Siyasət

  • 2 980

Pakistanla olan münasibətlərimiz dövlətlər və xalqlar səviyyəsində yüksəkdir - ŞƏRH ÖZƏL

image

"Azərbaycanla Pakistan arasında bu günə qədər səmərəli şəkildə davam edən hərbi sahədə əməkdaşlıq daha da güclənir və genişləndirilir. Pakistan Azərbaycana nəinki 44 günlük Vətən müharibəsi çərçivəsində dəstək göstərmiş, bununla yanaşı Pakistan dünyanın o nadir dövlətlərindəndir ki, Azərbaycanın işğal olunmuş ərazilərindən qoşunların dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasının tərəfdarı kimi çıxış etməklə kifayətlənməyib, Ermənistanla diplomatik münasibətlər qurmayıb, Azərbaycan torpaqlarını işğal etdiyinə görə Ermənistanı rəsmi olaraq tanımayıb. Təkcə bu faktın özü bu ölkə, xalq haqqında təsəvvür yaratmağa imkan verməklə yanaşı, dünyanın iki ölkəsi arasında ola biləcək dostluğun və qardaşlığın ən dərin və aydın təzahür forması olduğunu sübut edir". Bunu SİA-ya açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.Ekspertin sözlərinə görə, zəfərimizin eyni coşqu və istəklə Pakistanda qeyd olunması da xüsusilə vurğulanmalıdır ki, onlar xalq olaraq da yanımızda oldular: "Məhz bu addımlara cavab olaraq da münasibətlərimizin bu dərəcədə yüksək səviyyədə olması sadəcə dövlətlər səviyyəsində kifayətlənməyib, həm də xalqlararası münasibətlərimizə sirayət edib. Belə ki, xalqımız Pakistan xalqı ilə bağlı öz hisslərini müharibə zamanı Pakistan bayraqlarını dalğalandırmaqla göstərdilər. Eyni dəstəyi Azərbaycan Kəşmir məsələsində BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təsisatlarda Pakistana göstərir".Ş.Həsənova vurğulayıb ki, regionda yaranmış yeni reallıqdan sonra Azərbaycan, Pakistan və Türkiyə ilə strateji əməkdaşlıq daha dərinləşdirilir və hər üç ölkənin dərin əməkdaşlığı regionda həm sülhün, əmin-amanlığın qorunmasına, həm də ölkələr arasında əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcək düşünülmüş, nəticəyə istiqamətlənmiş, dərin siyasi addımdır. Hər üç dövlətin regionda sülh və ədalətin tərəfdarı olması bütün bölgə xalqlarına rifah vəd edir. Pakistanla Azərbaycan arasında birgə hərbi təlimlər keçiriləcək və hərbi sahədə əməkdaşlığımız dünyada sülhün bərqərar olunması işinə töhfə verəcək. Bununla yanaşı, əməkdaşlıq sadəcə hərbi sahə ilə məhdudlaşmayıb, energetika və nəqliyyat sahəsində də inkişaf etdiriləcək. Belə ki, Pakistanın Azərbaycandan keçən mövcud və yeni yaranmaqda olan nəqliyyat marşrutlarına qoşulacağı da istisna olunmur.

sia.az

Digər xəbərlər