Siyasət

  • 4 007

Şəhid ailələrinə, müharibə əlillərinə diqqət və qayğı dövlətimizin ali məqsədidir

image

Ölkəmizdə ərazi bütövlüyümüz uğrunda öz canından keçmiş şəhid ailələrinə, həmçinin müharibə əlillərinə böyük diqqət və qayğı göstərilir. 25 fevral tarixində Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması bunun ən gözəl nümunələrindən biridir. Doqquzmərtəbəli 30 bina olmaqla ümumilikdə 1512 mənzildən ibarət kompleks bütün zəruri sosial infrastrukturla təchiz edilib. Ramanı qəsəbəsindəki şəhərcikdə olan binaların hamısı müasir səviyyədə, yüksək keyfiyyətlə tikilib. Uşaq bağçası, 1200 yerlik məktəb inşa edilib. Müharibədən cəmi üç ay yarım keçib, ancaq şəhid ailələri və müharibə əlilləri üçün artıq belə gözəl yaşayış kompleksi, şəhərcik inşa olunub, təqdim edilib.

Azərbaycan dövləti öz sosial siyasətinin strateji prioritetlərinə sadiqdir. Dövlət şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir. Bu günə qədər 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib. Bundan sonra da həm Birinci, həm İkinci Qarabağ müharibəsində şəhid olmuş övladların ailələrinə Bakıda, Sumqayıtda, Abşeron rayonunda bu ilin sonuna qədər mənzillər veriləcək. Əlavə olaraq, müharibə əlillərinə 7200-ə yaxın minik avtomaşını verilib. Dövlət başçısı tərəfindən cari ilin yanvarında imzalanan Sərəncamla təsdiq olunmuş proqramlara əsasən, 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil, habelə fərdi evlə təmin ediləcək.
Bu isə o deməkdir ki, Prezident İlham Əliyev sosial cəhətdən qayğıya ehtiyacı olanların mənzil-məişət şəraitinin və onların rifahının yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayır. Bir sözlə, müharibə veteranlarına və şəhid ailələrinə qayğı ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Dövlət başçımız bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirməkdə davam edir.
Eyni zamanda qazilərə tibbi yardım əsaslı təmirdən sonra açılmış Şağan qəsəbəsindəki reabilitasiya mərkəzində də göstəriləcəkdir. Orada minlərlə qazi hər il müalicə alacaq, reabilitasiyadan keçəcək, öz sağlamlığını bərpa edəcək. Müharibə dövründə əlini, qolunu itirmiş qazilərimiz üçün də ən müasir protezlər sifariş edilibdir. 300-dən çox qazimiz bu protezlərlə təmin ediləcək. Ayaqlarını itirmiş qazilərimizin artıq bir neçəsi bu protezlərlə təmin edilib və onlar normal həyata dönə biliblər.
Onu da xüsusi vurğulamaq gərəkdir ki, bu kateqoriyalardan olan şəxslərlə bağlı qanunvericilik son illərdə təkmilləşdirilib, bu çərçivədə yeni hüquqi-normativ aktlar qəbul edilib. Prezident İlham Əliyev tərəfindən imzalanan müvafiq Fərman və sərəncamlara əsasən, onlara ödənilən pensiya və müavinətlərin məbləği hər il artırılır. Dövlət əlil vətəndaşların reabilitasiya, pulsuz istirahət, texniki-bərpa ilə təminat proqramlarına cəlb olunmasını da həyata keçirib. Eyni zamanda, qanunvericilikdə bu təbəqədən olanlar üçün bir sıra güzəştlər, əlavə təminatlar əksini tapıb.
Bu kateqoriyalardan olan insanların məşğulluq problemləri də diqqət mərkəzindədir. Belə ki, hazırda icrasına başlanılmış genişmiqyaslı özünüməşğulluq proqramına onlar da cəlb edilməkdədirlər. Təbii ki, bütün bunlar dövlətin bu təbəqəyə olan qayğısının təzahürüdür. Halbuki dünyanın heç bir ölkəsində əlillərə, şəhid ailələrinə belə qayğı göstərilmir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinə olan bu qayğı bir daha sübut edir ki, onlar unudulmur, ailələrinə yüksək diqqət göstərilir. Bu həm də o deməkdir ki, dövlətimizin siyasətinin mərkəzində məhz Azərbaycan vətəndaşı, xüsusilə, sosial cəhətdən az müdafiə olunan vətəndaşlar, işğaldan əziyyət çəkmiş, əlil olmuş, yaxınlarını itirmiş insanlar dayanır.

Namiq Əhmədov
YAP Xəzər rayon təşkilatının sədri

yap.org.az

Digər xəbərlər