30 ilə yaxın yaşı olan Yeni Azərbaycan Partiyası hər toplantısı, konfransı və ya qurultayı ilə tarix yazır desək yanılmarıq. Necə ki, hakim partiyanın çətin ictimai-siyasi vəziyyətdə, ağır sosial durumda yaranması, təsis edilməsi bir tarix idi, eləcə də onun təsis edilməsindən keçən dövr ərzində həyata keçirdiyi siyasət, atdığı addımlar, əldə etdiyi nailiyyətlər, həmçinin günümüzdə ölkənin ictimai-siyasi həyatındakı rolu bir tarixdir və deyərdim ki, Azərbaycan tarixinin ən şanlı, şərəfli, eyni zamanda qürur duyulacaq səhifələrindəndir. Hansı ki, yaşadığımız günlərdə, Yeni Azərbaycan Partiyasının VII qurultayında buna şahidlik etdik.Yaxın tariximizə nəzər salsaq aydın şəkildə görərik ki, Yeni Azərbaycan Partiyası kifayət qədər ağır ictimai-siyasi dövrdə, “demokratlar”ın hakimiyyətdə olduğu qeyri-demokratik mühitdə yaranmışdı. Baxmayaraq ki, həmin illərdə demokratiya, azadlıq, müstəqillik və mətbuat azadlığı kimi gəlişi xoş sözlər işlədən AXC-Müsavat cütlüyü hakimiyyətdə idi, lakin onların hakimiyyəti dövründə yuxarıda sadaladığımız demokratik prinsiplərin heç birindən əsər-əlamət yox idi. Ölkədə alternativ siyasi təsisatların yaranmasına ciddi cəhdlə mane olan “demokratlar” siyasi meydanda özlərindən başqa qüvvəni görmək istəmirdilər. AXC-Müsavat cütlüyü həmin dövrdə Yeni Azərbaycan Partiyasının təsis olunmasına da hər vasitə ilə mane olmağa çalışırdı. Bu səbəbdən də Yeni Azərbaycan Partiyası 1992-ci ilin noyabr ayında ümummili lider Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasında təsis edilməli oldu.Qeyd etdiyimiz kimi Yeni Azərbaycan Partiyasının VII qurultayı bir çox mühüm, əlamətdar hadisələri ilə yadda qaldı. Hər zaman yeniliklərə, ilklərə imza atan YAP bu dəfə də ənənəsinə sadiq qaldı. Qısa da olsa nəzər yetirək.Yeni Azərbaycan Partiyasının mərkəzi strukturlarında gəncləşmə həyata keçirildi, partiyanın İdarə Heyətinin yenidən formalaşması zamanı gənclərin orada təmsil olunmasına daha çox üstünlük verildi. Beləliklə, Ümummilli lider Heydər Əliyevdən gələn və hazırda cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən gəncləşmə siyasəti həyatımızın bütün sferalarında özünü göstərməyə davam edir. İstər mərkəzi, istərsə də yerli icra hakimiyyətlərində gənc kadrların təmsil olunması, onların irəli çəkilməsi dövlət idarəetmə sistemində keyfiyyət dəyişikliklərinə gətirib çıxarır. YAP-ın mərkəzi strukturlarında gənclərin təmsil olunması da hakim partiyanın daha çevik və səmərəli fəaliyyətinə imkanlar yaradacaq.YAP-ın qurultayında baş verən ikinci mühüm hadisə bir neçə siyasi partiyanın hakim partiyaya birləşməsi oldu. Əslində bu ölkənin siyasi həyatında baş verən kifayət qədər ciddi bir hadisədir. Uzun illər hakimiyyət uğrunda mübarizə, insanların sosial-rifah halının yaxşılaşdırılması istiqamətində faəliyyət göstərən pariyaların YAP-a birləşməsi o anlam daşıyırdı ki, YAP bütün bu qeyd edilənləri reallaşdıra bilib və sözün əsl mənasında xalqın partiyasına çevrilib. Əgər belə olmasaydı və YAP xalqın partiyasına çevrilməsəydi təsis edilməsindən cəmi bir neçə il sonra hakimiyyət partiyasına çevrilməzdi. 1993-cü ildən bu günə qədər ölkədə keçirilən bütün seçkilərdə Azərbaycan vətəndaşlarının mütləq əksəriyyətinin məhz Yeni Azərbaycan Partiyasını dəstəkləməsi də bu arqumenti təsdiqləyir. Ona görə də artıq siyasi partiyalar və təşkilatlar özlərini buraxıb məhz xalqın partiyasında təmsil olunmasına üstünlük verirlər.Partiyaların YAP-a birləşmək qərarı verməsini şərtləndirən amillərdən biri də ölkədə siyasi dialoq mühitinin kifayət qədər inkişaf etməsi və bu prosesin artan dinamika üzrə hərəkətdə olmasıdır. Reallıq da ondan ibarətdir ki, son bir neçə ildə Azərbaycanda siyasi dialoq mühiti kifayət qədər inkişaf edib. Hakimiyyət, iqtidarla müxalifət arasında bütün anlaşılmazlıqlar demək olar ki, aradan qalxıb və uzun illər hakimiyyətə qarşı barışmaz mövqedə dayanan əksər siyasi qüvvələr günümüzdə ən ciddi, ölkə üçün prinsipial olan məsələləri bir masa ətrafında müzakirə edə bilirlər. Həmçinin siyasi müxalifət Azərbaycan dövləti üçün prinsipial olan mövzularda, ümummili məsələlərdə hakimiyyəti, iqtidarı müdafiə edir, ona dəstək verir. Necə ki, 44 günlük Vətən müharibəsi günlərində bunun əyani şahidinə çevrildik və siyasi partiyaların mütləq əksəriyyəti Azərbaycan dövləti, dövlət başçısının yanında yer aldılar. Təsadüfi deyil ki, Cənab Prezident İlham Əliyev də Yeni Azərbaycan Partiyasının VII qurultayında çıxışı zamanı bu məqama diqqət çəkərək ölkədə mövcud olan siyasi dialoq mühitini müsbət qiymətləndirib: “Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik. Bu prosesə müharibədən əvvəl start verildi və hesab edirəm ki, qısa müddət ərzində yaxşı nəticələr əldə olundu. Demək olar ki, bütün partiyalar arasında, - bir siyasi, özünü siyasi qurum adlandıran antimilli şuranı əgər biz istisna etsək, bütün siyasi qüvvələr dialoqa meyil göstərmişlər, bizim təşəbbüsümüzü alqışlamışlar və artıq bu dialoq baş tutub”.Təbii ki, ölkədə siyasi dialoq mühitinin mövcud olması, nəticə etibarilə ictimai-siyasi sabitliyin təmin edilməsi bilavasitə ölkənin inkişafına təsir edən amillərdəndir. Tam əminliklə deyə bilərik ki, son 17 il ərzidə Azərbaycanın sürətli və dinamik şəkildə inkişafının əsasında da məhz bu amil dayanır. İctimai-siyasi sabitlik fonunda baş verən inkişaf həyatımızın bütün sahələrində əksini tapıb. 44 günlük Vətən müharibəsində Azərbaycanın tarixi zəfər qazanması və torpaqlarını işğaldan azad etməsinin təməlində də məhz bu amil dayanır.
Samir Hüseynov
Pirallahı RİH başçısı Aparatının Hüquq şöbəsinin müdiri
sia.az