Ötən əsrin 80-ci illərinin ortalarından başlayaraq 15 müttəfiq respublikanı özündə birləşdirən SSRİ adlandırılan dövlət özünün tənəzzül dövrünü yaşayırdı. Sovetlər İttifaqını iqtisadi, siyasi, mənəvi böhran bürümüşdü. Artıq yuxarılar ölkəni köhnə qayda ilə idarə edə bilmir, ”aşağılar” köhnə qayda ilə yaşamaq istəmirdilər. Belə bir şəraitdə bir sıra respublikalarda, o cümlədən Azərbaycanda da milli azadlıq hərəkatları başladı. Azərbaycanda başlanan bu hərəkat ilk illər, sözün əsl mənasında, əsl xalq hərəkatı idi. Və bu hərəkatı daha da vüsətləndirən bədnam qonşularımızın azərbaycanlılara qarşı apardığı deportasiya siyasəti nəticəsində yurddaşlarımızın öz doğma dədə -baba torpaqlarından qovulması oldu. Təəssüf ki, sonralar azadlıq hərəkatının rəhbərliyinə soxulmuş bir qrup hakimiyyət hərisləri nəyin bahasına olursa-olsun hakimiyyətə gəlmək üçün ölkədə xaos, anarxiya yaradırdılar.Moskvanın vassallığından əl çəkə bilməyən o vaxtkı hakimiyyət isə ölkəni idarə edə bilmir, seyrçi mövqe tuturdular. Nəticədə cəllad M.Qorbaçovun əmri ilə 20 yanvar qırğını törədildi... Nəhayət,1991-ci ildə Azərbaycan öz müstəqilliyini elan etdi. Hadisələrin sonrakı gedişi göstərdi ki, o vaxtkı hakimiyyətin səbatsızlığı üzündən, müstəqillik elə kağız üzərində qaldı. AXC-Müsavat cütlüyü isə nəyin bahasına olursa-olsun, hətta torpaqlarımızı düşmənə sataraq hakimiyyətə gəlməyə can atırdılar... Ölkədə ancaq “kreslo” davası gedirdi. Və hakimiyyətə gəldilər də... zor gücünə, təzyiqlərlə. Küçədən gəldikləri kimi, küçə psixologiyası ilə də ölkəni “idarə edirdilər”. Nəticədə, ölkəni xaos, anarxiya, özbaşınalıq, aclıq, səfalət bürümüşdü. Yenicə müstəqillik qazanmış respublikamız “ölüm-qalım” dilemması qarşısında qalmışdı. Belə bir vəziyyətdə 1992-ci ilin oktyabrında xalqı düşdüyü bu ağır vəziyyətdən çıxarmaq üçün sonralar “91- lər “adlandırılan bir qrup qabaqcıl ziyalılar, vətənpərvər insanlar o vaxtlar Naxçıvanda yaşayan və fəaliyyət göstərən Ümummilli Liderimiz Heydər Əliyevə tarixi müraciət etdilər.Çox şükürlər olsun ki, Heydər Əliyev həmin müraciətə müsbət cavab verdi, beləliklə,1992-ci ilin noyabrında Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi və Heydər Əliyev yekdilliklə Yeni Azərbaycan Partiyasının Sədri seçildi. Ölkənin hər yerindən təsis konfransında nümayəndələr iştirak edirdi. Sual olunur? - nə üçün YAP-ın təsis konfransı Bakıda yox, o vaxtlar blokadada olan Naxçıvanda keçirildi? Bəli, o zaman hakimiyyətdə olan özlərini “demokrat” adlandıran, senzuranı bərpa edən, YAP fəallarını təqib edən, onlara qarşı zor tətbiq edən AXC-Müsavat hakimiyyəti qorxularından təsis konfransının Bakıda keçirilməsınə imkan vermədilər. Beləliklə, dünya şöhrətli dövlət xadimi,1969-cu ildə Azərbaycan Respublikasında hakimiyyətə gələndə o vaxtkı SSRİ-də ən geridə qalmış respublikanı ən qabaqcıl, 2 donor respublikadan birinə çevirən, həyata keçirdiyi uzaqgörən siyasəti ilə xalqın Xilaskarı olan Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə öz qarşısına xalqı düşdüyü ağır vəziyyətdən xilas etmək missiyasını qoyan yeni bir siyasi partiya - Yeni Azərbaycan Partiyası yarandı.Müxalifət partiyası kimi yaranan YAP çox qısa bir zamandan sonra hakimiyyətə gəldi. Özündən əvvəlkilərdən fərqli olaraq, zor, təziq yolu ilə deyil, sivil yolla, seçki yolu ilə. Xalqın Yeni Azərbaycan Partiyasına olan bu etimadı YAP-ın o vaxtkı Sədri Ümummilli Liderimiz Heydər Əliyevə olan böyük inamdan, sonsuz məhəbbətdən irəli gəlirdi! Ümummilli Liderimiz Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən daxili və xarici siyasət nəticəsində Pespublikamız AXC-Müsavat cütlüyünün hakimiyyəti nəticəsində düşdüyü ağır vəziyyətdən xilas oldu, Azərbaycanın müstəqilliyi qorundu, möhkəmləndirildi. İlk öncə ölkədə ictimai siyasi sabitlik yaradıldı. Dağıdılmış iqtisadiyyat bərpa edildi.Əsrin müqaviləsi imzalandı. Ölkəyə xarici investorlar cəlb edildi. Müstəqil dövlətin bütün atributları, əvvəlkilərdən fərqli olaraq, ayrı-ayrı şəxslərə deyil, dövlətə, xalqa xidmət edən güc strukturları yaradıldı. Müstəqil Pespublikanın Konstitusiyası qəbul edildi. 20 yanvar faciəsinə hüquqi qiymət verildi. Ölkədə hüquqi, dünyəvi dövlət quruldu. Müstəqil Respublikamızın müstəqilliyinin əbədi, dönməz, sarsılmaz olması üçün möhkəm təməl qoyuldu.1993-cü ildən başlayaraq Azərbaycan Xalqı haqlı olaraq bütün seçkilərdə Heydər Əliyev siyasətinə, Yeni Azərbaycan Partiyasına səs verir! YAP-ın siyasətini dəstəkləyir. Məhz Heydər Əliyev siyasəti, iqtidar partiyası olan YAP Azərbaycanı 90-cı illərin əvvəllərində düşdüyü ağır vəziyyətdən xilas etdi, respublikamızın müstəqilliyini qorudu, möhkəmləndirdi. 2003-cü ildə prezident seçkilərində xalqın mütləq əksəriyyətinin etimadını qazanaraq ölkə Prezidenti seçilən İlham Əliyevin Heydər Əliyev siyasətini uğurla davam etdirməsi, onu dövrün, zamanın tələbinə uyğun daha da zənginləşdirməsi nəticəsində Azərbaycan güclü, qüdrətli, zəngin, QALİB dövlət oldu, dünyada söz sahibinə çevrildi!
Füzuli Gülalıyev,
YAP Qobustan rayon təşkilatının sədri
sia.az