Azərbaycanda insana diqqət və qayğı ali məqsəddir TƏHLİL

Ölkəmizdə insan hüquq və azadlıqlarının təminatı istiqamətində əhəmiyyətli uğurlara imza atılıb

Demokratik cəmiyyət quruculuğu yolu ilə inkişaf edən Azərbaycan Respublikasında insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsinə böyük əhəmiyyət verilir. Birmənalı şəkildə qeyd etmək olar ki, insan hüquqlarının təmin olunması sahəsində düşünülmüş, məqsədyönlü dövlət siyasəti həyata keçirilir. Həyata keçirilən siyasətin başlıca istiqamətlərindən birini insan hüquq və azadlıqları sisteminin yaradılması, onların konstitusiyada təsbit edilməsi təşkil edir. Bu baxımdan da, bu gün Azərbaycan intellekt baxımdan dünyanın ən inkişaf etmiş, demokratik dövlətlərdən biri kimi tanınır və qəbul edilir. 1991-ci il oktyabr ayının 18-də Azərbaycan parlamenti tərəfindən qəbul edilmiş “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nda “İnsan Hüquqları haqqında Ümumi Bəyannamə”yə və hamılıqla qəbul edilmiş başqa beynəlxalq hüquq sənədlərinə qoşulduğunu bəyan etmiş, onlarda nəzərdə tutulan bütün hüquq və azadlıqlara vətəndaşların cinsindən, irqindən və milli mənsubiyyətindən, dini etiqadından, sosial mənşəyindən, siyasi əqidəsindən və başqa hallardan asılı olmayaraq əməl edilməsini, bu hüquq və azadlıqların maneəsiz həyata keçirilməsinin təmin olunmasını öz öhdəsinə götürmüşdür.
Yeni inkişaf mərhələsində
Tam qətiyyətlə qeyd etmək olar ki, Azərbaycanımızın inkişafının təməl daşı 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra qoyulub. Məhz Dahi Öndərimiz Heydər Əliyevin yenidən hakimiyyətə gəlişindən sonra bütün sahələrdə olduğu kimi insan hüquq və azadlıqlarının təmin olunması ən ümdə məsələlərdən olmuşdur. Aparılan düzgün, məqsədyönlü siyasət nəticəsində demokratik cəmiyyət quruculuğuna nail olunmaqla insan hüquqları ən yüksək səviyyədə təmin olunmuşdur. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır. Dahi Öndər Heydər Əliyev Konstitusiya layihəsinin hazırlanması zamanı demişdir: "Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir konstitusiya qəbul etməliyik ki, o müstəqil Azərbaycan Respublikasında demokratik prinsiplə, əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü - ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır".Konstitusiyada əksini tapmış bu strateji məqsəd, ilk növbədə, hüquqi islahatları və insan haqlarının qorunması prinsipinin real həyatda tətbiqini zəruri etmişdir. Konstitusiyanın III fəsli, bütövlükdə, yəni 48 maddə insan hüquq və azadlıqlarına həsr olunmuşdur. Əsas Qanunun 71-ci maddəsində insan və vətəndaş hüquqlarına və azadlıqlarına təminat verilir, bu hüquqları və azadlıqları qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının qarşısında mühüm vəzifə kimi qoyulur. İnsan şəxsiyyətinə və ləyaqətinə hörmət, dövlət hakimiyyət orqanlarının demokratik qaydada formalaşması vasitəsilə xalqın hakimiyyət funksiyasının həyata keçirilməsində iştirakı, insan hüquqlarının səmərəli müdafiəsi mexanizmlərinin mövcudluğu, ümumbəşəri dəyərlərə sadiqlik, milli qanunvericiliyin beynəlxalq hüquqa uyğunlaşdırılması və bu kimi digər məsələlər Əsas Qanunumuzun mahiyyətini təşkil edir. Milli və ümumbəşəriliyin vəhdətini özündə əks etdirən Azərbaycan Konstitusiyası dünyanın bütün demokratik ölkələrinin təcrübəsinə əsaslanmaqla yanaşı, həm də milli xüsusiyyətləri də nəzərə almışdır. Konstitusiyamızın üçdə birini təşkil edən "Əsas insan və vətəndaş hüqüqları və azadlıqları" fəslində əksini tapdı. Sonradan bu sahədə ardıcıl iş davam etdirilərək, Konstitusiyanın özü daha da təkmilləşdirildi.
Hüquqi dövlət quruculuğu işində mühüm uğurlar əldə edilib
Dahi Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyevin yürütdüyü iqtisadi, siyasi və hüquqi islahatların əsasında da, məhz insan və vətəndaş hüquq və azadlıqlarının təmini məsələsi dayanır. Dövlət başçısının 28 dekabr 2006-cı il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı” təsdiq edilmişdir. Bu sənəd insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universal və regional səviyyədə yeni əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin yaradılmasına xidmət etmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi möhtəşəm islahatlar nəticəsində demokratik vətəndaş cəmiyyəti, hüquqi və dünyəvi dövlət quruculuğu konstitusiyası, bazar münasibətlərinə əsaslanan güclü iqtisadiyyat, balanslaşdırılmış xarici siyasət və digər sahələrdə mütərəqqi uğurlar əldə olunmuşdur.Milli Məclisin komitə sədri Əli Hüseynli qeyd edir ki, "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlət idarəetməsinin cəmiyyət üzvlərinin maraqları çərçivəsində həyata keçirilməsinin təmin olunması istiqamətində prinsipial addımların atılması xüsusi nəzarətdə saxlayır.Azərbaycanda həyata keçirilən inzibati islahatların başlıca hədəfi idarəetmənin cəmiyyətin gözləntilərinə cavab verməsini təmin etməkdən ibarətdir". Ötən illər ərzində Azərbaycan Respublikası insan hüquqları sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı inkişaf etdirmiş, insan hüquqlarının müdafiəsi sahəsində 50-dən çox beynəlxalq sənədə tərəfdar çıxmış və bu sahədə beynəlxalq öhdəliklərin həyata keçirilməsində mühüm nailiyyətlər əldə etmişdir. Aydın siyasi iradənin, çağdaş hüquqi dövlət quruculuğu işində qısa müddətdə mühüm uğurlar əldə edilməsinin, cəmiyyət həyatının bütün sferalarını əhatə edən demokratik islahatların qətiyyətlə və ardıcıl həyata keçirilməsinin nəticəsi olaraq Azərbaycan BMT-nin yeni yaradılmış İnsan Hüquqları Şurasına üzv seçilmişdir. 2006-cı il mayın 9-da BMT Baş Assambleyasında keçirilən seçkilər nəticəsində Azərbaycanın bu quruma üzv seçilməsi ölkə¬mizin əldə etdiyi ən mühüm nailiyyətlərindən biridir. Azərbaycan-BMT əlaqələrinin inkişafı, möhkəmlənməsi və ölkəmizin bu təşkilatda böyük nüfuz qazanmasını göstərən ən əhəmiyyətli hadisə isə 2011-ci il oktyabrın 24-də Azərbaycan Respublikasının BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi və bu quruma rəhbərlik etməsi olmuşdur.Avropa Şurasına üzv qəbul olunduqdan sonra Azərbaycan "İnsan hüquqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına" qoşuldu. Bu zaman o öz üzərinə milli qanunvericiliyin beynəlxalq Avropa standartlarına uyğun təkmilləşdirilməsi öhdəliyini götürdü. Bu istiqamətdə atılan addımlardan ən mühümü Ombudsman təsisatının yaradılması idi. 2001-ci il dekabrın 28-də Milli Məclis tərəfindən "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunu qəbul olundu. Azərbaycan Prezidenti İlham Əliyevin 18 iyun 2007-ci il tarixli sərəncamı ilə hər il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Əlamətdar tarixlə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları uzrə müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə ənənəvi olaraq mayın 18-dən iyunun 18-dək respublikamızda İnsan hüquqları aylığı keçirilir. Aylığın məqsədi insan hüquqları sahəsində ötən dövrdə əldə edilmiş nailiyyətləri, habelə mövcud problemlərin həlli yollarını müəyyənləşdirməkdir.Azərbaycan Prezidenti İlham Əliyev ölkədə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq məqsədilə 2011-ci il dekabrın 27-də imzaladığı sərəncamla “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nı təsdiq etmişdir. İnsan hüquqları aylığı çərçivəsində “Milli Fəaliyyət Proqramı”nın müddəalarına əsaslanmaqla, ölkəmizin bütün regionlarında dövlət qurumları, QHT və KİV-lər, beynəlxalq təşkilatlar, icmalar tərəfindən insan hüquqlarının effektiv müdafiəsinə yeni mərhələ açan, əhalinin müxtəlif qruplarını əhatə etməklə insan hüquqlarını təbliğ edən mövzularda müxtəlif maarifləndirmə tədbirləri və müzakirələr təşkil olunur.Bir sözlə, həyata keçiriən siyasət Azərbaycanda bütün bu və digər sahələrdə olduğu kimi, insan hüquq və azadlıqlarının təmin olunması, demokratik proseslərin daha da sürtləndirilməsinə xidmət edir. Əminliklə demək olar ki, bundan sonra ölkəmiz bu istiqamətdə daha böyük uğurlara, nailiyyətlərə imza atacaq. Çünki Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu və ölkə Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi siyasət bunu cəmiyyətə diqtə etməkdədir.

sia.az