Dağıdıcı müxalifət liderləri getdikcə daha ağır fəlakətli vəziyyətlə üzləşməkdədir. Çünki bu üzdəniraq məxluqlar yanlış və xarici maraqlı dairələrin istək və arzularına uyğun siyasət aparırlar. Bununla da “Milli Şura”, AXCP, Müsavat kimi özəl maraqların daşıyıcısı rolunda çıxış edən qüvvələr Azərbaycan siyasi arenasının arzuolunmaz təşkilatlarına çevrilirlər. Bu kimi amillər səbəbindən, müxalifət düşərgəsində yer almış qüvvələrin birlik modellərinin həyata vəsiqə ala bilməməsi, yanlış siyasi taktika və strategiya əsasında baş verib. Azərbaycan müxalifətinin uğur qazanmamasının səbəbləri kimi, həmçinin, onun xalqın etimadına və dəstəyinə deyil, birbaşa olaraq, xarici siyasi-maddi dəstəyinə arxalanmasını da göstərmək olar.Dağıdıcı müxalifət hər dəfə seçki proseslərindən məğlub ayrılmasının və xalq tərəfindən dəstəklənməməsinin, həmçinin, xarici qüvvələrin "xeyir-duasının" olmasına baxmayaraq, uğur qazana bilməməsinin səbəblərini onların yanlış və səhv siyasət aparmaları ilə əlaqələndirmək olar. Bəzi hallarda partiya sədri xaricdəki havadarlarının dəstəyinə arxalanaraq, düşərgə daxilində meydan sulayıb, sonradan isə miskin durumla üzləşib. 2003-cü il 15 oktyabr prezident seçkiləri ərəfəsi Müsavatın keçmiş başqanı az qala müxalifətin “xaç atasına” çevrilmişdir. Ancaq rüsvayçı seçki məğlubiyyəti İ.Qəmbəri müxalifətin “bomj”u səviyyəsinə enməsinə gətirib çıxardı. Ancaq uğursuzluğunu ört-basdır etmək üçün İ.Qəmbər 16 oktyabr iğtişaşlarını törərətdi. Şəhərdə avtobusların hərəkətinə mane olan iğtişaşçılar, dükanların şüşələrini sındırb, insanlara xəsarətlər yetirdilər. Bununla da iğtişaşçılar şəhərdə ictimai siyasi sabitliyi pozmağa çalışdılar. Ancaq nəyəsə nail ola bilmədilər. Qısa müddətdə müxalif məxluqlar həbs edilərək, məhkəmənin qərarı ilə layiq olduqları cəzanı aldılar.
“Qanun pozğunluqları törədənlər barədə ciddi tədbirlər görülməlidir”
2003-cü il hadisələrindən 18 il keçməsinə baxmayaraq Müsavat, AXCP kimi pozucu partiyalar siyasi hədəflərini dəyişməyiblər. Yenə də qarşıdurma yaratmağa, iğtişaşlar törətməyə məqam axtarırlar. Xüsusilə də, 44 günlük Vətən müharibəsində əldə olunan qələbədən ciddi narahatlıq keçirən Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı və digərləri hər vəchlə xalqın qələbə əhvali-ruhiyyəsinə kölgə salmağa çalışırlar. Bunun üçün hər cür iyrənc vasitə və üsullardan istifadə etməkdən çəkinmirlər. ANAP-ın sədri Abutalıb Səmədov bizimlə söhbətində bildirdi ki, 44 günlük vətən müharibəsi dövründə susqunluq və hakimiyyətə dəstək vermək məcburiyyətində qalan dağıdıcı müxalifət təmsilçiləri 10 noyabr bəyanatı imzalanan andan anti-dövlət fəaliyyətlərini davam etdirdilər. A.Səmədov bildirdi ki, “Milli Şura” və AXCP liderləri Ermənistanın təslimçilk aktını imzalamasından sonra onun əleyhinə yeni təbliğat kampaniyasına start verdilər: “Reallıqla heç bir əlaqəsi olmayan fikirlər söyləyən, populist və ekstremist şüarlar səsləndirən “liderlər” bu davranışları ilə təmsil etdikləri qurumların marginal olduqlarını durmadan təsdiq edirlər. Çünki hakimiyyətə gəlmək ehtimalı olan ciddi qurum səsləndirdiyi fikirlərin, verdiyi vədlərin məsuliyyətini hiss edər və populizmdən uzaq durmağa çalışar. 1992-ci ildə bu cür “vədlərlə” hakimiyyətə gələn AXCP verdiyi bəyanatların, götürdüyü öhdəliklərin altında qalaraq əzildi və cəmi bir il hakimiyyətdə qala bildi. İndi həmin AXC-nin çox kiçik bir parçası olan qurumlar eyni yolu gedir və heç bir məsuliyyət hiss etmədən avantürist fikirlər, ekstremist şüarlar səsləndirməkdən çəkinmirlər. Güman edirəm ki, bu halda dövrəyə hüquq-mühafizə orqanları girməli və qanun pozğunluqları törədənlər barədə ciddi tədbirlər görülməlidir”.
Razi Nurullayev: ““Milli Şura”ya ən sərt qınama kampaniyası olmalıdır”
Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayev isə 44 günlük Vətən müharibəsində qazanılan parlaq qələbəyə kölgə salmağa çalışan “Milli Şura” və AXCP rəhbərliyini satqınlıqda və xəyanətdə günahlandırıb. O, Milli Məclisdə çıxışı zamanı bildirib ki, Azərbaycan xalqı ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında zəfər çalıb: “Buna kölgə salmaq istəyənlər şəhidlərimizin ruhunu incidirlər. Onlara qarşı ən sərt qınama kampaniyası olmalıdır. Bəziləri milli birliyi unudub, nifrət dolu çıxış edirlər. 44 gün səssiz qaldınız, sağ olun. İndi isə ağıllı söhbətlər edək. Nə qədər ürəkbulandırıcı danışmaq və qaragünlü olmaq olar? Əli Kərimli, Əli İnsanov və xaricdə olan blogerlərin bəzisi köhnə peşələrinə qayıdıblar. Əli İnsanovun müsahibəsi nifrət doludur. Köhnə ritorikanız sizə və xalqa nəsə qazandırmır. Qarabağ zəfərini aşağılamaq cəhdiniz qəbuledilməzdir. Əli Kərimli də Qarabağ zəfərini kiçildir, çünki içində vəzifə tutanlara nifrəti var. Deyir ki, zəif düşməni udmağa nə var idi ki? Vallah-billah, Allah haqqı ayıbdır və orada tökülən şəhid qanlarına sayğısızlıqdır. Bu xalq gözəl xalqdır, hər şeyindən keçdi ki, qələbə qazanaq. Bu xalq oğlundan keçdi ki, torpaq qayıtsın. Bu xalqın oğlanları əlini, ayağını itirdi ki, namusumuz təmizlənsin. Danışmaqla heç kimin qarnı doymur, nələrsə edin ki, xalq onu görsün və dəstəkləsin. Çıxış yolu yalnız nifrət dolu tənqiddirmi? Bütün günü fikirləşirsiniz ki, necə edək ki, Prezident İlham Əliyevi nüfuzdan salaq. Başqa işiniz gücünüz yoxdur? Daha bu kişi torpağı alıb da. Nə istəyirsiniz?”
Diqqətçəkən məqamlardan biri də, ondan ibarətdir ki, çirkab içərisində olan dağıdıcı müxalifət liderləri təsir dairələrində olan saytları, qəzetləri, bəzi hallarda sosial şəbəkə istifadəçilərini də güdaza verirlər. Yəni özlərinin qara işlərinin iştirakçısına çevirirlər. Düşünmək olar ki, müxalifət partiyaları və onların mirzəcikləri anormal mövqe tutmaqdan imtina edəcəklər. Lakin Ə.Kərimlinin təsiri altında olan saytların və trolların öz bəd əməllərini davam etdirməklə çox ciddi təpki altında olduqlarını nümayiş etdirirlər. Fikir versəniz görmək olar ki, xaricdə oturub, sosial şəbəkələrdə söyüş söyən, insanları təhqir edən şəxslərin böyük əksəriyyəti vaxtı ilə Azərbaycanda cinayət törədərək ölkədən qaçanlardır. Misal olaraq qondarma vəkil Qurban Məmmədovu, rəsmən dəli olduğu təsdiqlənən Vidadi İsgəndərlini, qondarma jurnalist təşkilatlarından hesab edilən “Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu”nun rəhbəri Emin Hüseynovu, Məhəmməd Mirzəlini, Orduxan Temirxanı və digərlərini göstərmək olar.Göründüyü kimi dağıdıcı müxalifət partiyaları və onların xaricdəki trolları cəmiyyətə yararlı siyasi qüvvə olmaq əvəzinə, tapşırıqlar və sifarişlər əsasında dövlətə qarşı çevrilmiş siyasi alət rolunu alıblar. Ancaq reallıq ondan ibarətdir ki, Azərbaycanda bu və ya digər qüvvələrin maddi-siyasi dəstəyilə dövlətin əsaslarının laxladılması dövrü artıq geridə qalıb. Bu səbəbdən də, dağıdıcı müxalifət və onlarla həmfikir olan trolların siyasi zibilliyə atılmaları qaçılmazdır.
sia.az