PDF Oxu

Siyasət

  • 3 786

12 Mart Daxili Qoşunlar Günüdür

12 Mart Daxili Qoşunlar Günüdür

12 Mart ölkəmizdə Daxili Qoşunlar Günü kimi qeyd olunur. Azərbaycan dövlət müstəqilliyini elan etdikdən sonra Azərbaycanda Daxili Qoşunların hərbi hissələrinin yaradılması zərurəti meydana çıxmışdı. Bir tərəfdən Ermənistan ordusunun Qarabağa və sərhəd bölgələrimizə təcavüzünün getdikcə geniş miqyas alması, digər tərəfdən ölkə daxilində Azərbaycanın müstəqilliyinə qənim kəsilmiş qüvvələrin fəallaşması səbəbindən 1992-ci il mart ayının 12-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissələrinin yaradılmasına başlandı. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə bu hərbi hissələr yüksək döyüş qabiliyyəti nümayiş etdirirdi. Birinci Qarabağ müharibəsində DİN-in Daxili Qoşunlarının şəxsi heyətindən 680 nəfər şəhid olmuş, 5 nəfər itkin düşmüş, 1177 nəfər yaralanmışdır. 9 nəfər Milli Qəhrəman adına layiq görülmüşdür (8-i ölümündən sonra). Sonrakı dövrlərdə Azərbaycanın müstəqilliyinə qarşı yönəlmiş qəsdlərin qarşısının alınmasında Daxili Qoşunların böyük rolu olmuşdur. Bütün bunları nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1995-ci il 9 mart tarixli Fərmanı ilə martın 12-si Daxili Qoşunlar Günü elan edilmişdir.Xatırladaq ki, Azərbaycan Respublikası Daxili Qoşunlarının əsası 1919-cu ildə Şərqdə ilk Demokratik Respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti tərəfindən qoyulmuşdur. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra daxili qoşun hissələri bir qayda olaraq SSRİ DİN-in tərkibinə verilmişdir. Sovet imperiyasının süqutundan sonra, 1991-ci ilin dekabr ayında SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bakı şəhərində yerləşən 5-ci diviziyası buraxılmış və ümumi sayı 2500 nəfər olan üç hərbi hissə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tabeçiliyinə verilmişdir. Vətən müharibəsində DİN-in Daxili Qoşunlarının şəxsi heyətindən 66 nəfər şəhid olmuş, 346 nəfər yaralanmışdır. 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüşdür (1-i ölümündən sonra). Həlak olan igid oğulların bir çoxunun qəhrəmanlıqları, şücaəti qiymətləndirilərək adları əbədiləşdirilmişdir.Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində Daxili Qoşunlar qarşıya qoyulan istənilən döyüş tapşırığını keyfiyyətlə yerinə yetirməyə qadirdir. Ölkədə sabitliyin təminatçılarından və dövlətçiliyin dayaqlarından birinə çevrilib. Cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin və hüquq qaydasının qorunmasında, silahlı cinayətkar dəstələrin zərərsizləşdirilməsində mühüm rola malikdir. Ölkəmizdə keçirilən I Avropa oyunları, IV İslam Həmrəyliyi Oyunları kimi beynəlxalq idman və digər mədəni-kütləvi tədbirlərdə, eləcə də təbii fəlakətlərin və texnogen qəzaların nəticələrinin aradan qaldırılmasında qoşunların şəxsi heyət üzərinə düşən xidməti vəzifələri layiqincə yerinə yetirir. Daxili Qoşunların maddi-texniki bazasının gücləndirilməsi istiqamətində əhatəli və planlı tədbirlər həyata keçirilmişdir. Bu, Cənab İlham Əliyevin Daxili Qoşunlara göstərdiyi xüsusi diqqət və qayğının nəticəsidir.Şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzində olan ən vacib məsələlərdəndir. Son illər ərzində qoşunların Bakı şəhərində, eləcə də regionlarda yerləşən hərbi hissələrində abadlıq-quruculuq işləri aparılmış, yeni hərbi şəhərciklər, əsgər kazarmaları tikilmiş, zabit və gizirlər üçün hərtərəfli şəraitə malik yaşayış kompleksləri istifadəyə verilmişdir. Hərbi hissələrdə döyüş təliminin və döyüş hazırlığının yüksək səviyyədə saxlanılması, hərbi qulluqçuların peşəkarlığının artırılması üçün müasir standartlara uyğun yeni avtomobillərlə, zirehli texnikalarla, helikopterlərlə, kiçik və iri çaplı atıcı silahlarla təmin olunmuşdur. Döyüş hazırlığının yüksəldilməsi və keçirilən təlimlərin effektivliyinin artırılması məqsədilə təlim şəhərcikləri tikilərək istifadəyə verilmişdir. Həyata keçirilən tədbirlər Daxili Qoşunların günü-gündən inkişaf etməsinin, qüdrətinin artmasının məntiqi sübutu, eyni zamanda, ölkə Prezidentinin qoşunlara verdiyi yüksək qiymət və qayğısının bariz nümunəsidir. Daxili Qoşunların inkişafı üçün dövlətimiz tərəfindən qəbul edilən qərarlar, göstərilən diqqət və qayğı onları daha böyük uğurlara ruhlandırır. Daxili Qoşunların bütün şəxsi heyəti respublikamızda asayişin, daxili təhlükəsizliyin, vətəndaşların və dövlətin qanuni mənafelərinin hüquqa zidd əməllərdən qorunmasında səy və bacarığını əsirgəməyir.

sia.az

Digər xəbərlər