Yeni Azərbaycan Partiyası tərəfindən nəşr olunan bu kitabda Azərbaycanın Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə diplomatiya və informasiya cəbhəsində qətiyyətli mübarizə aparması, şanlı Ordumuzun 44 günlük Vətən müharibəsi zamanı xilaskarlıq missiyasını şərəflə yerinə yetirməsi nəticəsində tarixi ədalətin bərpa olunması və digər mühüm məsələlər öz əksini tapıb.Azərbaycanın Vətən müharibəsi zamanı möhtəşəm qələbə qazanması, uzun müddətdir ki, Ermənistanın işğalı altında olan torpaqlarımızın azad olunması, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpa edilməsi, heç şübhəsiz, xalqımızın çoxəsrlik dövlətçilik tarixinin ən şərəfli səhifələrindən biridir.

Qüdrətli Azərbaycan Ordusunun 44 günlük Qələbə yürüşü nəticəsində yazılan şanlı qəhrəmanlıq dastanı unudulmaz Zəfər salnaməsi olmaqla yanaşı, dünya hərb tarixinə düşən unikal nümunədir. Əlbəttə, ölkəmizin bu tarixi nailiyyəti təsadüfi xarakter daşımır və ötən müddət ərzində həm ordu quruculuğu sahəsində, həm diplomatiya cəbhəsində görülən işlərin, eyni zamanda, beynəlxalq informasiya müstəvisində Azərbaycan reallıqlarının sistemli və məqsədyönlü şəkildə təbliğinin nəticəsidir. O da xüsusi olaraq vurğulanmalıdır ki, Azərbaycanın bu qürurverici və əzəmətli qələbəsinin müəllifi xalqımızın Ümummilli lideri Heydər Əliyevin layiqli davamçısı möhtərəm Prezident İlham Əliyevdir. Cənab İlham Əliyev hərb meydanında müzəffər sərkərdə, diplomatik cəbhədə mahir strateq nümunəsi ortaya qoymaqla yanaşı, informasiya müharibəsində Azərbaycanın haqq-ədalət səsi oldu, qətiyyətlə və cəsarətlə bütün təzyiqləri dəf etdi, xalqın dəstəyindən güc alan prinsipial Lider kimi mübarizlik rəmzinə çevrildi. Ölkə rəhbəri ötən müddət ərzində hücum diplomatiyası həyata keçirməklə, müxtəlif beynəlxalq kürsülərdən tarixi həqiqətləri, Dağlıq Qarabağ münaqişənin tənzimlənməsi ilə əlaqədar vacib hüquqi və siyasi məsələləri diqqətə çatdırmaqla, dünya miqyasında ictimai rəyin Azərbaycanın lehinə dəyişməsini təmin etdi. Qeyd olunması vacib olan ən mühüm məsələlərdən biri budur ki, Azərbaycan Ordusunun 44 günlük müharibə zamanı ardıcıl uğurlarına paralel olaraq, dövlətimizin başçısı dünyanın nüfuzlu nəşrlərinə müsahibələri, xalqa müraciətləri zamanı bütün reallıqları dünya ictimaiyyətinin diqqətinə çatdırdı, erməni yalanlarını ifşa etdi, anti-Azərbaycan dairələrin qarayaxma kampaniyasını iflasa uğratdı. Bunun nəticəsidir ki, beynəlxalq mediada Azərbaycanın haqlı, ədalətli mövqeyini əks etdirən çoxlu sayda məlumatlar, təhlil xarakterli materiallar tirajlandı, müxtəlif süjetlər yayımlandı. Bu isə informasiya müharibəsində Azərbaycanın mütləq üstünlüyünü təmin edən mühüm amil oldu.Bu gün də bəhs olunan məsələləri özündə ehtiva edən materiallar nəşr olunur, yerli və beynəlxalq auditoriyanın – geniş ictimaiyyətin diqqətinə təqdim edilir. Yeri gəlmişkən, Yeni Azərbaycan Partiyası tərəfindən bu günlərdə nəşr olunan “Zəfər salnaməsi” adlı kitabda Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə diplomatiya və informasiya cəbhəsində apardığı uğurlu və qətiyyətli mübarizə, Azərbaycan Ordusunun 44 günlük müharibə zamanı döyüş meydanında öz sözünü deməsi və xilaskarlıq missiyasını şərəflə yerinə yetirməsi ilə əlaqədar məsələlər öz əksini tapıb.“Şərq-Qərb” mətbəəsində işıq üzü görən 536 səhifəlik nəşrdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan həqiqətləri, müharibə reallıqları ilə bağlı dünyanın aparıcı televiziya kanallarına, informasiya agentliklərinə və qəzetlərinə verdiyi müsahibələr, Türkiyənin, eləcə də müxtəlif ölkələrin hökumət və dövlət başçıları ilə görüşləri zamanı çıxışları, Azərbaycan xalqına müraciətləri, xüsusilə də Şuşanın işğaldan azad olunması ilə əlaqədar Şəhidlər xiyabanından xalqımıza səslənişi öz əksini tapıb. Ən əsası, kitabda müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu öndər Heydər Əliyevin “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur!” fikirlərinin ardınca Müzəffər Ali Baş Komandan İlham Əliyevin 44 günlük Vətən müharibəsi dövründə xalqa müraciətlərində yer alan, bu gün də fəxrlə ifadə etdiyimiz “Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!” sözlərinə yer verilib.

Yeri gəlmişkən, nəşrdə ilk olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışının yer alması müstəsna əhəmiyyətə malikdir. O mənada ki, Vətən müharibəsində əsas şüara çevrilən “Qarabağ Azərbaycandır və nida işarəsi” çağırışı məhz bu sessiyada Prezident İlham Əliyev tərəfindən qətiyyətlə və cəsarətlə bəyan edilmişdi.
Diqqət çəkən məqamlardan biri cənab İlham Əliyevin bəzi nüfuzlu nəşrlərin, informasiya agentliklərinin və televiziya kanallarının jurnalistlərinin bəzən qərəzdən, bəzən isə məlumatsızlıqdan irəli gələn qeyri-adekvat suallarını səbrlə, təmkinlə, diplomatik tərzdə cavablandırması, bu müsahibələri ilə həm işğalçı Ermənistana, həm də dünyaya tarix, hüquq və qürur dərsi keçməsi oldu. Məhz bu mühüm məqamlar da ətraflı şəkildə “Zəfər salnaməsi”ndə yer alıb.
Nəşr oxuculara, həmçinin dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşünün mühüm məqamlarını çatdırıb. Həmin görüşdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq” sözləri 44 günlük Vətən müharibəsində Azərbaycanın unudulmaz tarixi zəfərini təmin edən amillərin həm daxili, həm də beynəlxalq auditoriyanın diqqətinə çatdırılması baxımından çox önəmli fikirlər kimi nəşrdə əks olunub.
Kitabda dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş torpaqlarımıza səfərlərinə də geniş yer ayrılıb.
“Zəfər salnaməsi” Bakının Azadlıq meydanında Vətən müharibəsində şanlı Qələbəyə həsr olunmuş Zəfər paradı ilə tamamlanıb. Bu hissədə dövlətimizin başçısının dərinməzmunlu nitqi və tarixi əhəmiyyətə malik fikirləri öz əksini tapıb.
Bunlarla yanaşı, ölkə Prezidentinin işğal altında olan torpaqlarımızın bir-birinin ardınca işğaldan azad edilməsi ilə bağlı “Twitter” səhifəsində paylaşdığı müjdəli xəbərlər də kitabın səhifələrini bəzəyir.
Bir sözlə, “Zəfər salnaməsi” Azərbaycanın tarixi ədalətin bərpası uğunda mübarizəsi ilə əlaqədar faktların öyrənilməsinə və möhtəşəm qələbəmizlə bağlı həqiqətlərin təbliğinə imkan verən çox əhəmiyyətli, zəruri informasiyalarla zəngindir. Nəşr, bütövlükdə, Azərbaycanın tarixi zəfərinin ayrı-ayrı məqamlarını özündə əks etdirən dəyərli, zəngin və mötəbər mənbədir.

yap.org.az