Hulusi Kılıç: Azərbaycan Prezidentinin mətbuat konfransındakı fikirləri regionun inkişafı naminə edilmiş çağırışlardır

Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 26-da yerli və xarici kütləvi informasiya vasitələri üçün keçirdiyi mətbuat konfransında ifadə etdiyi fikirlər 44 günlük Vətən müharibəsində qazanılan Qələbədən sonra regionda yaranmış vəziyyətin sülh, sabitlik və əməkdaşlıq müstəvisində inkişafı naminə edilmiş çağırışlardır.Bu fikirləri Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç ifadə edib.

O bildirib ki, mətbuat konfransında Prezident İlham Əliyevin jurnalistlərin 50-dən artıq sualını dörd dildə səlis və ətraflı tərzdə cavablandırması Azərbaycanın dövlət başçısının peşəkarlığından, əsl dövlət xadiminə xas xüsusiyyətlərindən xəbər verir.
Hulusi Kılıç deyib: “Hazırda Ermənistanın işğalçı siyasətinin uzun illər yaratdığı problemlərin ifşası, Azərbaycanın ədalətli mövqeyinin dünya ictimaiyyətinə çatdırılması baxımından beynəlxalq media qurumları ilə sıx əməkdaşlıq mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyev bu istiqamətdə savaş günləri yeni bir ənənənin təməlini qoyub. Müstəqilliyini bərpa edəndən sonra beynəlxalq media qurumları Azərbaycanla bağlı heç zaman indiki qədər geniş və əhatəli məlumat yaymayıblar”.
Səfir deyib ki, mətbuat konfransında iştirak edən xarici jurnalistlərin əksəriyyəti Xocalı soyqırımı, Qarabağ münaqişəsinin səbəbləri, işğaldan azad olunan ərazilərdə bərpa prosesi və hökumətin sərgilədiyi qətiyyətli mövqe barədə olduqca yeni informasiyalar əldə etdilər. Əminəm ki, vicdanlı, ayrı-ayrı siyasi qüvvələrin əlində alət olmayan media mənsubları bu mətbuat konfransından Qafqaz həqiqətlərinin dünya birliyinə düzgün çatdırılması istiqamətində böyük işlər görəcəklər. Prezident İlham Əliyev dünyaya mesaj verdi ki, bölgədəki sabitlik təkcə Azərbaycan üçün deyil, bütün xalqların və ölkələrin sülhə, sabitliyə və inkişafa ehtiyacı var.

yap.org.az