Siyasət

  • 6 191

Qarabağımızı cənnətə çevirəcək böyük layihələr - ŞƏRH

image

Prezident İlham Əliyev: "Mən demişəm, biz bu bölgəni - Qarabağı cənnətə çevirəcəyik"

Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş rayonlara tarixi səfərləri və ən əsası isə, bu səfərlər zamanı həmin ərazilərdə aparılan quruculuq işləri çərçivəsində inşa edilən yeni strateji obyekt və müəssisələrin təməlinin dövlətimizin başçısı tərəfindən qoyulması həm siyasi, həm iqtisadi, həm də mənəvi cəhətdən müstəsna əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş rayonlara səfərləri həmişə böyük maraq və ruh yüksəkliyi ilə qarşılanır. Dövlətimizin başçısının hər səfəri həm də böyük əhəmiyyət daşıyan əlamətdar hadisələrlə yadda qalır. Azərbaycan Prezidentinin budəfəki səfərində də ilkin infrastruktur layihələrinin təməlqoyma mərasimlərinin keçirilməsinin və açılışının şahidi olduq. Hər səfər zamanı yeni layihələrin həyata keçirilməsi dövlət başçımızın qeyd etdiyi kimi, biz tezliklə doğma Qarabağımızı cənnətə çevirəcəyik. İşğaldan azad edilmiş ərazilərdə görülən işlər, həyata keçirilən tədbirlər bunu deməyə əsas verir. İndi isə bərpa işləri gedir və gedəcək. Mən demişəm, biz bu bölgəni - Qarabağı cənnətə çevirəcəyik. Artıq bütün göstərişlər verilib. Bütün işlər görülür, planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
Azad edilmiş torpaqlarda yenidənqurma və bərpa işləri
Hərbi əməliyyatların bitməsindən sonra Prezident İlham Əliyevin mütəmadi olaraq işğaldan azad edilmiş rayonlara səfər etməsi dövlət başçısının bu məsələlərə nə dərəcədə həssas yanaşdığının sübutudur. Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olarkən yeni layihələrin həyata keçirildiyinin şahidi olduq.İşğaldan azad edilmiş bütün şəhər və rayonların baş planlarının hazırlanması ilə bağlı Prezidentin tapşırığının icrası hazırda yüksək surətlə davam etməkdədir. Dövlət başçısı bütün çıxışlarında, müsahibələrində dəfələrlə vurğulayıb ki, azad edilmiş torpaqlarda bərpa işləri ən yüksək səviiyədə təşkil olunacaq. Bu səfər zamanı da bir daha mənfur düşmənə mesaj göndərdi, çatdırdı ki, onların dağıtdıqları, viran qoyduqları, oğurladıqlarına son qoyaraq "dəmir yumruğ"umuzla başlarına vuraraq it kimi torpaqlarımızdan qovduq və bu gün bu yerləri cənnətə çevirəcəyik: "Mən demişdim ki, azad edilmiş torpaqlarda bütün bərpa işləri ən yüksək səviyyədə təşkil olunacaq. Dağılmış bütün bu kəndləri biz bərpa edəcəyik. Baxın, mənfur düşmən bizim bütün yaşayış məntəqələrimizi nə günə salıb. Vandallar, barbarlar işğal dövründə bütün binaları söküblər, talayıblar, daşları oğurlayıblar. Hamısını bərpa edəcəyik".
"Azad edilmiş bütün torpaqlarda su, günəş, külək enerjisindən istifadə edəcəyik"
Dövlət başçısı səfəri zamanı ilk su elektrik stansiyasının açılışını edərkən bildirmişdi ki, bu layihə azad edilmiş torpaqlarda birinci elektrik stansiyası olacaq: "Artıq Güləbird kəndindəyik. Güləbird kəndini də düşmən dağıdıb, talan edib. Güləbird kəndinə gəlməyimizin səbəbi qısa müddət ərzində inşa edilmiş su elektrik stansiyasının açılışıdır və bu layihə azad edilmiş torpaqlarda birinci elektrik stansiyası olacaq, digər stansiyalar da tikiləcək. Azad edilmiş bütün torpaqlarda su, günəş, külək enerjisindən istifadə edəcəyik".
Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Güləbird kəndində Azərbaycan bayrağını qaldırdıqdan sonra bildirdi ki, azad edilmiş torpaqlara yenidən gəlmişik və məqsədimiz də bu torpaqlarda yeni layihələrin həyata keçirilməsi, daha doğrusu bu torpaqlara yeni həyatın qaytarılmasıdır: "Bu gün bu torpaqlarda bir neçə tədbir keçirilir. Bu tədbirlərin məqsədi azad olunmuş torpaqları tezliklə bərpa etməkdir ki, insanlar buraya qayıtsınlar və bu torpaqlara həyat gəlsin. Bərpa işləri arasında elektrik enerjisi təchizatı, əlbəttə ki, xüsusi yer tutur. Bu məqsədlə müharibədən dərhal sonra ilk günlərdən biz bu işlərlə məşğul olmağa başlamışıq. İlk növbədə, Şuşa şəhərini elektrik enerjisi ilə təchiz etmək üçün əməli addımlara start verilmişdir və birinci mərhələ başa çatıb. "Azərişıq" artıq Şuşa şəhərinə elektrik xətlərini çəkib. Şuşa şəhərini dayanıqlı elektrik enerjisi ilə təmin etmək və ondan sonra şəhərin inkişafını təmin etmək üçün "Azərenerji" Səhmdar Cəmiyyəti də Şuşa şəhərinə yüksəkgərginlikli xətləri çəkir və Şuşa şəhərində elektrik yarımstansiyası inşa edir".
İşğaldan azad edilmiş torpaqlarda istismara verilən ilk elektrik stansiyası - Güləbird Su Elektrik Stansiyası
Prezident İlham Əliyev səfər zamanı növbəti layihənin açılışını edərkən bildirib ki, azad edilmiş torpaqlarımızda istismara verilən Güləbird Su Elektrik Stansiyası ilk stansiyadır: "Bu gün biz 8 meqavat gücündə Güləbird Su Elektrik Stansiyasının açılışını qeyd edirik. Bu, azad edilmiş torpaqlarda istismara verilən birinci elektrik stansiyasıdır və bunun çox böyük əhəmiyyəti, böyük rəmzi mənası var. Biz qayıdırıq bu torpaqlara. Biz Kəlbəcər və Laçın rayonlarında ermənilər tərəfindən uzun illər ərzində qanunsuz istismar edilmiş, onlar tərəfindən dağıdılmış bütün su elektrik stansiyalarını bərpa edəcəyik. Düşmən təkcə Laçın rayonu ərazisində 5 su elektrik stansiyasını dağıdıb. Onların hamısı bərpa ediləcək. Kəlbəcər rayonunun ərazisində isə 12 su elektrik stansiyası yenidən qurulacaq. Beləliklə, yalnız Kəlbəcər və Laçın rayonlarında dağıdılmış və bərpa ediləcək stansiyaların generasiya gücü 120 meqavat olacaqdır. Bu, çox böyük generasiya gücüdür".Prezident İlham Əliyev çıxışı zamanı onu da söyləyib ki, enerji sahəsinedə böyük enerji layihələri həyata keçirəcəyik və bununla da bu əraziləçri dayanıqlı enerji ilə təmin edəcəyik: "Bu generasiya gücü ilə biz bu əraziləri bərpa edəcəyik, dayanıqlı enerji ilə təmin edəcəyik. Əgər biz nəzərdə tutduğumuz digər layihələrə də nəzər salsaq görərik ki, bərpaolunan enerji növlərinin bu bölgədə çox böyük potensialı var. Onların arasında ən böyük potensiala “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyaları malik olacaqdır. Bu stansiyaların tikintisi ilə bağlı İran İslam Respublikası ilə razılığa gəlmişik. Yaxın gələcəkdə bu su elektrik stansiyaları tikiləcək və beləliklə, Azərbaycan tərəfinə bu stansiyaların fəaliyyətindən düşən generasiya gücü 120 meqavat olacaqdır. Yəni, biz bir neçə ildən sonra 120 meqavat "Xudafərin" və "Qız Qalası" stansiyalarından, 120 meqavat isə Kəlbəcər və Laçın rayonlarındakı su elektrik stansiyalarından alacağıq. Bu, 240 meqavat generasiya gücü deməkdir və bunun üstünlüyü odur ki, bu, su elektrik stansiyalarıdır və enerjinin maya dəyəri çox aşağıdır. Bununla paralel olaraq, artıq göstəriş vermişəm ki, bizim azad edilmiş bütün digər torpaqlarda bərpaolunan enerji növlərinin və yerlərin müəyyənləşdirilməsi prosesinə start verilsin. Belə bir göstəriş verildi və bu gün Zəngilan rayonunda birinci pilot "ağıllı kənd" layihəsi də məhz bərpaolunan enerji ilə təchiz ediləcəkdir".
Qarabağ bölgəsi "Yaşıl enerji" zonası kimi dünya üçün bir nümunə olacaq
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfərləri zamanı dövlət başçısı, xüsusilə bir məqama toxunaraq bildirib ki, erməni işğalından azad olunmuş ərazilərdə "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının reallaşdırılması nəzərdə tutulur. Qeyd edək ki, ilk "ağıllı kənd" layihəsi Zəngilan rayonunun Ağalı kəndində icra edilir. Kənddə layihənin icrası əsasən 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, "ağıllı kənd təsərrüfatı", alternativ enerji sahələridir.Prezidentin göstərişilə azad edilmiş bütün torpaqlarda bərpaolunan enerji növləri və yerləri müəyyənləşdirilir. Prezident İlham Əliyev çıxışlarında azad olunmuş ərazilərin "yaşıl enerji" zonasına çevriləcəyini dəfələrlə bildirib. Nədir "yaşıl enerji zonası?".
Bərpaolunan ya da yaşıl enerji – insan varlığı miqyasında tükənməz enerjidir. O təbiətdə hər an təbii olaraq mövcud olan proseslərin insanların ehtiyacları üçün istifadə olunması ilə əldə olunur. Bir neçə bərpaedilən enerji çeşidləri vardır:Külək enerjisi — küləyi meydana gətirən hava axınının sahib olduğu hərəkət (kinetik) enerjisidir. Külək enerjisi digər alternativ enerji mənbələri olan günəş, hidroenergetika, geotermal və biokütlə enerjisindən özünün maya dəyərinə, ekoloji təmizliyinə və tükənməzliyinə görə ən sərfəlisidir. Küləyin gücündən çox keçmiş illərdən bəri faydalanırlar. Taxıl üyüdmə, su nasosla vurma, ağac kəsmə işləri üçün də külək gücündən faydalanılmışdır. İndiki vaxtda daha çox elektrik çıxarmaq məqsədiylə istifadə edilməkdədir. Kəlbəcər və Laçın rayonlarında külək enerjisinin böyük potensialı var.Günəş enerjisi - Günəş işığından enerji əldə edilməsi texnologiyası. Yer səthinə düşən Günəş enerjisinin miqdarı bütün digər yanacaq ehtiyatlarından çoxdur. Ekspetlərin sözlərinə görə Günəş enerjisinin yalnız bir çatışmazlığı var – o da atmosferin vəziyyətindən, günün və ilin vaxtından asılılıqdır. Zəngilan, Cəbrayıl rayonlarında daha çox günəş enerjisinin böyük potensialı var. Məhz bu səbədən də «yaşıl enerji» zonası Qarabağın cənnətə çevrilməsində mühüm rol oynayacaq. Yalnız Kəlbəcər və Laçın rayonlarında bərpa ediləcək stansiyaların generasiya gücü 140 meqavat olacaqdır. "Xudafərin" və "Qız qalası" su elektrik stansiyalarından da əlavə 140 meqavat güc alınacaq. Dövlət başçısı səfəri zamanı bildirmişdir ki, azad edilmiş torpaqlar "yaşıl enerji" zonası olacaq: "Mən artıq xarici və yerli investorları dəvət etmişəm. Onu da bildirməliyəm ki, bütün əsas işləri dövlət olaraq biz özümüz görürük və görəcəyik. Xarici və yerli investorlar investisiya qoymaqla həm öz biznes maraqlarını təmin edə bilərlər və həm də Azərbaycanı uzunmüddətli, dayanıqlı, ucuz və ekoloji cəhətdən təmiz enerji növləri ilə təmin etmək üçün öz sözlərini deyə bilərlər. Bizim planlarımız bundan ibarətdir. Kəlbəcər və Laçın rayonlarında külək enerjisinin çox böyük potensialı var. Zəngilan, Cəbrayıl rayonlarında daha çox Günəş enerjisinin böyük potensialı var. Artıq ilkin tədqiqatlar aparılıb və beləliklə, biz enerji generasiya güclərimizi, ötürücü xətlərimizi yenidən quraraq Qarabağı "yaşıl enerji" zonasına çevirəcəyik".
Azərbaycanı Naxçıvanla birləşdirəcək ən böyük layihə - Horadiz-Ağbənd dəmir yolu
Prezident İlham Əliyev bu səfəri zamanı da işğaldan azad olunmuş də bu səfə Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoymaqla, yeni dəmir yolu infrastrukturunun yaradılması işini başlatmış oldu. Heç şübhəsiz, bu sektorda ən böyük layihə Azərbaycanı Naxçıvanla birləşdirəcək Mehri nəqliyyat-kommunikasiya infrastrukturu olacaq ki, hazırda bunun üçün hazırlıq işləri aparılır. Bunu strateji əhəmiyyət daşıyan layihə kimi dəyərləndirən dövlətimizin başçısı onun qardaş Türkiyə ilə Azərbaycan arasında xüsusi əhəmiyyətli kommunikasiya olacağını da bildirib. Tikintisinə start verilən Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun əhəmiyyətini vurğulayan Prezident deyib: "Bu gün Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun təməl daşı qoyuldu. Bu dəmir yolunun çox böyük strateji əhəmiyyəti var. İlk növbədə ona görə ki, bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Digər tərəfdən, bu dəmir yolu Naxçıvana gedəcək. Noyabrın 10-da imzalanmış Birgə Bəyanatda Naxçıvan dəhlizinin yaradılması ilə bağlı xüsusi müddəa var. Artıq bu işlərə start verildi. Bizim təşəbbüsümüzlə həyata keçirilən bu layihə, əminəm ki, icra ediləcək. Uzun fasilədən sonra Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası dəmir yolu ilə bir-birinə bağlanacaq və beləliklə, bizim həm strateji, həm iqtisadi, həm də siyasi məqsədlərimiz həyata keçiriləcək".Dövlətimizin başçısı qeyd edib ki, bu dəmir yolu infrastrukturu Türkiyəyə qədər uzanacaq və Azərbaycanı Türkiyə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi yaradılacaq: "Biz üç il yarım bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolunu istismara verdik. Bu da tarixi nailiyyət idi. Tarixdə ilk dəfə biz Azərbaycanı və Türkiyəni dəmir yolu ilə birləşdirdik. İndi isə ikinci dəmir yolu çəkiləcək və eyni zamanda, bu yoldan bütün bölgə ölkələri istifadə edə bilərlər. Bölgə ölkələri bu yolun tikintisinə də böyük maraqla yanaşırlar. Demək olar ki, bizim bölgəmizdə yerləşən ölkələr bu layihəyə öz müsbət qiymətini vermişlər".Bto sözlə, işğaldan azad olunmuş ərazilərin dövlətimizin başçısının birbaşa təşəbbüsü və tapşırıqları ilə bərpa edilməsi və yenidən qurulması ilə bağlı həyata keçirilən layihələr bu gün pandemiya şəraitində bütün dünya iqtisadiyyatında böyük problemlərin yarandığı bir dövrdə Azərbaycan Prezidentinin bu təşəbbüsü bir daha dövlətimizin gücünü və qüdrətini nümayiş etdirir.

sia.az

Digər xəbərlər