onlar kimi uğurlu siyasət, iş, dövlət adamı olmaq istəyirlər. Bu bir psixoloq-müəllim kimi məni çox qürurlandırdı. Düşünürəm ki, başqa cür ola da bilməzdi. Axı, onların milli-mənəvi dəyərləri Azərbaycan xalqının müdrik zəkasından yoğrulub. Azərbaycan xalqının tarixinə adını qızıl hərflərlə əks etdirən qadınlarımızın sayı kifayət qədərdir. Bunun bariz nümunəsi kimi Tomirisin, öz ağlı və dərrakəsi ilə İskəndəri düşünməyə vadar etmiş Nüşabənin, böyük şairəmiz Xurşidbanu Natəvanın, adı Azərbaycan dövlətçilik tarixinə ilk xanım diplomat kimi daxil olan Sara xatunun simasında görürük. Müasir dövrümüzün qadınlarından akademik Zərifə Əliyevanın, filoloq Aidə İmanquliyevanın, Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, İSESCO və UNESCO-nun xoşməramlı səfiri olan çox hörmətli Mehriban Xanım Əliyevanın adını fəxrlə çəkə bilərik. Bu müdrik qadınların sayəsində ölkəmiz sülh və elm ölkəsi kimi tanınmaqdadır”.S.Dadaşova vurğulayıb ki, bu gün Azərbaycan qadının cəmiyyətdə oynadığı rol daha da artıb və zərif cinsin nümayəndələri evdə xanım, ailədə ana olmaqla yanaşı, dövlət idarəçiliyində, diplomatiya aləmində, iş dünyasında, mədəniyyət sahəsində, elmdə, təhsildə, səhiyyədə və digər mühüm sferalarda öz sözünü deməkdədir: “Bunun ən önəmli səbəblərindən biri Azərbaycanın milli-mənəvi dəyərlər sistemi ilə bağlıdırsa, digər vacib məqam kimi dövlət tərəfindən həyata keçirilən qadın, gender siyasətidir. Azərbaycan bu platformda mövcud bir çox konvensiyalara qoşulub. Azərbaycanın dövlət siyasətini bu sahədə həyata keçirən mərkəzi icraetmə orqanı vardır. Müstəqil Azərbaycanın yeni tarixində bu siyasətin banisi ümumimilli lider Heydər Əliyev olub. Yeni yüzillikdə də sürətlə qloballaşan müasir dünyaya inteqrasiya olunan demokratik Azərbaycan dövlətində qadın siyasəti yenə prioritet istiqamətlər sırasındadır. Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev qadınların cəmiyyətin həyatında daha fəal iştirakına yönələn siyasəti uğurla aparmaqda, buna xidmət edən hüquqi bazanı zamanın tələblərinə uyğun olaraq daha da zənginləşdirməkdədir. Əziz valideynlər, gəlin uşaqlarımızı anlayaq və onların arzularını yarıda qoymayaq. Fikrimcə dünyanı gözəllik yox, gələcəyimiz olan övladlarımızın saf, təmiz və təmənnasız düşüncəsi və hissləri xilas edəcək!”.

sia.az

Digər xəbərlər