Şəhid ailələrinə və qazilərə qayğı dövlətin prioritet vəzifəsidir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qarşıya qoyduğu əsas vəzifələrdən biri də şəhid ailələrinə və qazilərə dövlət qayğısının göstərilməsidir. Məhz bunun bariz nümunəsi kimi biz bu gün şəhid ailələrinə və qazilərə göstərilən qayğı və ehtiramın dövlətin prioritet vəzifəsi olduğunun şahidi oluruq.

Qeyd edək ki, 2020-ci il sentyabrın 27-də başlanan və 44 günlük davam edən Vətən müharibəsi Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən 30 illik işğalına son qoydu. Müzəffər Ali Baş Komandanımız, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında müqəddəs torpaqlarımız mənfur düşməndən təmizləndi. 10 noyabr 2020-ci il Ermənistan kaputulyasiya aktına imza atmağa məcbur oldu.
Bu haqq savaşında şəhidlərimiz, yaralılarımız oldu. Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailə üzvlərinə və müharibə iştirakçılarına Prezident İlham Əliyevin tapşırığına əsasən qayğı və diqqət nəinki dövlət qurumlarının, həm də cəmiyyətin böyük bir hissəsinin mühüm bir vətəndaşlıq borcuna və vəzifəsinə çevrilib. Bu isə cəmiyyətdə birliyin və qarşılıqlı etimadın yeni təzahür forması kimi bütün təbəqələrdən olan insanlar tərəfindən xoş ovqatla qarşılanır, onların dövlətimizə və qalib Prezidentimizə inam hisslərini, məhəbbətini gündən-günə artırır.
Dövlət başçısı İlham Əliyev tərəfindən imzalanan Sərəncamlar, qəbul edilən Qərarlar bu vacib məsələyə son dərəcə ciddi münasibət göstərildiyini bir daha təsdiq edir. Xalqımızın, o cümlədən şəhid ailələrinin, müharibə əlillərinin sosial rifahının daha da yaxşılaşdırılması, onların ehtiyaclarının hərtərəfli və dolğun şəkildə ödənilməsi göstərilən qayğının daha da gücləndirilməsi dövlətimizin qarşısında duran piroritet vəzifədir.
Bakının Ramana qəsəbəsində ölkə başçımızın iştirakı ilə 1512 mənzildən ibarət kompleksin açılması şəhid ailələrinə və müharibə əlillərinə göstərilən qayğının bariz nümunəsidir. Kompleks bütün zəruri sosial infrasturuktirla təchiz edilib. 2021-2025-ci illərdə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 2000 dən çox şəhid ailəsi və müaharibə əlili mənzillərlə təmin olunacaqdır. İndiyə kimi 9200 yaxın şəhid ailəsi və müharibə əlilinə yeni mənzillər təqdim olunub. Möhtəşəm qələbəmizin qazanılmasında payı olan qazilərimiz 300-dən çox protezlə təmin olunacaqlar.
Prezident İlham Əliyev çıxışında şəhidlərimizin qanının yerdə qalmadığını, düşməndən intiqam alındığını, ərazi bütövlüyümüzün bərpa olunduğunu vurğulayaraq, şəhidlərimizin əziz xatirəsini qəlbimizdə əbədi yaşadacağımızı diqqətə çatdırıb: “Birinci Qarabağ müharibəsində 12 mindən çox şəhidimiz olmuşdur və 4 minə yaxın hərbçimiz itkin düşmüşdür, təqribən 16 min itkimiz olmuşdur və torpaqlarımız işğal altına düşmüşdür. İkinci Qarabağ müharibəsində şəhidlərimizin sayı müharibənin miqyasına görə həddindən artıq azdır. Əlbəttə, hər bir şəhidimizin xatirəsi bizim üçün əzizdir. Hər bir insanın həyatı qiymətsizdir. Ancaq nəzərə alsaq ki, genişmiqyaslı müharibə aparılıb və ilk günlərdən əks-hücum əməliyyatı, əslində, hücum əməliyyatına çevrilmişdir. Ermənilərin otuz il ərzində qurduqları istehkamları, 5-6 xətt müdafiə istehkamlarını və o bölgənin relyefini nəzərə alsaq, tam qətiyyətlə deyə bilərik ki, biz istədiyimizə az itkilərlə nail olduq. Hətta dünyanın aparıcı ölkələrinin hərbi ekspertləri təəccüb edirlər ki, biz torpaqlarımızı işğalçılardan belə az itkilərlə azad etdik. Nəyə görə? Çünki bütün əməliyyatlar planlaşdırılanda ən vacib amillərdən biri itkilərin az olması idi. Hər gün əməliyyat planını təsdiq edərkən o amil ön planda idi.
Müharibə itkisiz olmur. Bizim müharibəmiz azadlıq müharibəsi idi, ədalətli müharibə idi. Ermənistan işğalçılıq müharibəsi aparırdı. Haqq-ədalət bizim tərəfimizdədir. Ona görə bizim hərbçilərimiz şəhidlik zirvəsinə ucalaraq Vətən qarşısında öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirmişlər. Minlərlə hərbçimiz yüksək dövlət orden və medalları ilə təltif edilmişdir. Onların qəhrəmanlığı, şücaəti, fədakarlığı hər bir azərbaycanlı üçün örnək olmalıdır, gənc nəsil üçün örnək olmalıdır və olacaq”.
Dövlət siyasətinin mərkəzində insan amilinin dayandığını dəfələrlə vurğulayan Azərbaycan Prezidenti vətəndaşların yüksək rifahının təmin olunmasını ən vacib hədəflərdən biri kimi qeyd edib. Xatırladaq ki, 2003-cü ildə Prezident seçilərkən İlham Əliyev bildirmişdir ki, Azərbaycan xalqı xoşbəxt yaşmağa layiqdir və çalışacağam ki, xalqımız yaxşı yaşasın. Dövlət başçımız ötən müddət ərzində digər vədlər kimi bu vədinə də ən yüksək səviyyədə əməl edir. Xalqımız tam əmindir ki, müstəqil ölkəmiz digər prioritetlər kimi şəhid ailələrinin, müharibə əlillərinin ehtiyaclarının təmin olunması istiqamətində bundan sonra da uğurlu addımlar atacaqdır. Çünki müstəqil Azərbaycan dövlətinin başında İlham Əliyev kimi siyasətçi, ölkəmizin milli maraqlarını hər şeydən uca tutan böyük dövlət xadimi, mahir diplomat, Müzəffər Ali Baş Komandan və qüdrətli Sərkərdə dayanır.

Hicran Xəlilova
YAP Qaradağ rayon təşkilatının Qadınlar Şurasının sədri

yap.org.az