“Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, yarandığı gündən xalqın partiyasına çevrilən, keçdiyi 29 ilə yaxın şərəfli yolda Azərbayacanın qazandığı uğurların bələdçisi kimi çıxış edən Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirildiyi zamana diqqət yetirsək, bir daha bu reallığı böyük inam və qürur hissi ilə qeyd edə bilərik ki, Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Qələbəsinin yaratdığı yeni reallıqlar bütün sahələrdə, o cümlədən siyasi sistemin təkmilləşdirilməsində yeni mərhələyə yol açıb”. Bu fikirləri SİA-ya açıqlamasında YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov bildirib.R.Şabanov qeyd edib ki, yarandığı vaxtdan qısa müddət ərzində ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyası Ümummilli Liderimiz Heydər Əliyevin ideyalarına əsaslanaraq çox böyük, zəngin və şərəfli yol keçib: “YAP ictimai-siyasi zərurətdən yaranan ümumxalq partiyasıdır. 1990-cı illərin əvvəlində ölkəmizdə hökm sürən xaos, anarxiya və hərc-mərclik Azərbaycanın öz müstəqilliyini itirmək təhlükəsi ilə üzləşməsinə səbəb olmuşdu. Hakimiyyətdə olan səriştəsiz qüvvələr ölkəni dərin siyasi böhrandan xilas etmək iqtidarında deyildi. Bunun fonunda ölkəmizin üzləşdiyi siyasi, iqtisadi böhran və tənəzzül meyilləri, həmçinin mənəvi-ideoloji kataklizmlər Yeni Azərbaycan Partiyasının yaranmasını zəruri etdi. 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu Öndər Heydər Əliyev partiyanın Sədri seçildi. Ümummilli Lider Heydər Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində təşkilatlandı, xalqın dəstəyi ilə 1993-cü ildə hakimiyyətə gəldi”.R.Şabanov qeyd edib ki, yarandığı gündən YAP-ın Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqram məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub və partiyamız bu 29 ildə öz məqsədlərinə uyğun fəaliyyət göstərib, çox mühüm nailiyyətlər əldə edilib: “Ümumiyyətlə, Yeni Azərbaycan Partiyası zəngin və şərəfli inkişaf yoluna malikdir. Səmərəli fəaliyyətin və yüksək siyasi nüfuzunun qanunauyğun nəticəsi kimi ümumxalq partiyasına çevrilən, Prezident, YAP-ın Sədri İlham Əliyev cənabları VII qurultayda geniş, dərin məzmunlu və proqram xarakterli çıxış edərək əldə edilən uğurları, aparılan hərtərəfli islahatları dəyərləndirdi və gələcək fəaliyyətlə bağlı istiqamətləri, konturları göstərdi. Azərbaycanın genişmiqyaslı islahatlar aparan ölkə olduğunu bildirən dövlət başçımız öncə son 3 il ərzində həyata keçirilən mütərəqqi işləri yüksək qiymətləndirərək partiyanın VII qurultayının keçirilməsi zərurətini yaranmış yeni reallıqların tələbi kimi dəyərləndirdi. Qeyd etdi ki, bu gün sıralarında 760 580 insanı birləşdirən YAP-ın fəaliyyəti, ideyaları, apardığı siyasət göz önündədir. Gələn il yaranmasının 30 illiyi tamam olacaq partiya ötən müddət ərzində uğurla inkişaf edib və bütün seçkilərdə - həm parlament, həm prezident seçkilərində böyük səs çoxluğu ilə qalib gəlib. Bu gün Azərbaycanda YAP-a rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil. Prezidentin də söylədiyi kimi, YAP sözün əsl mənasında ümumxalq partiyasına çevrilib. Cəmiyyətimizin bütün təbəqələri hakim partiyada birləşib. YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi təşkilatıdır”.R.Şabanov onu da söylədi ki, partiyanın böyük ənənələri var. VII qurultayda xeyli yeniliklər baş verdi: “Ona görə də deyə bilərik ki, Yeni Azərbaycan Partiyası yeniləşmiş formatda bundan sonra da daha fəal olacaq, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi “Gələcəyin partiyası olmaq» missiyasını əzmlə davam etdirəcək”.
sia.az