Malik Həsənov: Mətbuat konfransı Azərbaycanın Vətən müharibəsindən sonra beynəlxalq aləmdə artan rolunun təqdimatı oldu

“Dövlətimizin başçısı İlham Əliyev Xocalı soyqırımının 29-cu ildönümündə yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirərək işğalçı Ermənistanın 30 ilə yaxın dövrdə havadarlarına arxalanaraq işğalçılıq siyasətini davam etdirdiyini, sonda rəzil duruma düşdüyünü, Azərbaycanın 44 günlük Vətən müharibəsində hərbi-siyasi Qələbəsinin regionda və dünyada yeni reallıqlar yaratdığını, dövlətimizin uğurlu siyasəti nəticəsində regional əməkdaşlığa böyük töhfələr verdiyini əsaslı şəkildə beynəlxalq auditoriyaya çatdırmaqla yanaşı, işğalçı dövlətə və dünyaya mesajlarını da ünvanladı. Möhtərəm Prezidentimiz 4 saatdan artıq davam edən mətbuat konfransında dünyanın 35-dən çox media orqanının 50-yə yaxın sualını dəqiqliklə, məntiqlə, faktlar əsasında cavablandıraraq müqayisəli təhlil əsasında bu məqamı xüsusi qeyd etdi ki, əvvəllər mənzərə tam fərqli idi. Uzun illər lazım oldu ki, biz dünyanın fikrini dəyişdirə, həqiqətləri təqdim edək.” Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

M.Həsənov qeyd edib ki, Prezident İlham Əliyevin xarici media nümayəndələrinin suallarına, hətta spekulyativ xarakterli suallara belə təmkinlə, nəzakətlə, ətraflı, məntiqli və dəqiq cavablar verməsi, Azərbaycana qarşı dezinformasiya yaymaq istəyənləri yerindəcə tərkisilah etməsi belə bir həqiqətin nümayişidir ki, real faktlara, tarixi həqiqətlərə əsaslanan təbliğat hər zaman qalib, eyni zamanda, dövlətinin, xalqının bugününü və gələcəyini düşünən Liderin özünəinamı, güvəni böyük olur: “İstər ölkə, istərsə də dünya ictimaiyyəti cənab İlham Əliyevin 44 günlük İkinci Qarabağ müharibəsində 30-a yaxın xarici KİV-lərə müsahibələrini unutmayıb. Hər bir müsahibə Azərbaycanın informasiya müharibəsində qələbəsinin təminatı idi. Bu gün isə dövlətimizin başçısı qalib Azərbaycanın qalib Lideri kimi postmüharibə dövrünün reallıqlarından danışır.”
Millət vəkili bildirib ki, möhtərəm Prezidentimiz Ermənistana, eyni zamanda, bütün digər ölkələrə mesajlarını ünvanladı - Onlar yeni reallıqlarla barışmalı, hesablaşmalıdırlar. Ermənistan üçün ən məqbul seçim 10 noyabr Bəyanatının müddəalarını icra etməkdir. Əks-təqdirdə, onlar üçün daha da böyük problemlər yarana bilər.
“Mətbuat konfransı ölkəmizin beynəlxalq informasiya məkanındakı növbəti qələbəsidir” söyləyən M.Həsənov vurğulayıb ki, həqiqətlər dil açıb danışır, Ermənistanın bugünədək havadarları tərəfində gizlədilən əməllərinə işıq düşür: “44 günün yaratdığı reallıqlardan biri budur ki, əvvəlki illərdən fərqli olaraq Azərbaycan bu gün artıq haqlı olduğu halda haqsız duruma düşmür. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycana artan diqqət göz önündədir. Dövlətimizin başçısı İlham Əliyev dünya mətbuatının da ölkəmizə münasibətinin artıq dəyişdiyini vurğuladı. Reallıq budur ki, əvvəllər Azərbaycan həqiqətləri ilə bağlı susqunluq nümayiş etdirən xarici KİV-lər indi mövcud reallığı öz gözləri ilə görür və qiymət verirlər.”
Millət vəkili regional əməkdaşlıq, bölgədə sülhün, təhlükəsizliyin təminatı məsələləri ətrafında ünvanlanan suallara dövlətimizin baçşısının cavablarının əhatəli olduğunu qeyd edərək bildirib ki, hər zaman olduğu kimi, bu gün də Azərbaycanın iştirakı olmadan regionda hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkünsüz olmaqla yanaşı, dövlətimizin başçısının qətiyyəti sayəsində işğala son qoyulması Azərbaycanın bölgədə rolunu daha da artırıb.
Prezident İlham Əliyevin “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” fikirlərinin həyata keçirilən siyasətdə öz təsdiqini tapdığını bildirən M.Həsənov vurğulayıb ki, dövlətimizin başçısı soydaşlarımızın dogma yurd-yuvalarına qayıdışı ilə bağlı planlarını açıqlayarkən də “Bizim yarışacağımız əsas tərəf müqabili zamandır” söylədi: “Cənab İlham Əliyev media nümayəndələri ilə görüşünün də zamanının məhz indi olduğunu açıqlayaraq “Hər bir işin öz vaxtı var” vurğuladı. Məhz 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu 30 ilə yaxın dövrdə dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların 30 ildə edə bilmədiklərini etdi, BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edildi. Göründüyü kimi, zaman hər bir hadisənin düzgün istiqamətləndirilməsində və dəyərləndirilməsində zəngin mənbə, hakim rolunu oynayır. Dövlətimizin başçısı mətbuat konfransında bugünümüz və gələcəyimiz üçün bir çox mesajlarını verdi. Ölkə və dünya ictimaiyyəti Prezident İlham Əliyevin nə qədər uzaqgörən, müdrik bir siyasi xadim olduğunu bir daha görərək Azərbaycanın gələcəyinin daha möhtəşəm olacağını bildirirlər. Cənab İlham Əliyev mətbuat konfransında bu reallığı da dünyaya bəyan etdi ki, İkinci Qarabağ müharibəsinin əhəmiyyəti təkcə ərazilərimizin, ərazi bütövlüyümüzün bərpası ilə məhdudlaşmır. Bütün dünya erməni faşizminin əsl real sifətini gördü.”

yap.org.az